Məhkəmə qərarları › İş №e-2-2(113)-1176/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1176/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1176/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının qanuni təmsilçisi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 04 may 2022-ci il tarixli 03/2022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (hesab-faktura, e-qaimə, qiymət razılaşma protokolları və s.) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik avtomobil təkərlərini, diskləri, akkumulyator və avtomobil yağlarını (bundan sonra - Mallar) yararlı halda alıcının mülkiyyətinə təmin etməyi, alıcı isə həmin Malları təhvil alıb dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən (hesab-faktura, e-qaimə, qiymət razılaşma protokolları və s.) müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. - 3.1.2-ci bəndinə əsasən malların razılaşdırılmış dəyərini ödəmək alıcının öhdəliyidir. - 3.2.3-cü bəndinə əsasən malların dəyərinin vaxtında ödənilməsini tələb etmək satıcının öhdəliyidir. - 4.2-ci bəndinə əsasən bu Müqavilə əsasında hər bir sifariş üzrə ödənişlər, mallar alıcıya tam təhvil verildikdən sonra tərəflər arasında təsdiqlənən müvafiq təhvil-təslim aktı və satıcı tərəfindən ödəniş sənədləri (hesab-faktura, e-qaimə və s.) təqdim olunduğu gündən başlayaraq 10 (on) iş günündən gec olmamaqla həftənin çərşənbə günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. - 7.2-ci bəndinə əsasən tərəflərin hər hansı biri tərəfindən müqavilə üzrə öhdəliklərin müəyyən olunmuş müddətlərdə və razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirilməməsinə görə zərərçəkmiş tərəf, müvafiq pozuntunu törətmiş digər tərəfdən hər gecikmə günü və ya pozuntunun davam etdiyi hər gün üçün X2 Protokolunda nəzərdə tutulan ümumi məbləğin 0.1 %-i həcmində dəbbə pulu ödənilməsini, lakin 10 %-dən çox olmamaq şərti ilə tələb edə bilər. - 8.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı və möhürü olan tərəfin möhürlədiyi andan qüvvəyə minir və 12 (on iki) ay müddətinə qüvvədə qalır. Müqavilə müddətinin başa çatmasına 30 (otuz) gün qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə yazılı rəsmi bildiriş göndərmədiyi halda, müqavilənin müddəti eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

2. iyun 2022-avqust 2022-ci il tarixləri əhatə edən dövrdə malların təhvil verilməsi aktlarına əsasən İddiaçı MMC tərəfindən müxtəlif dəyərdə mallar (Goodride, Westlake və s.) təhvil verilmişdir. Akt təhvil verənin və təhvil alanın imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən müxtəlif dəyərdə malların (Goodride, Westlake və s.) yola salınmasına dair iyun 2022-noyabr 2022-ci illəri əhatə edən elektron qaimələr Cavabdeh MMC-yə göndərilmişdir.

4. İddiaçı MMC ilə Cavabdeh MMC-nin (Təkərstore Layihə rəhbəri Ümidli Ramil arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı tərtib edilmiş və aktda Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə qalan yekun borc məbləğinin 19.704,99 manat (16.699 manat əsas+3.005,85 manat ƏDV) olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq 5 gün ərzində borcun ödənilməsi xahiş edilmişdir.

6. 24.01.2024-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə İddiaçı MMC tərəfindən 500 manat məbləğində pul vəsaiti “Union” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.

7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (İddiaçı MMC-yə aid) hesabdan çıxarışa əsasən İddiaçı MMC tərəfindən müxtəlif dəyərdə malların (Goodride, Westlake və s.) yola salınmasına dair iyun 2022-noyabr 2022-ci illəri əhatə edən (EBBY seriyalı 242343, 341987, 587150, 682344, 715330, 878501, 954355 nömrəli, EBBZ seriyalı 329718, 731355, 971364 nömrəli, EBCA seriyalı 126757, 266706, 365173 nömrəli) elektron qaimələr üzrə Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci ildə 2.935,6 manat və xx.xx.2022-ci ildə 3.088,8 manat məbləğində ödəniş edilmişdir.

8. Köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə xx.xx.2022-ci ildə 528,41 manat və xx.xx.2022-ci ildə 555,98 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 03/2022 №-li “Alqı-satqı” müqaviləsi üzrə ödənilməmiş 19705 manat borc məbləğinin və ona hesablanmış 1900 manat dəbbə pulunun, həmçinin 210 manat mediasiya və 500 manat hüquqi xidmət haqqı xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı) İddiaçı MMC (VÖEN1:8********) ilə Cavabdeh MMC (VÖEN:**********) (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03/2022 №-li malların alqı-satqı müqaviləsinə müvafiq olaraq satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (hesab-faktura, e-qaimə) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəriclərə malik avtomobil təkərlərini, disklərini, akummlyator və avtomobil yağlarını alıcının sifarişləri əsasında alıcının mülkiyyətinə təmin etməyi, alıcı isə malları qəbul edərək dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malların dəyərini malların təhvil verildiyi tarixdən 10 (on) iş günü ərzində nağdsız qaydada ödəməyi öhdəsinə götürmüşdür. Bildirirlər ki, qeyd olunan müqavilə üzrə iddiaçı (satıcı) tərəfindən xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək olan dövr ərizində alıcıya təqdim edilmiş ümumilikdə 19705 manat məbləğində malların dəyəri ödənilməmişdir. Bildirirlər ki, malların təqdim edilməsi ilə bağlı tərəflərin imzası təsdiq edilən “Malların Təhvil-Qəbul Akt”ları tərtib edilmişdir. Satıcı tərəfindən malların qəbul edilməsinə baxmayaraq ödəniş edilməmişdir. İddiaçı MMC tərəfindən borc məbləğinin ödənilməsi tələbi ilə Cavabdeh MMC-yə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq alıcı tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Daha sonra qeyd olunan tələblə bağlı mediasiya müraciəti göndərilmiş, cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/10-00684 nömrəli arayış verilmişdir. Həmçinin bildirirlər ki, borc məbləğinin ödənilməsi tələbi ilə bağlı olaraq cavabdehə pretenziya məktubu göndərilmişdir. Həmçinin bildirirlər ki, xx.xx.2022-ci il tarixli 03/2022 №-li Malların alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən tərəflərin hər hansı biri tərəfindən müqavilə üzrə öhdəliklərin müəyyən olunmuş müddətlərdə və razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirilməməsinə görə zərərçəkmiş tərəf müvafiq pozuntunu törətmiş digər tərəfdən hər gecikmə günü üçün və ya pozuntunun davam etdiyi hər gün üçün X2 protokolunda nəzərdə tutulan ümumi məbləğin 0.1%-i həcmində dəbbə pulu ödənilməsini, lakin 10%-dən çox olmamaq şərti ilə tələb edə bilər. Əlavə olaraq bildirirlər ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etdiyinə görə 210 manat mediasiya xərci və hüquq xidməti bağlı 500 manat ödənilmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1, 598.2 və 598.3-cü maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

12. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və iddiaçının qanuni təmsilçisi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

17. İddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

19. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

20. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. AR MPM-in: - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

22. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC (alıcı) arasında 04 may 2022-ci il tarixli 03/2022 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 19705 manat təşkil edir.

25. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni, malların təhvil aktlarını, borcun 19705 manat olması faktını sübuta yetirmək üçün isə xx.xx.2022-ci il tarixli üzləşmə aktını məhkəməyə təqdim etmişdir.

26. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 19705 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

27. Bundan əlavə iddiaçı müqavilə üzrə malların dəyərini vaxtında ödəmədəyinə görə Cavabdeh MMC-yə hesablanmış 1900 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini vaxtında ödəməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə (200 manat+10 manat poçt xərci) 210 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 154,82 manat təşkil edir.

31. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

32. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, vəkil yardımına xərclərə görə cavabdehdən 500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 04 may 2022-ci il tarixli 03/2022 saylı alq-satqı müqaviləsi üzrə 19.705 manat məbləğində pul vəsaiti, 1900 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 21.605 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. .

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar