Məhkəmə qərarları › İş №e-2-2(113)-1190/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1190/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1190/2022 08.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 17.818,28 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 1.193,9 manat, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3.951,87 manat cərimə məbləğinin, illik 5 % (faiz) hesablanmış 890,9 manat pulun, 200 manat ödənilən ilkin mediasiya haqqının (dövlət rüsumunun) tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (Satıcı) və cavabeh Cavabdeh MMC (Alıcı) arasında 109/2021 nömrəli 02 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, “Satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları (bundan sonra malı) “Alıcı”ya satmağı,“Alıcı” isə həmin şərtlər daxilində malın dəyərini hesab faktura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “Satıcı” malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmş çeşiddə və miqdarda “Alıcı”ya təhvil verməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən,“Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğlərin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31.12.2021-ci il tarixinə kimi qüvvədədir. Sözügedən müqavilə iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən yalnız bir qismini ödəmiş, qalan məbləğ bugünədək ödənilməmişdir. 01 saylı X1 əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 6.344,91 manat və 02 saylı X1 əsasən isə 16.850,41 manat məbləğində malların təhvil verilməsi razılaşdırılmışdır. Bundan əlavə, İddiaçı MMC tərəfindən Seriya EBAZ 593064 nömrəli 02.04.2021-ci il tarixli 6344,91 manat məbləğə dair və Seriya EBBB 207590 nömrəli 04.05.2021-ci il tarixli 16.851,41 manat məbləğə dair elektron qaimələr vurulmuş və qəbul edilmişdir. Həmin elektron qaimələr əsasında qaimələrdə göstərilən məbləğdə mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Bu günədək tələb olunan məbləğlərdən Cavabdeh MMC tərəfindən 12.04.2021-ci il tarixdə cəmi 5377,04 manat məbləğində pul ödənilmişdir. Qalan 17.818,28 manat məbləğ isə bugünədək ödənilməmişdir. Əgər iddiaçı həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydı xeyli miqdarda gəlir əldə edə bilərdi. İddiaçı cavabdehdə olan pullardan istifadə edə bilmədiyi üçün iddiaçıya maddi ziyan dəymişdir. Ona görə borc ödənilmədiyi üçün cavabdehdən bank faizinin uçot dərəcəsi də tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən olan çıxarışa əsasən, 2021-ci ildən bugündək bank faizinin uçot dərəcəsi 6,7% (orta faiz dərəcəsi) təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 1.193,9 manat (17.818,28 x 6,7 %x 1 il=1.193,9) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 02.04.2021-ci il tarixli elektron qaimə əsasında tələb olunan 6.344,91 manat məbləğdən 12.04.2021-ci il tarixdə 5377,04 manat ödənilmiş, lakin qalıq 967,87 manat bugünədək ödənilməmişdir. Həmin qaimə əsasında tələb olunan cərimə ödənişi 02.05.2021-ci il tarixdən etibarən 10.01.2022ci il tarixədək cəmi 244,87 manat (967,87 x 0,1 x 253 gün) təşkil edir. 04.05.2021-ci il tarixli elektron qaimə əsasında tələb olunan 16.850,41 manat məbləğində ödəniş edilmədiyindən bugünədək (10.01.2022-ci il tarixədək 220 gün) həmin qaimə əsasında 3707 manat (16.850,41 x 0,1 x 220 gün = 3707) cərimə məbləği ödənilməlidir. Beləliklə bugünədək müqavilə üzrə hesablanmış cəmi 3951,87 manat cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə izahat verərək, 17.818,28 manat əsas borcun qaldığını bildirmiş, ancaq pandemiya səbəbindən ödəmək imkanı olmadığından borcun ödənilə bilmədiyini və iddianın qalan hissəsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 02 aprel 2021-ci il tarixli, 109/2021 saylı alqı-satqı müqaviləsi bağlanmış, “SATİCİ” yəni İddiaçı MMC bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları “ALİCİ”ya yəni Cavabdeh MMC-yə satmağı, “ALİCİ” isə həmin şərtlər daxilində malın dəyərini hesab fakura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilənin ayrılmaz hissəsi hesab edilən iddiaçı və cavabdeh tərəfindən imza və möhürlə təsdiqlənən 01 və 02 saylı “X2” ilə müvafiq olaraq ƏDV daxil 6344,91 manat və ƏDV daxil 16.850,41 manat məbləğində malların təhvil verilməsi razılaşdırılmışdır. İş materiallarında olan EBBB seriyalı 207590 saylı 04.05.2021-ci il tarixli, EBAZ seriyalı 593064 saylı 02.04.2021-ci il tarixli elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən müvafiq olaraq 16.850,41 manat və 6344,91 manat dəyərində mal Cavabdeh MMC-yə satılmışdır. İş materiallarında olan 2021-ci il 12 aprel tarixli 540429 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5377,04 manat pul ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına elektron vergi sistemi ilə göndərilmiş EBBB seriyalı 207590 saylı 04.05.2021-ci il tarixli, EBAZ seriyalı 593064 saylı 02.04.2021-ci il tarixli elektron qaimələr əlavə edilmişdir. Qaimələrdə nəzərdə tutulmuş malın təhvil verilmədiyinə dair alıcı tərəfindən satıcıya hər hansı etiraz və ya pretenziya bildirilməmişdir. Bundan əlavə də, məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisinin əsas borc üzrə 17.818,28 manat borcunun da olduğunu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə edilən məbləğdə mallar cavabdehə verilmiş, cavabdehin özü bildirdiyi kimi həmin məbləğdə malların dəyəri ödənilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə əsas borca görə 17.818,28 manat tələb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müqavilə üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın 3951,87 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 17.818,28 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 900 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə 1193,9 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 890,9 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən 22.01.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə 04.02.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 12 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 29 (17.818x5/100=890,9 (1 il üçün) 890,9/12=74,24 (1 ay üçün) 74,24/30=2,474 (1 gün üçün) 2,474*12=29) manat təşkil edir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, mediasiya xərci olaraq İddiaçı MMC 200 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən və iddianın qiymətinin 18.747 manat hissəsi təmin olunduğundan məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 146 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 02 aprel 2021-ci il tarixli 109/2021 saylı alqı-satqı müqaviləsi üzrə 17.818,28 manat əsas, 900 manat cərimə borcu olmaqla, cəmi 18.718 (on səkkiz min yeddi yüz on səkkiz) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 29 (iyirmi doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 146 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar