Məhkəmə qərarları › İş №e-2-2(113)-1182/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1182/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1182/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh MMC-nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9000 (doqquz min) manat borc, 100 (bir yüz) manat mediasiya xərci və 10 (on) manat dövlət rüsumu, cəmi 9110 (doqquz min yüz on) manat məbləğində pulun tutularaq X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC (VÖEN ********** X8) ilə icraçı X4 (VÖEN **********) arasında Xidmətlərin göstərilməsinə dair 20.09.2021-ci il tarixli 01-09/21 saylı müqavilə imzalanmışdır. Daha sonra Sifarişçi "xxxx"nda yerləşən 4027 və 4029 saylı villaların santexnika işlərinin görülməsi ilə bağlı icraçıya sifariş vermişdir. İcraçı sifarişin yerinə yetirilməsi ilə bağlı təmiri aparacaq ustaların santexnika işlərini aparmasını təmin etmiş və onlar üzərində nəzarəti həyata keçirmişdir (foto şəkillər əlavə olunur). Villalarda işlərin bir qismi görüldükdən sonra, Sifarişçi bu işlərin görülməsindən uzaqlaşdırıldığnı, işlərin dayandırılmalı olduğunu bildirmişdir. Qeyd edilən işlərin görülməsi ilə bağlı Sifarişçi tərəfindən İcraçıya heç bir ödəniş edilməmişdir. Lakin villalarda həmin işləri görmüş ustalar, gördükləri işin xidmət haqqını tələb etmiş və icraçı X4 tərəfindən onlara 6500 (altı min beş yüz) manat ödəniş edilmişdir. Bundan əlavə X3 ödənilməli olan 2500 (iki min beş yüz) manat xidmət haqqı da cavabdeh tərəfindən ödənilməmişdir. 20.09.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi santexnik və sair təmir tikinti xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada santexnik və sair təmir-tikinti xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən xidmətin dəyərini ödəmək, 3.1.4-cü bəndinə əsasən xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini İcraçıya ödəmək, Sifarişçinin vəzifəsidir. Borcun ödənilməsi ilə bağlı cavabdehə edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddia ilə razı olmadığını və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə santexnika və təmir tikinti xidmətlərinin göstərilməsi ilə bağlı yaranmışdır. Ona görə də, hazırki iddianın qanuni əsası kimi aşağıda qeyd edilən normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İddiaçı tərəf Cavabdeh MMC ilə "xxxx"nda yerləşən 4027 və 4029 saylı villaların santexnika işlərinin görülməsi ilə bağlı razılığa gəldiklərini, tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi üçün müqavilə bağladıqlarını, qeyd edilən evlərdə işlərin görülməsinə görə hər bir villa üçün 5000 manat və özünün xidmət haqqı olaraq da 2500 manat məbləği ilə razılıq əldə olunduğunu və sonradan Cavabdeh MMC-nin "xxxx"nda görülən işlərdən uzalaşdırıldığını, işlərin 80 faiz hissəsinin görüldüyünü və ustalara 6500 manat ödəmiş olduğunu və özünün xidmət haqqısının əvəzi olaraq 2500 manat pul verilməli olduğunu bildirir. Cavabdeh tərəf isə "xxxx"nda yerləşən 4027 və 4029 saylı villaların santexnika işlərinin iddiaçı tərəfindən görülmədiyini, müqavilədə məhz qeyd edilən villalarda santexnika işlərinin görülməsi və görülməli işlərə görə hansı məbləğdə pul ödənilməsi ilə bağlı bir bəndin olmadığını bildirir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iş üzrə müəyyən edilməli olan ilk məqam tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının müəyyən edilməsidir. İş materiallarında olan 20.09.2021-ci il tarixli tərəflər arasında bağlanmış Xidmətlərin göstərilməsinə dair müqavilədən də, göründüyü kimi, icraçı (İsmayılov Elman) sifarişçinin (Cavabdeh MMC) müəyyən etdiyi qaydada santexnik və sair təmir tikinti xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndəsi məhkəmə iclasında adı çəkilən müqavilədə olan imzanın Cavabdeh MMC-nin direktoru Tolga Atıcının imzasına oxşamadığını bildirir, ancaq Cavabdeh MMC-nin möhürünün olduğunu, lakin möhürün kim tərəfindən vurulduğunu bilmədiyini qeyd edir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin möhürünün 20.09.2021-ci il tarixli tərəflər arasında bağlanmış Xidmətlərin göstərilməsinə dair müqavilədə öz əksini tapması, müqavilənin məhz Cavabdeh MMC-nin direktoru Tolga Atıcının məlumatı olmaqla bağlandığına dəlalət edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən icraçının gördüyü işlərin dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Hazırk iş üzrə müəyyən edilməli olan digər məqam isə "xxxx"nda yerləşən 4027 və 4029 saylı villalarda santexnika işlərinin iddiaçı tərəfindən görülüb-görülməməsidir. Bununla bağlı iddiaçı tərəf işlərin 80 faiz hissəsinin görüldüyünü bildirir, cavabdeh tərəf isə məhz həmin işlərin iddiaçı tərəfindən görülmədiyini qeyd edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 işləri ilə məşğul olduğunu, Elman İsmayılovun villalarda santexnika işlərinin görülməsini onu təklif etdiyini, bir villalanı yekunlaşdırdıqlarını, ikinci villada da, demək olar ki, bir az iş qaldığını, sonradan Cavabdeh MMC-nin işlərin görülməsindən uzaqlaşdırıldığından işlərin dayandığını, pulu Elman İsmayılova Cavabdeh MMC-nin ödəməli olduğunu, onun isə ustalara ödəniş etməli olduğunu və Elman İsmayılov tərəfindən onlara 6500 manat manat pul verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nebi Agca əvvəllər Cavabdeh MMCdə işlədiyini, Elman İsmayılovu tanıdığını, onun 4027 və 4029 saylı villaların santexnika işlərini gördüyünü, görülməli santexnika işlərinin üç mərhələdən ibarət olduğunu, İki villanın santexnika işlərinin 1-ci mərhələsi yekunlaşdırılıb təhvil verildiyini, əsas mərhələnin də 1-ci mərhələ təşkil etdiyini, digər iki mərhələni təşkil edən işlərin 1-ci mərhələ ilə müqayisədə nisbətən rahat olduğunu, həmiş işlərin dəyərinin 4600 manat təşkil etdiyini, qırım işlərinə görə (yeraltı su xətlərin çəkilməsi ilə bağlı betonun kəsilməsi) Elman İsmayılov əlavə olaraq 500 manat istədiyini və görümüş işlərinin dəyərinin 5100 manat hesablayaraq rəhbərliyə təqdim etdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan fotoşəkillər və "xxxx" MMCnin malların yerdəyişməsi aktlarının iddiaçı tərəfdə olması və onları məhkəməyə təqdim etməsi məhz 4027 və 4029 saylı villalarda santexnika işlərinin iddiaçı tərəfindən görülməsinə dəlalət edir. Belə ki, formalaşmış işgüzar münasibətlərə əsasən, mənzil və yaxud evdə hər hansı bir təmir işlərinin görülməsi, sonda və yaxud mərhələli şəkildə təhviltəslim aktları ilə rəsmiləşdirilmir. Hazırkı halda da, görülmüş işlər təhvil-təslim aktı ilə rəsmiləşdirilməmiş, ancaq həm şahid ifadələri, həmçinin işdə olan fotoşəkil və aktlar onu deməyə əsas verir ki, 4027 və 4029 saylı villalarda iddiaçı tərəfindən santexnika işləri görülmüşdür. Santexnika işlərinin hansı həcmdə görülməsi ilə bağlı isə məhkəmə şahid Nebi Agcanın ifadəsini mötəbər sübut kimi qəbul edir və 5100 manat dəyərində işlərin görülmüş olması qənaətinə gəlir. Ona görə də, 5100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 01.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə aryışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və Elman İsmayılov tərəfindən 100 manat məbləğində pul öddənilmişdir. Belə olan halda, 100 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5100 (beş min yüz) manat məbləğində pul Cavabdehndən tutularaq X3 ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdehndən tutularaq X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar