Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1190/2024 06.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cərimə borcunun, hüquqi yardıma və mediasiyaya görə ödənilmiş pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə cərimə) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cərimə borcunun, hüquqi yardıma və mediasiyaya görə ödənilmiş pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ilə 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alğısatqı müqaviləsinin 6.7-ci maddəsinə əsasən 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40.162,34 manat borc məbləği üçün müqavilə müddəti daxilində hesablanmış 36234,9762 manat müqavilə bittikdən sonra 1623,43 manat olmaqla cəmi 37858,41 manat cərimə borcunu, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 210 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində cəmi 39568,41 manat pul Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC Cavabdeh MMC-ə malları satmağı, Cavabdeh MMC isə İddiaçı MMC-ə müqavilə üzrə razılaşdırılmış malların dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin Cavabdeh MMC tərəfindən borclar haqqında hesabatla müəyyənləşdirilmiş 44762,24 (ƏDV daxil) manat məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40.162,34 manat pulun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat, mediasiya xərclərinə görə ödənilmiş 200 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 26 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-ə ödənilmə üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli,e-2-2(113)-261/2023 saylı məhkəmə qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AS-QQH/126 saylı müqaviləyə əsasən ƏDV daxil 40.162 (qırx min yüz altmış iki) manat, 34 (otuz dörd) qəpik məbləğində, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 210 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 200 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Həmin məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. İddia qaldırlan zaman cavabdehdən cərimə borcunun ödənilməsi tələb edilməmişdir. Lakin indiki vaxtda cərimə borcunun ödənilməsi zərurəti vardır. İddiaçı və cavabdeh, arasında imzalanmış 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alğı-satqı müqaviləsinin 6.7-ci maddəsinə əsasən, Alıcı müqavilə üzrə Malların dəyərinin ödənilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə ödənilməyən məbləğin 0.5% faizi həcmində satıcıya peniya ödəməlidir. Belə ki, 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40.162,34 manatborc məbləği üçün üçün müqavilə müddəti daxilində hesablanmış 36234,9762 manat müqavilə bittikdən sonra 1623,43 (min ltı yüz iyirmi üç manat, qırx üç) qəpik olmaqla cəmi 37858,41 manat cərimə borcunu hesablanmışdır.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, pul tələbi və əldən çıxmış faydanın ödənilməsinə dair iddia tələbini qəbul etmir. İddiaçının dəbbə pulu (cərimə) tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Mülki qanunvericilikdən və mülki hüquq doktrinasından məlumdur ki, dəbbə pulu qismində cərimə öhdəliklərin icrasının təmin edilməsinin bir növüdür. Dəbbə pulu anlayışı və xüsusiyyətləri Mülki Məcəllənin (“MM”) “Öhdəlik hüququnun ümumi hissəsi” adlanan Vİ Bölməsinin 24-cü fəslində təsbit edilmişdir. Məsələyə sistematik yanaşdıqda öhdəlikərin icrasının təmin edilməsi institutu məhz öhdəlik bölməsinin içində yer alıb. Bu o deməkdir ki, dəbbə pulu tələbinə öhdəliyin icrası aspektində baxılmalıdır. Mülki qanunvericiliyə əsasən “əgər əsas öhdəlik yoxdursa (və ya xitam edilmmişdirsə), əlavə öhdəlik də ola bilməz” (istisna qaydada yalnız girov və ipoteka ola bilər, çünki bu institutlar öhdəlik deyil məhdud əşya hüququdur). MM-in 462.1. maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İşin halları göstərir ki, iddia qaldırılan vaxt öhdəlik iddiaçının istədiyi formada icra edilmişdir. İddiaçı ilə aralarında mübahisə predmeti olan xx.xx.2022 tarixli müqavilə üzrə tələblər tam və lazımi qaydada icra edilmişdir deyə əsas öhdəliyin icrasından sonra dəbbə pulu tələb edilməsi əsassızdır. İş materiallarına və təqdim edilən sənədlərə baxılarsa məhz iddiaçının cavabdehə 2022-ci ilin oktyabr ayında təqdim etdiyi pretenziyada və həmin məbləğə müvafiq verilmiş iddia ərizəsində göstərilən tam məbləğ (iddia tələbi tam qaydada 40.162,34 AZN) Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023 tarixli qətnamə ilə təmin edilmişdir və icra qaydasında xx.xx.2023 tarixində tərəflərindən tam qaydada köçürmə ilə hesaba köçürülmüşdür (bank çıxarışıları əlavə edilir). MM-in 529.2. maddəsinə görə Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Bu normaya görə iddiaçı sübut etməlidir ki, məhkəmə qərarı ilə qəbul etdiyi öhdəlik müqavilə predmeti üzrə yaranmış olan deyil, başqasıdır və ya lazımsızdır. Bunu isə o, sübut edə bilməz. Əsas öhdəlik tam və lazımınca icra edilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2023 tarixli qətnaməsinə baxdıqda iddiaçının həmin iddiası məhkəmə tərəfindən tam təmin edilmişdir. Həmin qətnamə də olduğu kimi icra edilmişdir. Buna görə də əsas öhdəlikdən əlavə faiz və ya dəbbə pulu barədə tələblər də qüvvəsini itirir. Belə ki, MM-in 529.4. maddəsinə görə Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. İddiaçının belə hüququ olmuş olsa belə, hüquqdan ciddi sui-istifadə etmişdir. Mülki qanunvericiliyə görə şəxs mülki hüquqlardan başqasına ziyan vurmaq üçün sui-istifadə edə bilməz, mülki hüquqlardan mütləq vicdanla istifadə etməlidir. Lakin ilin hallarına baxdıqda iddiaçının məhz cavabdehi incitmək, ona hər vəchlə zərər vurmaq niyyəti görünür. İşin hallarında görünür ki, bu işə bir dəfə Bakı Kommersiya Məhkəməsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə baxılmış və qətnamə çıxarılmışdır. İşin hallarından da görünür ki, iş üzrə iddia predmeti əslində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AS-QQH/126 saylı müqavilədir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi nəzərə alınmamışdır: Öhdəliyin icrası və bunun hüquqi nəticələri üzrə KM-in bir sıra qərarlarında oturuşmuş hüquqi mövqe vardır. İddia tələbi isə həmin hüquqi mövqeyə ziddi formada irəli sürülür. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə əizə verərək Cavabdeh tərəfindən- 03 fevral 2022-ci il tarixli, № AS-QQH/126 saylı qida məhsullarının idxalı ilə əlaqədar alqı-satqı müqaviləsinin 6.7-ci maddəsinə əsasən 34.035,89 manat əsas, 6.126,45 ƏDV məbləği olmaqla cəmi 40 16234 manat borc məbləği üçün müqavilə müddəti daxilində hesablanmış 36.234,9762 manat, müqavilə bittikdən sonra əldən çıxmış fayda 1623,43 olmaqla cəmi 37858,41 manat cərimə borcunun, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat və mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 210 məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cəmi 39568,41 manat pul məbləğinin Cavabdeh MMC-dən tutaraq iddiaç, İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AS-QQH/126 saylı alqı-satqı müqaviləsinə əsasən:
10. Müqavilənin 6.7-ci bəndinə əsasən alıcı müqavilə üzrə malların dəyərinin ödənilməsini pozduqda, gecikdirilən hər günə görə ödənilməyən məbləğin 0.5%- həcmində satıcıya penya ödənilməlidir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-261/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AS-QQH/126 saylı müqaviləyə əsasən ƏDV daxil 40.162,34 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilmə, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 210 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi və mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi olaraq 200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
12. İlkin mediasiya sessiyasında iştiak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı tərəfindən 200 manat ilkin mediasiya xərci və 10 manat poçt xərci ödənişi həyata keçirilmişdir.
13. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
14. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gələn cərimə məbləğidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
22. Məhkəmə iddianın ilkin olaraq təmin edilən hissəsi, yəni cərimə məlbəğinin tutulması tələbinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
23. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə xx.xx.2022-ci il tarixli, AS-QQH/126 alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərinin pozulması nəticəsində məhkəmə mübahisəsi yaranmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının tələbi haqlı hesab edilərək təmin edilmişdir.
24. Hazırkı iş üzrə iddiaçı həmin müqavilənin 6.7-ci bəndi üzrə öhdəliyin gecikdirilməsinə görə cərimə məbləğini əvvəlki məhkəmə çəkişməsi zamanı tələb edilmədiyi üçün hazırda cavabdehdən tutulmasını tələb edir.
25. Cavabdeh tərəf hazırkı halda cərimənin tutulmasını əsassız olduğunu və ilkin məhkəmə mübahisəsi üzrə yaranmış borc məbləğinin artıq ödənildiyini və aralarında hər hansı icra edilməmiş öhdəlik qalmadığını dəlililə istinad etmişdir.
26. Məhkəmə hesab edir ki, cavabdehin irəli sürmüş olduğu dəlil əsassızdır.
27. Belə ki, işdən də göründüyü kimi iddiaçı tərəf müqavilədə nəzərdə tutulmuş öhdəliklərin cavabdeh tərəfindən vaxtında icra edilmədiyi üçün məhkəmədə iddia qaldırmış və həmin tələb də məhkəmə tərəfindən haqlı hesab edilərək təmin edilmişdir. Bu da hazırkı işin mübahsiəsiz halıdır. Bununla belə həmin öhdəliklərin icrasında gecikdirməyə yol verildiyi üçün iddiaçı haqlı olaraq müqavilənin 6.7-ci bəndinə istinad edərək cərimə məbləğinin ödənilməsini tələb etmişdir.
28. Lakin məhkəmə iddiaçı tərəfindən 40162,34 manat məbləğində borca dair 36234,9762 manat dəyərində cərimə tələb edilməsini qismən əsaslı hesab edir.
29. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2008 manat məbləğində müəyyən edilməlidir.
33. Bundan başqa iddiaçı müqavilə müddəti bitdikdən sonra 1623,43 manat məbləğində əldən çıxmış fayda tələbi irəli sürmüşdür.
34. Məhkəmə iddiaçının bu tələbini əsassız hesab edir.
35. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
37. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
38. Bundan əlavə iddiaçı tələbdə yalnız müqavilə müddəti bitdikdən sonra əldən çıxmış faydanı tələb etmiş, lakin hansı dövrləri əhatə etməsini göstərməmişdir. Çünki məhkmə qətnaməsi ilə iddiaçının əsas borca dair tələbi təmin və artıq ödənilmişdir, iddiaçı tərəfindən isə əldən çıxmış faydanın hansı illər üzrə tələb edilməsi qeyri-müəyyəndir.
39. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
40. Azərbaycan Respublikası MPM-nin:
41. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 41 manat (iddianın təmin olunan məbləğinə mütənasib olaraq) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
47. Bundan əlavə iddiaçı 1500 manat vəkilə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etsə də belə bir ödənişin hazırkı iş üzrə göstərilmiş xidmətə görə ödənilməsinə dair sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə iddiaçının bu tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
48. Belə ki, vəkilə ödənilmiş pulun əvəzi olaraq tələb edilən 1500 manata dair ödənişi təsdiq etmək üçün məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı kimi tamam başqa xx.xx.2022-ci il tarixli 639 saylı hüquqi xidmət müqaviləsi göstərilmişdir. Lakin, vəkilin hazırki iş üzrə məhkəməyə təqdim etdiyi vəkil orderin və hüquqi xidmət müqaviləsin nömrəsi 639 olsa da, tarixi xx.xx.2023-cü ildir.
49. Qeyd olunanlara əsasən Cavabdeh MMC-dən 2008 manat məbləğində dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq 41 manat tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2008 manat məbləğində dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq 41 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova