Məhkəmə qərarları › İş №e-2-2(113)-1179/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1179/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1179/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “İddiaçı” şirkətinin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı fililalına qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” şirkəti Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68.867.41 avro əsas borc və 6886.74 avro cərimə məbləği olmaqla cəmi 75754.151 avro, xx xxx 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15 824.00 əsas borc məbləği və 1582.40 avro cərimə məbləği, cəmi 17406.4 avro, xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176.47 ABŞ dolları əsas borc və 417.64 ABŞ dolları cərimə məbləği, cəmi 4594.11 ABŞ dolları, göstərilmiş hüquqi xidmətə görə 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «İddiaçı» Şirkəti ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında malların alqı-satqısına dair xx xxxxxx 2017ci il tarixində PUR/BOC179/17 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı «İddiaçı» Şirkəti satıcı, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən Təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi Alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini xx xxxx 2019-cu il tarixli 05/19 saylı, xx xxx 2019-cu il tarixli 03/19 saylı və xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiyalar üzrə Alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğlərin gecikmə cərimələrinin məbləğlərinin ödənməsi təşkil edir. xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya ilə bağlı; Tərəflər arasında imzalanmış 05/19 saylı, xx.xx.2019-cu il tarixli Spesifikasiyya əsasən Alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, Spesifikasiya 05/19-a əsasən təchiz ediləcək malların dəyərinin 20%-i əvvəlcədən Alıcı tərəfindən Spesifikasiya 05/19 imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 (on) bank günü ərzində, malların dəyərinin qalan 80%-i isə, Təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 (on) bank günü ərzində həyata keçirilməlidir. Müqavilə tərəfi olaraq Satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesabfaktura ilə birlikdə Alıcıya 2019-cu ilin oktyabr ayında təqdim edilmişdir. Buna baxmayaraq Alıcı tərəfindən Müqavilə və Spesifikasiya 05/19 üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Qeyd edilən spesifikasiya üzrə 05/19 üzrə ümumi məbləğin 10%-i hələ də ödənilməyib. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, Təchizatçı, Alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 10%-dən çox olmamalıdır”. 05/19 saylı Spesifikasiyanın əsas borc məbləği 68.867,41 AVRO-dur. Müqavilənin 7.4-cü maddəsinə əsasən hər bir tərəf qarşı tərəfdən yazılı birdiriş aldıqdan sonra 10 bank günü ərzində hesablanmış cərimələri və tələb edilən zərəri ödəməlidir. 68.867.41xl0%=6 886.741 AVRO. Beləliklə, cərimə məbləği 6 886.741 AVRO olmaqla cəmi ödəniləcək məbləğ 75 754.151 AVRO (68.867.41+6 886.741) təşkil edir. Tərəflər arasında imzalanmış 03/19 saylı, xx.xx.2019-cu il tarixli Spesifikasiya üzrə Alıcı tərəfindən 15 824.00 AVRO məbləğində hesab- faktura üzrə yaranmış məbləğ ödənilməmişdir. Bu spesifikasiya üzrə qalıq əsas borc məbləğinin cərimə məbləği 15 824.00 AVRO və onunun gecikməyə görə cəriməsi 1582.40 AVRO olmaqla cəmi 17 406.40 AVRO ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə təchiz edilməli olan malların ümumi dəyəri 112 455.00 ABŞ dolları təşkil etmişdir. Həmin spesifikasiya üzrə Satıcının tələbi 380.06 ABŞ dolları həcmini təşkil edən toleransla bağlıdır. Beləki, spesifikasiyanın cədvəlinin 4-cü qrafasında tərəflər arasında tolerans həcmi -0/+10% kimi nəzərdə tutulmuşdur və bu tolerans üzrə yaranmış fərq yəni əsas borc məbləği 4176.47 ABŞ dollarıdır. Həmin məbləğin gecikməsi isə 417.64 ABŞ dolları təşkil edir. Alıcı həmin məbləğində ödənilməsindən yayınmışdır. Bu spesifikasiya üzrə də əsas borc məbləği ilə yanaşı cərimə məbləği də tətbiq edilməlidir. Beləliklə, qeyd edildiyi kimi Satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan) Alıcıya təhvil vermişdir, lakin, Alıcı tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla belə, Satıcı tərəfindən xx xxxxxx 2020-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin, hələ də cavabdeh qurum hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdehdən tələb edilən məbləğin ümumi həcmi 93 160.55 AVRO və 4594.11 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, mübahisə predmeti olan borc barədə iddia tələbi tamamilə əsassızdır. Göstərilən spesifikasiya üzrə malların təqdim edilməsidə gecikmələr olmuşdur. Bu hal isə cavabdehin məşğul olduğu iş üzrə fəaliyyətdə yolverilməzdir. Göstərilənlərə əsasən iddia tələbinin rəd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndəıərini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında xx xxxxxx 2017-ci il tarixində PUR/BOC179/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda həmin müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş spesifikasiyalarda göstərilən malların müqavilə müddəti dövründə iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verməyi, cavabdeh tərəfindən isə həmin malların dəyərinin həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəməyi öz üzərilərinə öhdəlik götürmüşlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən çatdırılan malın hər bir partiyası tərəflər arasında malın adı, çeşidi, qiyməti, miqdarı, ödəniş qaydası və müddəti, çatdırılma müddəti və şərtləri, həmçinin zəmanət müddəti üzrə ayrıca spesifikasiya ilə razılaşdırılmalıdır. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən MALİN hər bir partiyasının qiyməti bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi hesab edilən müvafiq spesifikasiyada göstəriləcək. Həmin Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq mala görə ödənişlər şərtləri bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi hesab edilən spesifikasiyalarda göstəriləcək. Hımin Müqavilənin 5.2-ci bəndinə əsasən Müvafiq Spesifikasiyalarda göstərilən Malların çatdırılması əvvəlcədən ödəniş şərtləri ilə həyata keçirildiyi zaman, Malların çatdırılması müddəti, Alıcı pul vəsaitlərini, Təchizatçı tərəfindən əvvəlcədən ödəniş üçün təqdim etdiyi müvafiq sənədlərə əsasən, Təchizatçının hesablaşma hesabına keçirtdiyi gündən sonra növbəti gündən etibarən hesablanır. Həmin Müqavilənin 7.2-ci maddəsinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, Təchizatçı, Alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 10%-dən çox olmamalıdır. Həmin Müqavilənin 7.4-cü maddəsinə əsasən hər bir tərəf qarşı tərəfdən yazılı birdiriş aldıqdan sonra 10 bank günü ərzində hesablanmış cərimələri və tələb edilən zərəri ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 03/19 saylı Spesifikasiyadan görünür ki, alıcının həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 165600 avro təşkil etmişdir. İş materiallarında olan 03/19 saylı Spesifikasiyaya dair çatdırılma sənədindən görünür ki, ümumi çəkisi 18135.92 kq olan mallar satıcı tərəfindən alıcıya xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Qeyd olunan sənəd tərəflərin möhür və imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il taricli 04/19 saylı Spesifikasiyadan görünür ki, alıcının həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 112455 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan 04/19 saylı Spesifikasiyaya dair çatdırılma sənədindən görünür ki, ümumi çəkisi 45574 kq olan mallar satıcı tərəfindən alıcıya xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Qeyd olunan sənəd tərəflərin möhür və imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 05/19 saylı Spesifikasiyadan görünür ki, alıcının həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 688674.13 avro təşkil etmişdir. İş materiallarında olan 05/19 saylı Spesifikasiyaya dair çatdırılma sənədindən görünür ki, ümumi çəkisi 8717 kq olan mallar satıcı tərəfindən alıcıya xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Qeyd olunan sənəd tərəflərin möhür və imzaları ilə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 0085 nömrəli və xx.xx.2019-cu il tarixli 0088 nömrəli ödəniş tapşırıqlarında görünür ki, alıcı tərəfindən satıcıya 05/19 saylı Spesifikasiya üzrə ümumilikdə 619806.72 avro ödəniş edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilməmiş borcun 10 bank günü ərzində ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixində PUR/BOC179/17 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə malların alqı-satqısı tərəflər arasında əvvəlcədən təsdiq edilmiş Spesifikasiya sənədi üzrə müəyyən edilməsi və həmin sənədin müqavilənin ayrılmaz hissəsi olması razılaşdırılmışdır. Qeyd oluna sənədlər üzrə satıcı üzrəinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq alıcı üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və bu səbəbdən də xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68.867.41 avro, xx xxx 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15 824.00 avro və xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176.47 ABŞ dolları əsas borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddia tələbinə etiraz olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən razılaşdırılmış 05/19 nömrəli spesifikasiya üzrə malların çatdırılmasında gecikmələr olmuşdur. Həmin gecikməyə görə iddiaçı tərəfi müvafiq qaydada cərimələnməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən bütün spesifikasiyalar üzrə müvafiq ödənişlər etməsi müəyyən olunmuşdur. Bundan başqa cavabdeh tərəf gecikmənin olmasına görə malın qəbul edilməməsi habelə bu barədə iddiaçıya rəsmi müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanıda qeyd olunan halları təsdiq edən sübutlar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya hər hansı borcun olmaması və ya hazırki iş üzrə iddia tələbindən daha az miqdarda olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığına görə, məhkəmə cavabdeh tərəfindən borcun olmasının təsdiqi kimi tərəflər arasında bağlanmış üzləşmə aktına işin mübahisəsiz halı kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də,cavabdehmüqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68.867.41 avro, xx xxx 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15 824.00 avro və xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176.47 ABŞ dolları əsas borc ödənilməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin xx.xx.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 115797,07 manat cərimənin Eyni zamanda həmin Müqavilənin 7.2-ci bəndinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, Təchizatçı, Alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 10%-dən çox olmamalıdır. Qeyd olunan bənd üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 6886.74 avro, xx xxx 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 1582.40 avro və xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 417.64 ABŞ dolları cərimə məbləğlərinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 3443 avro, xx xxx 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 791 avro və xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 208 ABŞ dolları cərimə məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hüquqi xidmət xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Vəkil iddiaçının hüquqularını müxtəlif instansiya məhkəmələrində müdafiə etməsi üçün orderini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin xüsusatlarını nəzərə alaraq hesab edir ki, hüquqi xidmətin göstərilməsinə görə 1000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı fililalından xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68.867.41 avro əsas borc və 3443 avro cərimə məbləği, xx xxx 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15 824.00 əsas borc məbləği və 791 avro cərimə məbləği, cəmi 88925,41 avro, xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176.47 ABŞ dolları əsas borc və 208 ABŞ dolları cərimə məbləği, cəmi 4384,47 ABŞ dolları, 1000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumu tutularaq “İddiaçı” şirkətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı fililalından xx xxxx 2019-cu il tarixli 05/19 saylı Spesifikasiya üzrə 68.867.41 avro əsas borc və 3443 avro cərimə məbləği, xx xxx 2019-cu il tarixli 03/19 saylı Spesifikasiya üzrə 15 824.00 əsas borc məbləği və 791 avro cərimə məbləği, cəmi 88925,41 avro, xx xxxx 2019-cu il tarixli 04/19 saylı Spesifikasiya üzrə 4176.47 ABŞ dolları əsas borc və 208 ABŞ dolları cərimə məbləği, cəmi 4384,47 ABŞ dolları, 1000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumu tutularaq “İddiaçı” şirkətinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar