Məhkəmə qərarları › İş №e-2-2(113)-1187/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1187/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1187/2021 19.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8267,10 (səkkiz min iki yüz altmış yeddi manat 10 qəpik) manat əsas borc, 2838,95 (iki min səkkiz yüz otuz səkkiz manat doxsan beş qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun, cəmi: 11136,05 (on bir min yüz otuz altı manat beş qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»na müvafiq olaraq «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 16.02.2018-ci il tarixli 76- LD/18 nömrəli, 16.02.2018-ci il tarixli 76-LD/18 nömrəli müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 10 baş Holştin-Friz damazlıq heyvan lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 13064,5,84 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə üzrə 15.12.2020-ci il tarixə 8267,1 (səkkiz min iki yüz altmış yeddi manat 10 qəpik) manat gecikdirilmiş əsas borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16.02.2018-ci il tarixli 76-LD/18 saylı müqavilə üzrə 9451,6 (doqquz min dörd yüz əlli bir manat altmış qəpik) manat gecikdirilmiş borcun və hesablanmış 4097,15 (bir yüz bir manat yetmiş üç qəpik) manat cərimə məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 13578,75 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 16.02.2018-ci il tarixli, 76-LD/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 8267,10 manat, hesablanmış cərimə borcu 2838,95 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 11136,05 manat məbləğində pul vəsaitinin cavbadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məlum olduğu kimi ilkin iddia ərizəsində göstərilmiş məbləğlər iş materiallarına əlavə edilmiş 15.12.2020-ci il tarixli maliyyə arayışları əsasında tərtib edilmişdir. Bu məbləğ (gecikdirilmiş borc, cərimə məbləği) pretenziya məktubunun cavabdehə ünvanlandığı ana hesablanmış məbləğ olmuşdur. Qeyd edilməlidir ki, ötən müddət ərzində də cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Nəticədə bu ərizənin tərtib edildiyi ana cavabdehin müqavilə öhdəliklərindən irəli gələn ödəniş cədvəli üzrə əsas məbləğ üzrə gecikmələri daha da artmışdır. Gecikmələrə müvafiq olaraq isə cərimə məbləği də dəyişmişdir. Belə ki, 29.04.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 16.02.2018-ci il tarixli 76-LD/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 9451,60 manat, hesablanmış cərimə borcu isə 4097,15 manat təşkil etmişdir. Belə ki, 16 fevral 2018-ci il tarixli, 76-LD/18 nömrəli müqavilənin ƏLAVƏ 2-də əks olunmuş ödəniş qrafikindən göründüyü kimi qrafik üzrə son ödəniş tarixi 2021-ci ilin 1-ci rübü- 15.01.2021-ci il tarix olmuşdur. Lakin 29.04.2021-ci il tarixli maliyyə arayışından da göründüyü kimi müqavilə öhdəliyi üzrə cəmi 16677,40 ödəniş aparılıb (ilkin ödəniş 13064,50 manat + 22.10.2018-ci il tarixdə cavabdeh tərəfindən ödənilmiş 1000 manat qrafik üzrə ödəniş + bir heyvana görə sığorta şirkəti tərəfindən aparılmış sığorta ödənişi 2612,90 manat sığorta ödənişi = 16677,40 manat). Bu səbəbdən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin artırılmış məbləğlər üzrə təmin edilməsini məhkədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, ilkin iddia tələbi üzrə göstərilən əsas borc məbləği ilə razı olduğunu lakin sonradan iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən borc və cərimə məbləğinə etiraz etdiyini bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin Cavabdeh arasında 16.02.2018-ci il tarixli 76-LD/18 nömrəli Dövlət vəsaiti hesabına idxal olunmuş «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi müqaviləsindən görünür ki, “lizinq verən” ümumi məbləği 26129 manat olan və Spesifikasiyada (Əlavə nomrə 1) göstərilən damazlıq heyvanların illik dəyərinin 50 % -nə güzəşt tətbiq etməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə nömrə 2) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, 16.02.2018-ci il tarixli 76-LD/18 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə nömrə 1) görünür ki, iddiaçı tərəfindən 10 ədəd Holştin-Friz cinsli damazlıq inəkləri Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 16.02.2018-ci il tarixli 76-LD/18 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən (Əlavə nömrə 2) görünür ki, cavabdeh tərəfindən 2018ci ilin 1-ci rübündən ilkin ödəniş nəzərə alınmaqla 2021-ci ilin 1-ci rübünə qədər hər rüb üçün 1184,5 manat ödəniş müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 16.02.2018-ci il tarixli 76-LD/18 nömrəli lizinq müqaviləsinə dair maliyyə arayışından görünür ki, 29.04.2021-ci il tarixə cavabdehin qeyd olunan müqavilə üzrə etdiyi ödəniş 16677,40 manat gecikdirilmiş borcu 9451,6 manat hesablanmış cərimə 4097,15 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Cavabdeh arasında 16.02.2018-ci il tarixli 76-LD/18, nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilələrə əsasən “lizinq verən” Spesifikasiyalarda (Əlavə nomrə 1) göstərilən damazlıq heyvanları Lizinq alana lizinqə verməyi, Lizinq alan isə heyvanların spesifikasiyada göstərilən dəyərini ödəniş qrafikinə (Əlavə nömrə 2) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 16.02.2018-ci il tarixli 76-LD/18 saylı müqavilə üzrə 9451,6 manat gecikdirilmiş borcun və hesablanmış 4097,15 manat cərimə ödənilməmiş borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1. maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425.1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması, 16.02.2018-ci il tarixli 76-LD/18 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi, işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh 16.02.2018ci il tarixli 76-LD/18 saylı müqavilə üzrə 9451,6 (doqquz min dörd yüz əlli bir manat altmış qəpik) manat əsas borcu qanunsuz saxlamış, onun ödənilməsini gecikdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə cavabdehə 16.02.2018-ci il tarixli 76-LD/18 saylı müqavilə üzrə 4097,15 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə göstərilmiş 16.02.2018-ci il tarixli 76-LD/18 saylı müqavilə üzrə 4097,15 manat cərimə məbləği 100 (yüz) manat məbləğində azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas məbləğ hissəsində təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16.02.2018ci il tarixli 76-LD/18 saylı müqavilə üzrə 9451,6 manat gecikdirilmiş borc və hesablanmış 100 manat cərimə məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi: 9581,6 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.02.2018-ci il tarixli 76-LD/18 saylı müqavilə üzrə 9451,6 (doqquz min dörd yüz əlli bir manat altmış qəpik) manat gecikdirilmiş borc və hesablanmış 100 (yüz) manat cərimə məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 9581,6 (doqquz min beş yüz səksən bi manat altmış qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar