Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1182/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 962.91 manat əsas borcun, 375 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1367.91 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 962.91 manat əsas borcun, 375 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1367.91 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011cü il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehə onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı tərəfindən cavabdehə ZAF49771416 nömrəli, xx.xx.2019-cu il tarixli Malların Təhvil-Qəbul Aktları əsasında ƏDV xaric ümumilikdə 2162.91 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralığında cavabdeh borc məbləğindən 1200 manat məbləğində pul vəsaitini iddiaçıya ödəsə də, 962.91 manat əsas borc ödənilməmişdir. “Məhsulların alqı-satqı” Müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 % miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi uçota alınmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-cü il tarixli “Məhsulların alqısatqı” müqaviləsinin surətindən görünür ki, iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehə onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 3 ədəd Malların təhvil-qəbul aktının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmiş, cavabdeh tərəfindən mallar təhvil alınmışdır. xx xxxxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 962,91 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehə onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmiş, cavabdeh tərəfindən mallar təhvil alınmışdır. Cavabdehin iddiaçıya olan borcu 962,91 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2011-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən yaranmış 962,91 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.3-ci bəndinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 % miqdarında dəbbə pulu ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 375 manat dəbbə pulu məbləği yaranmış 962.91 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 50 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 962.91 manat əsas borc və 50 manat cərimə tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 75,70 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22,71 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 7,29 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 962.91 manat əsas borc və 50 manat cərimə tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22,71 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan 7,29 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1182/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1182/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver