Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1174/2022 28.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, qanunvericiliyin tələblərini pozaraq şirkətə 2105.25 manat miqdarında vurulmuş maddi ziyanı, işgüzar nüfuza xələl gətirilməsinə, şirkətin imicinin pozulmasına görə isə 1000 manat mənəvi ziyanı və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat xərci, cəmi isə 3165.25 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, qanunvericiliyin tələblərini pozaraq şirkətə 2105.25 manat miqdarında vurulmuş maddi ziyanı, işgüzar nüfuza xələl gətirilməsinə, şirkətin imicinin pozulmasına görə isə 1000 manat mənəvi ziyanı və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat xərci, cəmi isə 3165.25 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 iyun 2021-ci il tarixində özünü cavabdehin nümayəndəsi kimi təqdim etmiş Mahir adlı şəxs, şirkətin ödənişləri mütəmadi olaraq gecikdiyini və buna görə dərhal elektrik enerjisinin verilməsinin dayandırıldığını bildirmişdir. Halbuki, 17.05.2021-18.06.2021-ci il tarixləri üzrə istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün təqdim edilmiş 18.06.2021-ci il tarixli hesab ödəniş vərəqəsi üzrə iddiaçı tərəfindən 29.06.2021-ci il tarixində ödəniş həyata keçmişdir. Cavabdehin nümayəndəsinin qanunsuz, özbaşına əməli, ünvan 1 ünvanında faəliyyət göstərən kafenin 5 saat (12:15 – 17:15 aralığında) elektrik enerjisiz qalmasına, kassa aparatları işləməməsi nəticəsində satışın həyata keçirilə bilməməsinə, soyuducuların işləməməsi nəticəsində ərzaq mallarının xarab olmasına, satışın həyata keçirilməməsi nəticəsində əməkdaşların mükafatsız qalmasına gətirib çıxarmışdır. 5 saat ərzində lazımi şəraitdə saxlanıla bilməyən ərzaqlar xarab olmuş, satışa yararsız hala düşmüş və nəticədə şirkətə 505.25 manat həcmində maddi ziyan dəymişdir. Satışın rəsmiləşdirilə bilməməsi nəticəsində isə baş vermiş hadisədən bir gün sonra və bir gün öncəyə nəzər saldıqda təxminən 1600 manat əldən çıxmış fayda şəklində şirkətə zərər vurulduğunun da şahidi olur. 29 iyun 2021-ci ildə cavabdehə müraciət ünvanlayaraq, baş vermiş hadisəyə aydınlıq gətirilməsini və dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Məktubda qeyd olunanları inkar etməyərək əksinə qurumun nümayəndəsinin hərəkətini doğrulamağa çalışaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.10-cu bəndini əsas gətirib istehlakçının elektrik enerjisinin haqqını vaxtı-vaxtında ödəməli olduğunu bildirmişdir. Lakin təəssüf ki, vaxtında edilən ödənişlər və qanunvericiliyin tələbləri diqqətdən yayınmışdır. Daha sonra, qanunvericiliyin tələbini nəzərə alaraq, 04.09.2021-ci il tarixində cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlayaraq məsələnin məhkəmə orqanlarına çatmadan həll olunması üçün çalışmışlar. Lakin cavabdeh mübahisə üzrə 15.11.2021-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bir daha sözügedən Cəmiyyətin istehlakçılara qarşı laqeyd yanaşmasının şahidi oldmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci maddəsinə və Azərbaycan Respublikasının “Elektroenergetika” haqqında Qanunun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsini dayandıra bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, həmin vaxt iddiaçıya elektrik enerjisinin verilməsi dayandırılmışdır. İddiaçı tərəfindən tərtib olunmuş aktda hər hansı məhsulların xarab olması qeyd olunsa da, hər hansı məhsulun müəyyən saatda xarab olmasına dair sənəd qarşı tərəf təqdim etməmişdir. Hesab edir ki, orada elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı hər hansı ziyan olmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 17.05.2021-ci il tarixli ********* saylı Hesab ödəniş vərəqindən görünür ki, , cavabdeh tərəfindən iddiaçıya 17.04.2021-ci il tarixdən 17.05.2021-ci il tarixədək istifadə olunmuş elektrik enerjisinə görə 705,6 manat borc hesablanmışdır. 24.05.2021-ci il tarixli Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən 17.05.2021-ci il tarixədək istifadə olunmuş elektrik enerjisi haqqına görə 597,97 manat və 107,63 manat olmaqla cəmi 705,6 manat cavabdehin hesabına köçürülmüşdür. 18.06.2021-ci il tarixli ********* saylı Hesab ödəniş vərəqindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 17.05.2021-ci il tarixdən 18.06.2021-ci il tarixədək istifadə olunmuş elektrik enerjisinə görə 1062 manat borc hesablanmışdır. 29.06.2021-ci il tarixli Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən 17.06.2021-ci il tarixədək istifadə olunmuş elektrik enerjisi haqqına görə 900 manat və 162 manat olmaqla cəmi 1062 manat cavabdehin hesabına köçürülmüşdür. 16.07.2021-ci il tarixli ********* saylı Hesab ödəniş vərəqindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 18.06.2021-ci il tarixdən 16.07.2021-ci il tarixədək istifadə olunmuş elektrik enerjisinə görə 1368 manat borc hesablanmışdır. 26.07.2021-ci il tarixli Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən 16.07.2021-ci il tarixədək istifadə olunmuş elektrik enerjisi haqqına görə 2177,98 manat və 392,04 manat olmaqla cəmi 2570,02 manat cavabdehin hesabına köçürülmüşdür. 29.06.2021-ci il tarixli aktdan müəyyən olunur ki, 29.06.2021-ci il tarixdə saat 12:15- 17:15 aralığında X9-ə cavabdeh tərəfindən elektrik enerjisinin kəsilməsi nəticəsində 505,25 manat dəyərində mallar xarab olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir), istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya 17.05.2021-ci il tarixdən 18.06.2021-ci il tarixədək istifadə olunmuş elektrik enerjisinə görə 1062 manat borc hesablanmış və bununla bağlı iddiaçıya 18.06.2021-ci il tarixli ********* saylı Hesab ödəniş vərəqi verilmişdir. Cavabdeh tərəfindən göstərilən borc məbləğinə görə 29.06.2021-ci il tarixdə saat 12:15-17:15 radələrində iddiaçıya məxsus X9-ə elektrik enerjisinin verilməsi dayandırılmışdır. İddiaçı 29.06.2021-ci il tarixdə həmin borc məbləğini cavabdehin hesabına köçürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 29.06.2021-ci il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması işin mübahisəsiz halıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinin tələblərinə əsasən elektrik enerjisinin hesabı iddiaçıya cavabdeh tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə cavabdeh iddiaçıya elektrik enerjisinin verilməsini dayandıra bilərdi. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən elektrik enerjisinin hesabı iddiaçıya 18.06.2021-ci il tarixdə təqdim edilmiş, həmin tarixdən 11 gün sonra 29.06.2021-ci il tarixdə cavabdeh tərəfindən borcun ödənilməməsinə görə iddiaçıya elektrik enerjisinin verilməsi dayandırılmışdır. Göründüyü kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinin cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi zərərə məruz qalmışdır. Belə ki, həmin maddi zərər cavabdehin iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılmasından yaranan maddi zərərdir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlilləri ilə qismən razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, cavabdeh tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində 505,25 manat dəyərində malların xarab olmasının məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmişdir. Buna görə də məhkəmə hesab edir ki, xarab olmuş mallara görə iddiaçıya dəymiş 505,25 manat maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi 29.06.2021-ci il tarixdə saat 12:15-17:15 aralığında X9-ə cavabdeh tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində 505,25 manat dəyərində mallar xarab olmuşdur. Eyni zamanda, elektrik enerjisinin verilməsinin yay fəslində dayandırıldığını nəzərə alan məhkəmə xarab olmuş malların siyahısında göstərilən malların (süd, qaymaq və s.) qısa müddətdə xarab olmasını ağılabatan hesab edir. Məhkəmə iddia tələbinin 1600 manat məbləğində əldən çıxmış fayda və 1000 manat məbləğində mənəvi ziyan hissələrinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsaslara görə cavabdehdən pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda mənəvi ziyanın nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 505,25 manat miqdarında vurulmuş maddi ziyan və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 51,65 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olaraq 9,21 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 505,25 manat miqdarında vurulmuş maddi ziyan və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat xərc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 51,65 manat məbləğində dövlət rüsumunun 9,21 manat məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1174/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1174/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver