Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1181/2021 02.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1200 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan X3” MMC ilə cavabdeh Tutel Kamal arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 600 ABŞ dolları olan SDVC markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X3” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Müqavilənin 2.9-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında istifadəyəverən tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Müqavilənin 3.6-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçı “Azərbaycan Koka – X5” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı “Azərbaycan Koka – X5” MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “Azərbaycan X3” MMC (istifadəyə verən) ilə Cavabdeh (istifadəçi) arasında 05 noyabr 2019-cu il tarixdə soyuducuların istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən istifadəyəverən müqavilə şərtlərinə əsasən onun istifadəsində olan 1 ədəd SDVC tipli soyuducunu istifadəçinin əvəzsiz istifadəsinə verilməsi, istifadəçi isə istifadəyə verənin tələbi ilə həmin müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.9-cu bəndinə görə istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddənin tələblərin əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında malların əmlakın əvəzsiz istifadəyə verilməsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən əmlakı cavabdehin əvəzsiz istifadəsinə versə də, cavabdeh əvəzsiz istifadəyə verilmiş əmlakı vaxtında qaytarmamış, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilədə əvəzsiz istifadəyə verilmiş əmlakın geri qaytarılmamasına görə istifadəçi tərəfindən 1200 ABŞ dolları məbləğində cərimə ödənilməli olması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş əmlakı qaytarmamaqla müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının həmin öhdəliyin icra edilməməsinə görə müqavilədə nəzərdə tutulmuş cərimənin tutulmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində - 1.200 ABŞ dolları məbləğində tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində - 1.200 ABŞ dolları məbləğində cərimə ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1181/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1181/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver