Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1173/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat əsas borcun, 2000(iki min) manat dəbbə pulunun və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq "xxxx" MMCninxeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Məhsulların güzəştli alğı-satqı” müqaviləsinin 1 saylı Əlavəsinə uyğun olaraq Satıcı ("xxxx" MMC) istehsal etdiyi 5000 kasset müxtəlif çeşidli sərinləşdiricispirtsiz içkiləri alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı Əlavəsinin 8.2.1-ci bəndinə əsasən Satışı ilk öncədən alıcıya 3000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.8-ci bəndinə əsasən Alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa 1 saylı Əlavədə göstərilmiş məbləğin, pulsuz verilmiş reklam vasitələrinin dəyərinin və pulsuz məhsulların müqavilə şərtlərinin pozulduğu günə mütənasib olaraq hesablanmış hissəsinin 2 mislini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC tərəfindən fiziki şəxs Cavabdeh xx.xx.2020-ci il tarixli Hesab-faktura və xx.xx.2020-ci il tarixli Ödəmə qəbzi əsasında ƏDV xaric ümumilikdə 3000 manat məbləğində pul verilmişdir. Cavabdeh öhdəliyini icra etməmiş və aldığı borc məbləğini də geri ödəməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(113)-1173/2025 saylı tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 3.000 (üç min) manat, cərimə borcu üzrə 2.000 (iki min) manat olmaqla, ümumilikdə 5.000 (beş min) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə verərək Bakı Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(113)-1173/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(113)-1173/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işin mahiyyəti üzrə baxılması təyin edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.
14. Müqaviləyə əsasən satıcı istehsal və satışını təşkil etdiyi etdiyi müxtəlif çeşidli sərinləşdirici –spirtsiz içkiləri və çayları alıcıya satmağı, alıcı isə qəbul etdiyi məhsulun əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
15. Müqaviləyə 1 nömrəli Əlavənin 8.1.2-ci bəndinə əsasən alıcı müqavilə müddəti ərzində satıcıdan satın aldığı 5.000 (beş min) kaset məhsulu satacağını, 8.2.1-ci bəndinə əsasən satıcı alıcıya məhsullardan satacağına görə ilk öncədən 3.000 manat ödəmə etməyi öhdəsinə götümüşdür.
16. Müqavilənin 6.8-ci bəndinə əsasən alıcı bu müqaviləni predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa 1 saylı Əlavədə göstərilmiş məbləğin, pulsuz verilmiş reklam vasitələrinin dəyərinin və pulsuz məhsulların müqavilə şərtlərinin pozulduğu günə mütənasib olaraq hesablanmış hissəsinin 2 mislini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2837210İddiaçı müqaviləyə Əlavənin 8.2.1-ci bəndinə əsasən X1 3.000 manat məbləğində ödəniş etmişdir.
18. Lakin bunun qarşılığında cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yəni satıcıdan aldığı 5.000 (beş min) ədəd kaset məhsulu satmamış və nəticədə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş və buna görə də, iddiaçıdan almış olduğu 3.000 manat pulu qaytarmaq öhdəliyi yaranmışdır.
19. Cavabdeh məhkəməyə vəsatət göndərərək, iddiaçı ilə razılaşmasının xx.xx.2021ci il tarixinə kimi olduğunu, həmin razılaşmanın xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi iddiaçının məhkəməyə müraciət etmək hüququnun olduğunu, iddiaçının isə həmin müddəti ötürdüyünü bildirərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsini xahiş edir.
20. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
21. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 10cü bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinə qədər qüvvədədir.
24. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
25. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddətinin axımının xx.xx.2023-cü ildən başlandığı nəzərə alındıqda, görünür ki, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir.
26. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 3.000 manat məbləğində əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 3.000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə 2.000 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
29. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 150 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
30. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
31. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
32. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 51,50 manat təşkil edir.
33. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 3.000 (üç min) manat, cərimə borcu üzrə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 3.150 (üç min yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov