Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1191/2022 19.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18597,04 manat əsas borc, gecikdirməyə görə 929,85 manat cərimə faizi, 6787,91 manat dəbbə pulu və 170 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 26484,80 (iyirmi altı min dörd yüz səksən dörd manat səksən qəpik) manat pul məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 30 iyul 2020-ci il tarixli “Alqı-satqı” Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində deyilir: Bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “Satıcı” müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə “Malı” qəbul edib əvəzində bu Müqavilənin 3.1- ci bəndi ilə müəyyənləşdirilmiş məbləği “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2ci bəndində deyilir ki, Alıcı malların dəyərini mallar təhvil verildikdən sonra 15 (on beş) gün ərzində köçürmə yolu ilə Satıcıya ödəyir; Həmin Müqavilənin 3.3-cü bəndində göstərilir ki, bu müqaviləyə əsasən mala görə ödəniş tarixi, ödəniş məbləği Satıcının hesablaşma hesabına köçürüldüyü (və ya nağd şəkildə ödənildiyi) tarix hesab olunur. Müqavilə bağlanan gündən müxtəlif vaxtlarda “Satıcı” tərəfindən “Alıcı”ya mal göndərilmiş, lakin bu günə kimi göndərilən malların dəyərindən 18597,04 manat (on səkkiz min beş yüz doxsan yeddi manat dörd qəpik) məbləğ hələ də alıcı tərəfindən ödənilməmişdir. Dəfələrlə yazılı və eləcə də şifahi müraciət edilməsinə baxmayaraq, həmin məbləğ bu günə kimi iddiaçının hesabına köçürülməmişdir. Bununla da “Alıcı” tərəfindən Müqavilə öhdəliyinə lazımınca əməl olunmamışdır. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 4.2-ci maddəsinə əsasən bu Müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % (faizi) həcmində “Satıcı”ya dəbbə pulu ödəyir. X2 göründüyü kimi, cavabdeh 02.02.2021-ci il tarixdən götürdüyü malların dəyərini ödəməmişdir. Bu səbəbdən də dəbbə pulu 1 illik hesablanmalıdır. 0,1% * 365 (gün) = 36,5% * 18597,04 manat = 6787,91 manat. Qanunvericiliyin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçünillik beş faiz ödəməyə borcludur. 5 % : 12 ay X 12 ay = 5 % X 18597,04 manat = 929,85 manat Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, cavabdehdən 18597,04 manat əsas borc, gecikdirməyə görə 929,85 manat və 6787,91 manat dəbbə pulu olmaqla, cəmi 26314,80 (iyirmi altı min üç yüz on dörd manat səksən qəpik) manat pul məbləğinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında 30.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “Satıcı" müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları "Alıcı”nın mülkiyyətinə verməyi, "Alıcı" isə malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği "Satıcı”ya ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq X1 müəyyənləşdirilir; 3.2-ci bəndinə əsasən mala görə ödəniş “Alıcı" tərəfindən hesab fakturaya əsasən 15 (on beş) gün müddətində həyata keçirilir; 4.2-ci maddəsinə əsasən bu Müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % (faizi) həcmində “Satıcı”ya dəbbə pulu ödəyir. - 01.01.2020 – 31.12.2021 tarixləri aralıqlarında İddiaçı MMC və Cavabdeh MMC arasında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin 31.12.2021-ci il tarixə İddiaçı MMC-yə 18597,04 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən 28.01.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla İddiaçı MMC-yə müraciət edilərək borcun 5 (beş) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması iş materiallarında olan tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini cavabdehdən 18597,04 manat əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 18597,04 (on səkkiz min beş yüz doxsan yeddi manat dörd qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 929,85 manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə iddia təmin olunmalı və cavabdehdən 929,85 manat (doqquz yüz iyirmi doqquz manat səksən beş qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən 6787,91 manat dəbbə pulunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, müqavilə şərtləri nəzərə alınaraq iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 18597,04 manat (on səkkiz min beş yüz doxsan yeddi manat dörd qəpik) məbləğində əsas borc, 800 (səkkiz yüz) manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 929,85 manat (doqquz yüz iyirmi doqquz manat səksən beş qəpik) olmaqla, cəmi 20326,89 manat (iyirmi min üç yüz iyirmi altı manat səksən doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1191/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1191/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver