Məhkəmə qərarları › İş №e-2-2(113)-1176/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1176/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1176/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən sudan istifadəyə görə yaranmış 274.959,81 manat borcun 130808 saylı abonent koduna, 11.316,14 manat borcun 132066 saylı abonent koduna, ödənilmiş 400 manat mediasiya xərcinin və 176,28 dövlət rüsumunun ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” Yaşayış kompleksinə bağlanmış müqaviləyə əsasən su təchizatı və tullantısularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri 07 aprel 2021-ci il tarixdə quraşdırılmış S TV-100 markalı su sayğacının göstəricilərinə uyğun olaraq hesablanır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 30.12.2021-ci il tarixli 03/01-2/2/21141 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Hal-hazırda cavabdehin 01.01.2022-ci il tarixində Cəmiyyətə 130808 saylı abonent kodu üzrə 274959,81 manat, 132066 saylı abonent kodu üzrə 11316,14 manat, cəmi 286275,95 manat borcu yaranmışdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ödənilmədiyi üçün borcu artaraq 01.04.2022-ci il tarixinə 130808 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203,95 manat olduğundan, Cavabdeh MMC-dən su və kanalizasiya xidmətlərinə görə yaranmış 359.203,95 manat borcun iddiaçının xeyrinə tutulmasına, ödənilmiş 400 manat mediasiya xərcinin və 176,28 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddia tələbini qismən etiraf etdiyini, 31.12.2018-ci il tarixdə müqavilənin müddətinin bitdiyini, abonent kodunun preambula hissəsində təyinatı “yaşayış tikinti sahəsi üçün” kimi qeyd edildiyini, iddiaçı tərəfindən quraşdırılmış sayğacın onların yerləşdikləri ərazidən 3 km uzaqda yerləşdiyini, sayğacı heç yoxlaya bilmədiklərini, sayğacın qanunsuz quraşdırıldığını, istifadə etdikləri suyun pulunu ödədiklərini, 1777 kub metr su istifadə edildiyini, iddia edilən həcmdə sərfiyyat olmasının qeyri-mümkün olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə Cavabdeh MMC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 06.02.2012-ci il tarixli, 130808 saylı müqavilədən görünür ki, həmin müqavilə müəssisənin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin: 3.1-ci bəndinə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli 01 nömrəli qərarına uyğun olaraq abonent tərəfindən digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və abonentdən qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,30 manat müqabilində müəyyən edilir. 6.1-ci bəndinə görə müqavilə 14 yanvar 2012-ci ildə qüvvəyə minir. 6.2-ci bəndinə görə müqavilə 31 dekabr 2015-ci ilədək qüvvədədir. 6.3-cü bəndinə görə müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti növbəti 3 il üçün uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Təqdim edilən sonuncu abonent haqqında məlumata əsasən müəyyən edilir ki, abonent Cavabdeh MMC-nin adında iki ədəd (130808 saylı abonent kodu üzrə və 132066 saylı abonent kodu üzrə) su sayğacları qeydiyyata alınmışdır. 2022-ci ilin mart ayının sonuna su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (130808 saylı abonent kodu üzrə) abonentə 377.588,60 manat məbləğində və 2022-ci ilin mart ayının sonuna su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (132066 saylı abonent kodu üzrə) abonentə 51.914,92 manat məbləğində borc hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin (hakim F.Qasımov) 2-2(113)-28/2021 nömrəli, 20.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı 1937867/130808 və 19434603/132066 saylı, 24.11.2016-cı il tarixli müqavilələrə əsasən müvafiq olaraq 40.062,79 manat və 30.236,78 manat cəmi 70.299,57 manat məbləğində borcun tutulması barədə iddiası qismən təmin edilmiş, 7030 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddanın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 90/2022 nömrəli, 09.03.2022-ci il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin (hakim F.Qasımov) 2-2(113)-28/2021 nömrəli, 20.04.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-853/2021 nömrəli, 13.09.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-853/2021 nömrəli, 13.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq, borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin ödənilməsini tələb etdiyi 01.04.2022-ci il tarixinə 13088 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203,95 manat borc məbləği Cavabdeh MMC-nin istifadə etdiyi su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cu il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: - 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin: - 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. - 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun tutulması ilə bağlı əvvəllər də məhkəmə mübahisədi mövcud olmuşdur. Belə ki, İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 1937867/130808 və 19434603/132066 saylı, 24.11.2016-cı il tarixli müqavilələrə əsasən müvafiq olaraq 40.062,79 manat (130808 saylı abonent kodu üzrə) və 30.236,78 manat (132066 saylı abonent kodu üzrə), cəmi 70.299,57 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim F.Qasımov) 2- 2(113)-28/2021 nömrəli, 20.04.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7030 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddanın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC tərəfindən hazırkı iddia qaldırılarkən (iddia ərizəsinə əlavə verilərkən) Cavabdeh MMC-nin 130808 saylı abonent kodu üzrə 40.062,79 manat məbləğində borcunun və 132066 saylı abonent kodu üzrə 30.236,78 manat məbləğində borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmış və abonent Cavabdeh MMC-nin 130808 saylı abonent kodu üzrə 2022-ci ilin mart ayının sonuna olan 377.588,60 manat məbləğində borcundan 40.062,79 manat borc məbləği çıxılmaqla 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə isə mart ayının sonuna olan 51.914,92 manat borc məbləğindən 30.236,78 manat məbləğində borcu çıxılmaqla 21.678,14 manat (51.914,92- 30.236,78) məbləğində borcun tutulması tələb edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarından və istinad edilən qanunvericilik normalarından da göründüyü kimi İddiaçı ASC Cavabdeh MMC-dən istifadə etdiyi su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia ərizəsi təmin edilməli, Cavabdeh MMC-dən 01.04.2022ci il tarixinə 130808 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203,95 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaya etiraz olaraq gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, əvvəla cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış müqaviləyə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirsə də, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 06.02.2012-ci il tarixli müqavilədə həmin müqavilənin 31.12.2015-ci il tarixədək qüvvədə olması barədə şərt yer alsa da, həmçinin müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərilmədiyi halda müqavilənin müddətinin uzaldılması barədə şərt də nəzərdə tutulmuşdur. Müqavilə tərəflərindən hər hansı birinin müqavilənin ləğv edilməsinə yazılı təşəbbüs göstərilməsini təsdiq edən sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatlarda müqaviləyə xitam verilməsini iddia etdiyi vaxtdan halhazıra kimi MMC-nin İddiaçı ASC-nin göstərdiyi su və tullantı sularının axıdılması xidmətindən istifadə etməkdə davam etməsini, eyni zamanda həmin müddət ərzində istifadə etdiyi suyunun dəyərinin bir hissəsini ödəməsini təsdiq etmişdir. Göstərilən hal isə öz növbəsində tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair müqavilədən irəli gələn davam edən öhdəlik hüquq münasibətlərin mövcud olmasına və müqaviləyə xitam verilməsi barədə cavabdehin dəlillərinin əsassız olmasına dəlalət edir. Cavabdehin istinad etdiyi – iddiaçı tərəfindən quraşdırılmış su sayğacının sərfiyyatı düzgün qeydiyyata almaması barədə - dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin dəlilin əsaslılığını təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,28 manat, eləcə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 400 manat, cəmi 576,28 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən su və tullantı sularının axıldılması xidmətlərinə görə 359.203,95 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 176,28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar