Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1187/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "X1" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, TBMB 23533 saylı alqı-satqı müqaviləsindən irəli gələn 1913,12 AZN əsas borc, 135,5 AZN əldən çıxmış fayda, 5031,5 AZN cərimə və 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ 7.400 manat pul və 94 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 7494 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, TMB 23533 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Satıcı adı, çeşidi, sayı, dəyəri hər biri Mal sifarişi üzrə tərtib edilən qaimə-faktura ilə müəyyən edilən malları Alıcıya satır, Alıcı isə Malı qəbul edib dəyərini Satıcıya ödəyir. Müqavilənin 9.1-ci maddəsinə əsasən tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı və möhürlədiyi andan qüvvəyə minir və 1(bir) il müddətinə qüvvədədir. Müqavilənin 7.5-ci bəndinə əsasən əlavə göstərilmiş servis xidmətlərin haqqı razılaşdırılmış gün ərzində ödənilməzsə, sifarişçi icraçıya gecikdirilmiş hər gün üçün ödənilməmiş xidmətlərin haqqının 0.5% məbləğində cərimə ödəyir. Cavabdeh 1621.29 manat əsas borcu və 291.83 manat əlavə dəyər vergisi olmaqla, ümumillikdə 1913.12 manat məbləğində aktiv borc meydana gəlmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "X1" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli, TMB 23533 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı adı, çeşidi, sayı, dəyəri hər bir Mal sifarişi üzrə tərtib edilən qaimə-faktura və ya Əlavə razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir.
11. Müqavilənin 3.2.1-ci bəndinə əsasən malı təhvil-təslim aktı və ya qaimə-faktura (və ya elekron qaimə-faktura) əsasında alıcının səlahiyyətli nümayəndəsinə təqdim etmək satıcının vəzifəsi kimi müəyyən olunmuşdur.
12. Müqavilənin 3.4.1-ci bəndinə əsasən qaimə-faktura və təhvil-təslim aktı üzrə təqdim edilən malı satıcının anbarında və ya sifariş üzrə müəyyən edilmiş başqa yerdə qəbul etmək alıcının vəzifəsi kimi müəyyən olunmuşdur.
13. Müqavilənin 7.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malı təhvil-təslim edildiyi gündən 7 (yeddi) iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir.
14. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
15. Həmçinin Məhkəmə qeyd edir ki, tərəflər arasında olan müqavilə münasibətləri alqı-satqı və xidmət müqaviləsinin elementlərini özündə əks etdirməklə, qarışıq müqavilədir.
16. Belə ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda mallar verilmiş və qeyd edilmiş malların bir hissəsinə də, texniki xidmət göstərilmişdir.
17. Ona görə Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə malların verilib-verilməməsi və xidmətlərin göstərilibgöstərilməməsidir.
18. İş materiallarında görünür ki, iddiaçı tərəfindən Cavabdeh EBDG seriyalı 088360 saylı dəyəri 1.913,12 manat olan elektron qaimə göndərilmişdir.
19. Qeyd olunan elektron qaiməyə cavabdeh tərəfindən etiraz edilməmiş və düzəlişə göndərilməmişdir.
20. Hazırda da iddiaçı 1.913,12 manat əsas borcun ödənilməsini tələb edir.
21. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 1.913,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə 5.031,5 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
27. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 135,5 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
28. Elektron qaimənin xx.xx.2023-cü il tarixində göndərildiyini və İddiaçı tərəfindən 2023-cü ilin iyun ayından 2024-cü ilin noyabr ayınadək təxmini 17 ay üçün əsas borca illik 5 faizin tələb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 135,50 (1.913,12x5/100=95,656 (1 il üçün), 95,656/12=7,971 (1 ay üçün), 7,791x17=135,50 (17 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Məhkəmə hesab edir ki, iddianın 320 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
30. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2024-cü il tarixli order verilmişdir.
31. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 94 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
32. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 41,48 manat təşkil edir.
33. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.913 (bir min doqquz yüz on üç) manat 12 (on iki) qəpik, cərimə borcu üzrə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 2.013 (iki min on üç) manat 12 (on iki) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 135 (bir yüz otuz beş) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov