Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1173/2022 04.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X9 Şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X1rşı cavabdehdən iddiaçının xeyrinə göstərilmiş hüquqi xidmətlərə görə yaranmış 36.400 manat məbləğində borcun və çəkilmiş məhkəmə xərclərinin əvəzinin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X9 Şəxsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X9 Şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı cavabdehlərdən iddiaçının xeyrinə göstərilmiş hüquqi xidmətlərə görə yaranmış 36.400 manat məbləğində borcun və çəkilmiş məhkəmə xərclərinin əvəzinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə, iddianın, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X9 Şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı hissəsində iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Sifarişçi” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsi və hazırda onun müvafiq rayon (şəhər) şöbələrinin hüquqi varisləri qismində çıxış edən Regional Ərazi Filialları və Xidmət Nümayəndəlikləri ilə “İcraçı” İddiaçı arasında bağlanmış “Hüquqi xidmətlərin göstərilməsinə dair” müvafiq müqavilələrə (“Əsas Müqavilələr”) əsasən, “Sifarişçi”nin sifariş etdiyi, görülmüş işlərin təhvil-qəbulu və qarşılıqlı üzləşdirmə barədə aktlarda (25 ədəd akt) qeyd edilən işlər (cəmi 91 iş) “İcraçı” tərəfindən görülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X9 Şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı ilə İddiaçı arasında bağlanmış 27.08.2020-ci il tarixli müqaviləyə əsasən “Əsas Müqavilələr” üzrə göstərilən hüquqi xidmətlərə görə “X10”nun bu müqavilənin bağlandığı tarixədək yaranmış və bundan sonra yaranacaq borc öhdəliklərinin tam şəkildə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filiala ötürülməsi və onun tərəfindən ödənilməsi barədə razılığa gəlinmişdir. 02.06.2021-ci il tarixli 01 saylı məktubla görülmüş işlərin təhvil-qəbulu və qarşılıqlı üzləşdirmə barədə aktlar və müvafiq hesabfaktura göndərilərək, aktlarda qeyd edilən işlər üzrə “Əsas Müqavilələr”ə əsasən müəyyənləşdirilmiş xidmət haqqının (91 işə görə hər bir işin dəyəri 400 manat olmaqla cəmi 36400 manat) ödənilməsi xahiş olunsa da, indiyədək hər hansı rəsmi cavab verilmədən ödəniş təmin edilməmişdir. Təsvir olunan mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün iddiaçı tərəfindən cavabdehə 23.12.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, təklifə cavab verilmədiyinə görə 06.01.2022-ci il tarixdə mediasiya üçün Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin cavabdeh 18.01.2022-ci il tarixə təyin edilən ilkin məcburi mediasiya sessiyasında iştirak etmədikləri üçün mediator tərəfindən bu barədə həmin tarixdə müvafiq arayış verilmiş və 200 manat məbləğində mediasiya xərcini iddiaçı özü təkbaşına ödəmişdir. Bundan sonra iddiaçı yaranmış bu mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün 18.01.2022-ci il tarixdə cavabdehlərə pretenziya göndərərək, onu aldığı vaxtdan 3 gün ərzində göstərilmiş hüquqi xidmətlərə görə yaranmış cəmi 36.400 manat məbləğində borcun ödənilməsini təmin etməyi xahiş etmiş, amma hər hansı razılaşma və nəticə əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və pozulmuş hüququnun bərpasına nail olmaq üçün müvafiq xərclər çəkmək (dövlət rüsumu və mediasiya xərci ödəmək) məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən və iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işin hallarına əsasən Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı ilə "xxxx" MMC arasında 27 avqust 2020-ci il tarixli borc öhdəliyinin ötürülməsi və ödənilməsi barədə müqavilə imzalanaraq Fondun yerli qurumlarına “BHM" MMC tərəfindən göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi müqavilə tarixinədək və müqavilə tarixindən sonra Fondun yerli qurumları tərəfindən yaranmış bütün borc öhdəliklərinin ödənilməsi Mərkəzi Filial tərəfindən həyata keçirilməsi barədə razılığa gəlinmişdir. Müqavilə şərtlərinə əsasən borc öhdəliyi, aşağıda göstərilən sənədlərin tamlığı təmin edildikdə yerinə yetirilir: Qarşı tərəflə imzalanmış və təsdiqlənmiş müqavilə; Xidmətlərin yerinə yetirilməsini təsdiq edən e-qaimələr; Görülmüş işlərin təhvil-təslimi ilə əlaqədar hər iki tərəfdən təsdiq edilmiş akt. İddiaçı MMC tərəfindən 36.400 manat məbləğində hesab-faktura və görülmüş işlərin təhvil-təslim aktları ödəniş edilməsi məqsədilə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Həmin sənədlər araşdırılmış və aşağıdakılar müəyyən olunmuşdur: Təqdim olunmuş bütün aktlar üzrə hal-hazıradək heç bir elektron qaimə fondun yerli qurumuna təqdim edilməmişdir. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71.1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir. Bundan başqa təqdim edilmiş təhvil-təslim aktlarında kifayət qədər qüsurlar vardır. Belə ki, Aktlar işlərin təhvil verildiyi real vaxtda deyil, ondan uzun müddət keçdikdən sonra imzalanmışdır; Aktı Fondun “BHM'' MMC ilə müqavilə imzalamış yerli qurumu deyil, varisləri imzalamışdır; 10 iş üzrə təhvil-təslim aktını Fondun yerli qurumları deyil, həmin qurumların hüquqi varisi olmayan Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial imzalamışdır. Bütün qeyd edilən nöqsanları, eləcədə vergi qanunvericiliyinin kobud şəkildə pozulmasını (burada “BHM" MMC müxtəlif vergi öhdəliklərindən yayınmaq üçün qaimələri təqdim etməmiş ola bilər) nəzərə alaraq təqdim edilən hesab faktura üzrə iddia olunan məbləğin ödənilməsindən imtina edilmişdir. Bununla da aydın olur ki, iddia tələbi əsassızdır və iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X9 Şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı arasında bağlanmış 27.08.2020-ci il tarixli “Borc öhdəliyinin ötürülməsi və ödənilməsi barədə” müqavilədən görünür ki, “Əsas Müqavilələr” üzrə göstərilən hüquqi xidmətlərə görə bu müqavilənin bağlandığı tarixədək yaranmış və bundan sonra yaranacaq borc öhdəlikləri iddiaçının razılığı ilə tam şəkildə “X10”ndan Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ötürülməsi və onun tərəfindən ödənilməsi barədə razılığa gəlinmişdir. 25 ədəd Görülmüş işlərin təhvil-qəbul və qarşılıqlı üzləşdirmə barədə aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə, onun Regional Ərazi Filiallarına və Xidmət Nümayəndəliklərinə 36400 manat dəyərində işlər görülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin və onun Regional Ərazi Filialları və Xidmət Nümayəndəlikləri ilə iddiaçı arasında bağlanmış “Hüquqi xidmətlərin göstərilməsinə dair” müvafiq müqavilələrə əsasən iddiaçı tərəfindən 36400 manat dəyərində işlər görülmüşdür. Lakin cavabdeh tərəfindən işlərin dəyəri ödənilməmişdir. Tərəflər arasında “Hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilələr bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, hüquqi xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, “Hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilələrə və Görülmüş işlərin təhvil-qəbul və qarşılıqlı üzləşdirmə barədə aktlarına əsasən yaranmış 36400 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə dövlət rüsumu məbləğinin 199,2 manat olmasını, iddiaçının 200 manat məbləğində mediasiya xərcini ödədiyini və iddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, 199,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafiə X9 Şəxsindən İddiaçı xeyrinə göstərilmiş hüquqi xidmətlərə görə yaranmış 36.400 manat məbləğində borc və 199,2 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1173/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1173/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver