Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1182/2023 28.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və qanuni təmsilçisi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə ödənilməmiş 2331,24 manat məbləğində borc pulun, 60 manat mediasiya prosedurunun aparılmasına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat xidmət haqqının və ödəmənin gecikdirilməsi nəticəsində əldən çıxmış 500 manat məbləğində faydanın, ümumilikdə 3391,24 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 08/21 saylı 25 May 2021-ci il tarixli “Texniki təmir xidmətlərinin göstərilməsi və ehtiyat hissələrinin alınması haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən avtomobillərin təmiri ilə bağlı işlər görülmüşdür. Lakin, qeyd olunan müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilməmiş və nəticədə cavabdehin iddiaçıya 2331,24 manat (ƏDV daxil) borcu qalmışdır. İddiaçı dəfələrlə mübahisənin danışıqlar yolu ilə həll olunmasına çalışsa da, heç bir nəticə əldə olunmamışdır. Ən sonda, məsələnin məhkəmədən kənar həlli üçün tərəflərindən cavabdehə xx.xx.2022-ci il tarixli Pretenziya məktubu göndərilsə də cavabdeh bu məktubu cavablandırmamışdır. Bundan sonra iddiaçı tərəfindən mediasiyaya müraciət olunmuşdur. Mediasiya prosesi xx.xx.2022-ci il tarixdə tamamlanmışdır. Sadalanan səbəblərdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalınmışdır. Belə ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı-satıcı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh-alıcı üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə cavabdeh iddiaçıya 2331,24 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil və qanuni təmsilçisi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 08/21 saylı texniki təmir xidmətlərinin göstərilməsi və ehtiyat hissələrinin alınması haqqında müqaviləyə əsasən: İ. Müqavilənin predmeti 1.1. Sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilən avomobilə (avtomobillərə) ehtiyat hissələrini, texniki xidməti və təmir işlərinin göstərilməsini icraçıya sifariş verdi. İcraçı isə razılaşdırılmış xidmət haqqı müqabilində bu xidməti yerinə yetirməyi və ehtiyat hissələri verməyi öhdəsinə götürdü. 1.2. Xidmət və ehtiyat hissələrinin satışı icraçının Babək pr. 43 A ünvanında yerləşən servis mərkəzində göstərilir. İİ.Xidmətlərin göstərilməsi qaydası 2.1. Avtomobili (avtomobilləri) təmirə təqdim edən və ya ehtiyat hissəsi götürməyə gələn şəxslər sifarişçinin səlahiyyətli nümayəndəsi hesab olunur. 2.4. Bütün nasazlıqlar müəyyən edildikdən sonra tərəflər arasında qiymətlərin razılaşdırma protokolu tərtib olunur. 2.7. Avtomobil təmir olunduqdan sonra tərəflər arasına təhvil-təslim aktı tərtib olunur və akt ilə birgə təhvil verilir. İİİ. Hesablaşma qaydası 3.2. Əgər tərəflər arasında qiymətlərin razılaşdırma protokolu tərtib olunubsa ödəniş bu protokol imzalandıqdan sonra həyata keçirilir. 3.3.1. İcraçınn razılığı olduğu təqdirdə, xidmət haqqının müəyyən hissəsinin və ya hamısının ödənilməsinə xidmət yerinə yetirldikdən sonra 30 iş günü möhlət verilə bilər. Lakin möhlət ərzində Sifarişçi tərəfindən ödəniş bu razılaşmada göstərilən qaydada həyata keçirilməlidir. İV. Tərəflərin öhdəlikləri 4.1. Sifarişçinin vəzifələri: 4.1.3. Göstərilmiş xidmətin haqqını ödəmək; 4.1.5. Xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək; 4.2. İcraçının vəzifələri: 4.2.5. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunub imzalandıqdan sonra təmir olunmuş avtomobili akt ilə birgə sifarişçiyə təhvil vermək. - xx.xx.2021-ci il tarixli 08/21 nömrəli müqaviləyə 1 saylı Əlavəyə əsasən “Mercedez Benz” markalı, buraxılış ili 2009, 99JV790 dövlət qeydiyyat nişanlı, “Mercedez Benz” minik markalı, buraxılış ili 2011, 99JU890 dövlət qeydiyyat nişanlı, “İsuzu” markalı, buraxılış ili 2006, 01CF618 dövlət qeydiyyat nişanlı, “Mercedez Benz” minik markalı, buraxılış ili 2010, 99JV890 dövlət qeydiyyat nişanlı, “Mercedez Benz” minik markalı, buraxılış ili 2000, 99JY790 dövlət qeydiyyat nişanlı, “Vaz 2103” minik markalı, buraxılış ili 1975, 99VU031 dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı, buraxılış ili 2013, 99PG426 dövlət qeydiyyat nişanlı və “Hyundai H-100” minik markalı, buraxılış ili 2012, 99JT890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə texniki xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 08/21 saylı texniki təmir xidmətlərinin göstərilməsi və ehtiyyat hissələrinin alınması haqqında müqaviləyə 2 saylı Əlavəyə əsasən "xxxx" MMC servis mərkəzində təmir zamanı avtomobilə dəyişdirilmiş elektrik, mexaniki və gövdə bölümünə aid ehtiyyat hissələrə, bu ehtiyyat hissələrdə yaranmış texniki nasazlıqlar birbaşa ehtiyyat hissənin istehsal keyfiyyəti ilə bağlı olduqda 1 il və ya 20000 km zəmanət verilir. - xx.xx.2022-ci il tarixli, SG0176 saylı hesab, eyni tarixli və nömrəli qiymətlərin razılaşdırma protokoluna, eyni tarixli akta və xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 773928 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli, 08/21 saylı müqavilə üzrə 5041,53 manat dəyərində xidmət göstərilmişdir. - xx.xx.2022-ci il tarixli, SG0204 saylı hesab, eyni tarixli və nömrəli qiymətlərin razılaşdırma protokoluna və xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 539694 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli, 08/21 saylı müqavilə üzrə 29,50 manat dəyərində xidmət göstərilmişdir. - xx.xx.2022-ci il tarixli, SG0221 saylı hesab, eyni tarixli və nömrəli qiymətlərin razılaşdırma protokoluna və xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 876756 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli, 08/21 saylı müqavilə üzrə 601,62 manat dəyərində xidmət göstərilmişdir. - xx.xx.2022-cü il tarixli, SG0222 saylı hesab, eyni tarixli və nömrəli qiymətlərin razılaşdırma protokoluna və xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 870559 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli, 08/21 saylı müqavilə üzrə 260,19 manat dəyərində xidmət göstərilmişdir. - xx.xx.2022-ci il tarixli Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya cavab məktubundan görünür ki, təqdim edilən 5992 manat məbləğində hesab üzrə cari ilin iyul ayı üçün 1000, avqust ayı üçün 2000 və sentyabr ayı üçün 2992 manat olmaqla tam ödənişin təmin ediləcəyi bildirilmişdir. - Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 08/21 saylı texniki təmir xidmətlərinin göstərilməsi və ehtiyat hissələrinin alınması haqqında müqavilə üzrə görülmüş işlərə görə ödənilməmiş 2331.24 manat məbləğində pulun 15 gün müddətində ödənilməsi borcludan xahiş edilmişdir. - xx.xx.2023-cü il tarixli, 47 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən 8 saylı Vəkil bürosunun vəkili Vəkil ilə "xxxx" MMC arasında Bakı Kommersiya Məhkəməsində hüquqi xidmətlərin göstərilməsinə dair 500 manat dəyərində müqavilə bağlanmışdır. - xx.xx.2023-cü il tarixli AZ0010391 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 47 saylı, EQ EBCN 396437 saylı elektron qaiməyə əsasən hüquqi xidmətlərin göstərilməsi üçün 8 saylı vəkil bürosuna 500 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2022-xx.xx.2022-ci il dövləri əhatə edən xx.xx.2023-cü tarixli çıxarışa əsasən xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBBR 773928 saylı elektron qaimə üzrə 847,45 manat, xx.xx.2022-ci il tarixində EBBR 773928 saylı elektron qaimə üzrə 847,45 manat, xx.xx.2022-ci il tarixində EBBR 773928 saylı elektron qaimə üzrə 847,45 manat və xx.xx.2022-ci il tarixində EBBR 876756 saylı elektron qaimə üzrə 509,85 manat məbləğində ödənişlər həyata keçirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışa əsasən xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən EBBR 773928 saylı elektron qaimə üzrə 152,54 manat, xx.xx.2022-ci il tarixində EBBR 773928 saylı elektron qaimə üzrə 152,54 manat, xx.xx.2022-ci il tarixində EBBR 773928 saylı elektron qaimə üzrə 152,54 manat və xx.xx.2022-ci il tarixində EBBS 876756 saylı elektron qaimə üzrə 91,77 manat ödəniş olmaqla cəmi 549,25 manat məbləğində vəsait "xxxx" MMC-yə köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 08/21 saylı 25 May 2021-ci il tarixli “Texniki təmir xidmətlərinin göstərilməsi və ehtiyat hissələrinin alınması haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə təmir xidmətləri göstərmiş, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktları ilə göstərilən xidmətlər Cavabdeh MMC-yə təhvil verilmiş, lakin Cavabdeh MMC göstərilmiş xidmətlərin haqqını ödəməmiş, nəticədə İddiaçı MMC-yə 2331,24 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 2331,24 manat məbləğində borcunun yarandığını, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən 2331,24 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 500 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldən çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir və 500 manat hüquqi yardıma görə çəkilən xərc kimi qeyd olunmuşdur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 50 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 25 may 2021-ci il tarixli 08/21 saylı “Texniki təmir xidmətlərinin göstərilməsi və ehtiyat hissələrinin alınması haqqında” müqavilə üzrə 2331,24 (iki min üç yüz otuz bir manat iyirmi dörd qəpik) manat borc məbləği, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 300 (üç yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1182/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1182/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver