Məhkəmə qərarları › İş №e-2-2(113)-1183/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1183/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1183/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı "xxxx" LLC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “daşıma müqaviləsinin ləğvi, pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" LLC cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 100761 saylı ekspeditor müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 11896 ABŞ dolları xidmət haqqı, 1189,6 ABŞ dolları cərimə, 594,8 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 13980,4 ABŞ dolları, ödənilmiş 200 manat mediaisya xərcinin və vəkilə ödənilmiş 100 manat haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Elektron iddia ərizəsinin “ərizəni imzalayan şəxs haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsini Nümayəndə Vasif oğlu imzalamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin gürcü dilindən azərbaycan dilinə tərcüməsinin düzgünlüyünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin direktoru kimi Təbriz Bağmanov tərəfindən Nümayəndə Vasif oğluna müvafiq səlahiyyətlər etibar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Rəsmiləşdirmənin isə 2 növü fərqləndirilir: apostilin verilməsi və konsul leqallaşdırması. Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixdə qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın 2-ci maddəsinə görə, Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, ... şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. ... Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. Məhkəmə bildirir ki, Gürcüstan Respublikasının notariusu tərəfindən təsdiq edilən etibarnamənin Azərbaycan Respublikasında istifadə oluna bilinməsi və onun əsasında şəxslər barəsində hüquqi vəziyyətin yaradılması üçün həmin etibarnaməyə Gürcüstan Respublikasının aidiyyəti orqanlarında şəhadətdnamə (apostil) verilməlidir (Gürcüstan Respublikasının “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulduğu nəzərə alındığında). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" LLC-nin adından verilmiş etibarnamə Azərbaycan Respublikasında istifadə olunması üçün lazımi qaydada rəsmiləşdirilmədiyindən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 69, 73, 149-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" LLC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “daşıma müqaviləsinin ləğvi, pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" LLC-yə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar