Məhkəmə qərarları › İş №e-2-2(113)-1183/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1183/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1183/2021 26.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, “məhsulların alğısatqı” müqaviləsinə əsasən 3513.15 manat ödənilməmiş əsas borcun, 1791.7 manat cərimə borcunun, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən alıcının əvəzsiz istifadəsinə verilmiş 2 ədəd DDVC və 1 ədəd TDVC tipli soyuducuların iki misli dəyərində, yəni 11400 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5334.85 manat və 11400 ABŞ dolları məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici – spirtsiz içkiləri alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. Müqavilənin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-cü bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti 31-cü gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019, xx.xx.2019,xx.xx.2019-cu il tarixlərdə malların təhvilqəbul aktları əsasında ümumilikdə 5248.67 manat məbləğində spirtsiz içkilər təhvil verilmişdir. Həmin tarixdən bu günə qədər cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də, hazırki vəziyyətdə cavabdehin iddiaçıya 3513.15 manat ödənilməmiş pul məbləği borcu və 1791.70 manat cərimə borcu qalmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq isə dəyəri 1800 ABŞ dolları olan 2 ədəd DDVC tipli dəyəri 2100 ABŞ dolları olan 1 ədəd TDVC, tipli soyuducular “Azərbaycan X3” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə cavabdehə əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən müqavilənin xitamı haqqında “istifadəyəverən” tələb irəli sürdükdə o, əmlakın köhnəlməsini nəzərə almaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə göstərilmişdir ki, müqavilə istifadəyəverən tərəfindən əmlakın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı ( həmçinin alqı-satqı müqaviləsinə aid olan borcla bağlı olaraq) “Soyuducuların əvəsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması və borcun ödənilməsi tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı və borcun ödənilmədiyi təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər cavabdeh üzərrinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: -satıcı qismində “Azərbaycan X3” MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “malların alğı-satqı” müqaviləsinə əsasən satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri ƏDV daxil olmaqla faktura ilə müəyyən olunur. 3.2-ci bəndə əsasən alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd aktura ilə satış zamanı malın təslimi anında, nisyə(kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. - HBN/1 seriyalı 791 nömrəli xx xxxxxx 2019-cu il tarixli malların təhvil-qəbul aktına əsasən “xxxx” MMC tərəfindən cavabdehə 4,103.00 manat və 625.88 ƏDV məbləğində müxtəlif adda mallar təhvil verilmişdir. - HBN/1 seriyalı 8873 nömrəli xx xxxxxx 2019-cu il tarixli malların təhvil-qəbul aktına əsasən “xxxx” MMC tərəfindən cavabdehə 465.00 manat və 70.93 ƏDV məbləğində müxtəlif adda mallar təhvil verilmişdir. - HBN/2 seriyalı 910202 nömrəli xx xxxxxx 2019-cu il tarixli malların təhvil-qəbul aktına əsasən “xxxx” MMC tərəfindən cavabdehə 580.67 manat və 103.83 ƏDV məbləğində müxtəlif adda mallar təhvil verilmişdir. - İstifadəyə verən qismində “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləsinin 1-ci bəndinə əsasən bu müqavilə “Azərbaycan X3” MMC tərəfindən “X6 Company” nin icazəsi ilə istehsal və satış təşkil edilmiş məhsulların “istifadəçi “ tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə “istifadəyəverənin” əmlakı olan soyuducunun əvəzsiz istifadəyə verilməsi üçün bağlanılır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən müqavilə şərtlərinə əsasən onun mülkiyyətində olan 2 ədəd vahidinin qiyməti 1800 ABŞ dolları olan Coca Cola DDVC, 1 ədəd qiyməti 2100 ABŞ dolları olan Coca Cola TDVC və 1 ədəd qiyməti 800 ABŞ dolları olan Burn SDVC olan soyuducuları əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. 4.1-ci bəndə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının müraciəti, yəni sifarişi əsasında onun sifarişini ( və ya tələbatını) və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları hesab-faktura əsasında verir. Sonda müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi və xx xxxxxx 2017-ci il tarixli, 15412 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli məhsulların alqı-satqısı barədə müqavilə üzrə iddiaçı tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli malların təhvil-qəbul aktlarına əsasən ümumi dəyəri 5248.67 manat təşkil edən mallar (spirtsiz içkilər) təhvil verilmişdir. Cavabdeh tərəfindən öhdəlik qismən icra edilmiş və satılmış malların dəyəri tam ödənilməmişdir. Belə ki, 3513.15 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, satılmış malların dəyərinin 3513.15 manat təşkil edən ödənilməmiş hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı tələbində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə istinad edərək 1791.7 manat cərimə borcunun ödənilməsini tələb edir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti 31-cü gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir. Digər tərəfdən isə işdən məlum olur ki, xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında daha bir müqavilə, „soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında“ müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə vahidinin dəyəri 1800 ABŞ dolları olan iki ədəd DDVC tipli və dəyəri 2100 ABŞ dolları təşkil edən TDVC tipli soyuducular cavabdehin əvəzsiz istifadəsinə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən əmlak müqavilə bağlandığı andan təhvil verilmiş hesab edilmişdir. Həmun müqavilənin 2.2.8-ci bəndinə əsasən əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə,əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Hazırda iddiaçı sözgedən müqavilənin 2.2.8-ci bəndinə istinad edərək cavabdehə təhvil verilmiş 2 ədəd DDVC tipli və 1 ədəd TDVC tipli soyuducuların ümumi dəyərinin, yəni 5700 ABŞ dolları məbləğin 2 mislinin 11,400 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb edir. AR Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Mülki Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 736.3-cü maddəsinə əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək soyuducuları vaxtında təhvil vermədiyindən qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ondan əvəzsiz olaraq istifadəyə verilmiş soyuducuların ümumi dəyərinin 2 mislini təşkil edən 11,400 ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, “məhsulların alğı-satqı” müqaviləsinə əsasən 3513.15 (üç min beş yüz on üç manat on beş qəpik) manat ödənilməmiş əsas borc, 1791.7 (min yeddi yüz doxsan bir manat yetmiş qəpik) manat cərimə borcu, xx.xx.2017-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən alıcının əvəzsiz istifadəsinə verilmiş 2 ədəd DDVC və 1 ədəd TDVC tipli soyuducuların iki misli dəyərində, yəni 11,400 (on bir min dörd yüz) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5334.85 manat (beş min üç yüz otuz dörd manat səksən beş qəpik) və 11,400 ( on bir min dörd yüz) ABŞ dolları tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar