Məhkəmə qərarları › İş №e-2-2(113)-1178/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1178/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1178/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, üzləşmə aktı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMM) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N/2022-19 №-li alqı-satqı müqaviləsi əsasında yaranmış əsas borc 1567,44 manat, borcun gecikdirilməsi üçün 223,36 manat pul olmaqla ümumilikdə 1790,80 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, N/2022-19 №-li alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilədə razılaşdırılmış şərtlərlə kərpicləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götümüşdür. İddiaçı müqavilədən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. 2.2. Belə ki, iddiaçı tərəfindən mallar cavabdehə vaxtında və tam təslim edilsə də, cavabdeh həmin mallara görə 1567,44 manat borcu hələ də ödəməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 1567,44 manat dəyərində kərpic 188109 №-li faktura ilə cavabdehə göndərilmişdir. Bu zaman malları təhvil verən sürücü 188109 №-li fakturanı cavabdehə təqdim etməyi unutduğundan cavabdeh də həmin fakturanı imzalamadan malları təhvil almışdır. Bu səbəbdən də cavabdeh həmin malların təhvil alındığı barədə qeydiyyat aparmamışdır. Bir müddət sonra həyata keçirilən üzləşdirmə zamanı 188109 №li faktura üzrə malların təhvil alınmasına dair cavabdeh tərəfindən qeydiyyat aparılmadığı məlum olmuşdur. Məsələ ilə bağlı sürücü və cavabdehiin əməkdaşları ilə əlaqə saxlanılmışdır. Sürücü malların çatdırıldığını bildirmişdir. Sürücü bu məsələ ilə bağlı cavabdehlə əlaqə saxlamış və cavabdeh də malların təhvil alındığını qəbul etmişdir. Cavabdehin əməkdaşı, mühasib Asif adlı şəxs bizə “narahat olmayın”, “ödəniş olunacaq” deyə bildirmişdir. 2.3. Lakin artıq 2 ilə yaxındır ki, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Hər dəfə bu məsələ ilə bağlı cavabdehlə əlaqə yaratdıqda müxtəlif bəhanələr gətirirlər. Asif adlı şəxslə əlaqə yaratdıqda “vəziyyət ürək açan deyil”, “səbirli ol, satış olan kimi ödənişi edəcəm” deyərək vaxt uzatmağa çalışmışdır. Hətta xx.xx.2024-cü ildə əlaqə saxladıqda bizə atasının xəstə olduğunu, rəhbər şəxslərdən Nazimlə əlaqə saxlamalı olduğumu bildirmişdir. Asiflə aparılan danışıqlar əsasən “Whatsapp” proqramı üzərindən həyata keçirilmişdir və bu barədə ekran görüntüləri də mövcuddur. Cavabdehin rəhbər şəxslərindən Nazimlə görüşdükdə isə pulu Asifdən almalı olduğumu demiş, daha sonra isə 1000 manat ödəyəcəyini bildirmişdir. Lakin bu günə qədər 1567,44 manat borcun heç bir hissəsi ödənilməmişdir. 2.4. Cavabdeh xx.xx.2023-cü il tarixindən faktiki olaraq, 1 il 7 aydır ki, müqavilə üzrə yaranmış 1567,44 manat borcunu ödəməməkdədir. Bu səbəblə də cavabdeh müqavilə üzrə yaranmış borca görə müvafiq faiz ödəməlidir. Belə ki, xx.xx.2023-cü ildən başlayaraq öhdəliyini icra etmədiyindən faizlərin hesablanması zamanı həmin tarixə bank uçot dərəcəsi əsas götürülməlidir. Məhz həmin tarixə AR Mərkəzi Bankının uçot faiz dərəcəsi 9.0 % olduğundan 223,36 manat ( illik faiz məbləği – 141,0696 manat, 1 aylıq faiz məbləği – 11,7558 manat, 19 aylıq faiz məbləği – 223,36 manat) məbləğində gecikdirmə faizi cavbadeh tərəfindən iddiaçıya ödənməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 597.1, 598, 449.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda göstərdi ki, dəyəri tələb olunan elektron qaimə xx.xx.2023-cü il tarixdə təqdim olunan EBDD seriyalı 188109 nömrəli qaimədir. Həmçinin məhkəmənin baxış iclasında bildirdi ki, məhkəmə icraatının gedişində cavabdeh üzləşmə aktını təsdiq etmişdir.

6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına çatdırılmış, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə, qanuni təmsilçinin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinə yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Lakin cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli N/2022-19 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı kərpici satmağı, cavabdeh isə həmin əşyanı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüş, xx.xx.2022-ci il tarixli qiymət razılaşdırılması haqqında protokol ilə kərpiclərin ölçüsü və qiymətini razılaşdırılmışdır. İddiaçı tərəfindən kərpiclərin alqı-satqısının rəsmiləşdirilməsi üçün cavabdehə müxtəlif tarixlərdə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən ödənişlər edilmişdir. Tərəflərin möhürü ilə təsdiq olunmuş 11 fevral 2025-ci il tarixli 1425 nömrəli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə qalıq borc məbləğinin 1561,56 manat olduğu təsdiq edilmişdir.

11. İddiaçı xx.xx.2022-ci il tarixli N/2022-19 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyərinin – 1567,44 manat məbləğində pulun tutulmasını tələb edir, lakin üzləşmə aktı ilə qalıq borcun 1561,56 manat olduğu təsdiq edir.

12. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəmə icraatının gedişində üzləşmə aktı ilə qalıq borcun 1561,56 manat olduğu təsdiq etmişdir.

13. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

14. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

17. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.3-cü bəndi ilə alıcının malların dəyərini təqdim olunduğu ayın 10 və 20-dən gec olmayaraq ayda 2 dəfə olmaqla satıcıya bank yolu ilə ödəniləcəyinin razılaşdırıldığı nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

19. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

26. Göstərilənləri və üzləşmə aktı ilə hər iki tərəfin borcun 1561,56 manat təşkil etdiyini təsdiq etdiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli N/2022-19 nömrəli alqısatqı müqaviləsi üzrə əsas borc məbləğini təşkil edən 1561,56 manat pul Cavabdeh MMC -dən tutularaq İddiaçı MMM-ə ödənilməlidir.

b) Faiz borcunun tutulması tələbi ilə bağlı

27. İddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək borcun gecikdirilməsi üçün 223,36 manat pulun tutulmasını tələb edir.

28. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

29. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

30. Göründüyü kimi, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

31. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddiaçı sübutetmə ilə bağlı vəzifəsini yerinə yetirə bilmədiyindən iddia təmin edilməməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

32. İddiaçı eyni zamanda ödənilmiş 38 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 38 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1561,56 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar