Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1175/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMM-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMM-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMM (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N/2023-14 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış 4743,64 manat borc məbləğinin, borcun gecikdirilməsi üçün 207,53 manat məbləği olmaqla ümumilikdə 4951,17 manat pulun, həmçinin 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, N/2023-14 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi ilə İddiaçı MMM kərpicləri Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Cavabdeh MMC isə bunun qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirərək kərpicləri cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh 2024-cü ilin mart ayından bəri müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırır və ümumilikdə müqavilə üzrə 4743,64 (dörd min yeddi yüz qırx üç manat, altmış dörd qəpik) manat borc hələ də ödənilməmişdir. Bu məqsədlə Cavabdeh MMC ilə əlaqə saxladıqda iddiaçıya pul gözlədiklərini, növbəti həftə ödəniş edəcəklərini bildirsələr də bu günədək hələ də borc ödənilməmiş qalmışdır. Hətta tərəflər arasında Cavabdeh MMC-nin İddiaçı MMM-ə 4743,64 (dörd min yeddi yüz qırx üç manat, altmış dörd qəpik) manat məbləğində borcu olduğunu təsdiq edən xx.xx.2024-cü il tarixli, 01/2024 nömrəli mal və materialların üzləşmə aktı bağlanmışdır. Bu hallar cavabdeh tərəfindən müqavilə üzrə yaranmış borcun ödənilmədiyi faktını təsdiq edir. Nəzərinizə çatdırırıq ki, iddiaçı tərəfindən rəsmi qaydada xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmış və həmin pretenziya məktubunda 4743,64 (dörd min yeddi yüz qırx üç manat, altmış dörd qəpik) manat borc məbləğinin xx.xx.2024-cü il tarixinədək ödənilməli olduğu, əgər ödənilməzsə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Xəlilov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N/2023-14 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı müqavilədə razılaşdırılmış şərtlərlə kərpici alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib bunun qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə görə müqavilə predmetinin qiyməti tərəflər arasında tərtib olunacaq qiymət razılaşma protokoluna əsasən müəyyənləşdiriləcək.
9. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli mal və materialların üzləşmə aktına görə xx.xx.2023-cü il tarixli, N/2023-14 nömrəli müqavilə üzrə qalıq borc 4743,64 manat təşkil edir. Akt tərəflərin möhürləri, nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir.
10. İş materiallarında olan ödəniş qəbzlərinə görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 2280,42 manat, xx.xx.2024cü il tarixdə 1053,56 manat, xx.xx.2024-cü il tarixdə 5885 manat, xx.xx.2024-cü il tarixdə 2968,3 manat ödəniş olunmuşdur.
11. İş materiallarında olan ödəniş qəbzlərinə görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 410,48 manat, 1460,62 manat, 540 manat, 189,64 manat ƏDV ödənilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDX 466504 nömrəli 10394,06 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 148617 nömrəli 2690,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 269967 nömrəli 1243,20 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 076242 nömrəli 3502,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEA 915804 nömrəli 1698,40 manat məbləğində (ümumilikdə 19529,16 manat) elektron qaimələr təqdim olunmuşdur.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdehə ümumi dəyəri 19529,16 manat məbləğində mal təhvil verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, təhvil verilmiş malların müqablində qalıq 4743,64 manat borc ödənilməmişdir.
25. Tərəflər xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə sözügedən borc məbləğinin mövcud olduğunu təsdiq etmişlər.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir.
27. Həmçinin iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 207,53 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
29. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
30. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
31. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
32. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
33. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4743,64 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4743,64 manat əsas borc, 60 manat dövlət rüsumu, ümumilikdə 4803,64 (dörd min səkkiz yüz üç manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMM-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMM-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova