Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1193/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin qanuni təmsilçisi X2 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında bağlanılmış 30.11.2017-ci il tarixli “hüq 669” nömrəli müqavilənin ləğv olunması, Cavabdeh MMC-dən icra edilməmiş öhdəliyə görə 121.973 manat məbləğində əsas borc və 51.750 manat məbləğində cərimə, 400 manat məbləğində dövlət rüsumu, cəmi 174.123 manat məbləğində pulun alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 30.11.2017-ci il tarixində “hüq 669” nömrəli qara metal qırıntısının alqısatqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 172.500 manat təşkil edən malları (1000 ton qara metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü hissəsinə uyğun olaraq mal alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etməsinin təsdiqidir. Belə ki, 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Satıcı ADY tərəfindən 708,18 ton metal təhvil-təslim aktları əsasında alıcı Cavabdeh MMC-yə verilmişdir. Müqavilənin 2.4.1-ci bəndinə uyğun olaraq təhvil verilən malı satıcıdan qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək alıcının vəzifəsidir. Lakin Cavabdeh MMC təhvil aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 121.973 manat məbləğində borcu yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən icra edilməmiş öhdəliyə görə 121.973 manat məbləğində əsas borc və 51.750 manat məbləğində dəbbə pulu, 400 manat məbləğində dövlət rüsumu, cəmi 174.123 manat məbləğində pulun alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının tələb etdiyi borc 2017-2018-ci illəri əhatə etdiyindən iddia müddəti buraxıldığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz verərək, tərəflər arasında bağlanmış 30.11.2017-ci il tarixli, “hüq 669” saylı müqavilənin 4.1-ci maddəsinə görə müqavilənin tərəflər öhdəliklərini tam icra edənədək qüvvədə olduğunu və həmin müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən iddia müddətinin axımı bu öhdəlik cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmalı olduğunu qeyd etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin qanuni təmsilçisi X4 məhkəmə iclasında izahatında tələb edilən borcun 2017-2018-ci illəri əhatə etdiyini, borc məbləği üzrə iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını qeyd edərək, iddia müddətinin tətbiqi barədə verdiyi ərizənin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 30.11.2017-ci il tarixli hüq 669 saylı material qiymətlisinin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini (bundan sonra –“Mal” adlanacaq) alıcının mülkiyyətinə (təhvil) verməyi¸ alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə təhvil verilən mal aşağıdakılardan ibarətdir: - 500 ton təkər cütləri; - 500 ton təkər cütü oxları. 1.3-cü bəndinə əsasən mal alıcıya Keşlə stansiyasının Yük həyətində elektron tərəzidə çəkildikdən sonra təhvil veriləcəkdir. Malın nəqliyyat vasitəsinə (vaqona) yüklənməsi və daşınması xərcləri satıcının vəsaiti hesabına həyata keçiriləcəkdir. 1.4-cü bəndinə əsasən mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında veriləcəkdir. 2.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə pul məbləğinin (qiymətin) alıcı tərəfindən ödənilməsini tələb etmək satıcının hüququdur. 2.4.1-ci bəndinə əsasən təhvil verənin (satın alınan) malı satıcıdan qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. 3.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşən təhvil verilən malın 1 tonunun qiyməti bu müqavilənin 1 nömrəli əlavəsində (spesifikasiyada) göstərilmişdir. 3.2-ci bəndinə əsasən bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında satıcıdan təhvil alınmamışdan əvvəl təqdim edilmiş hesaba uyğun şəkildə alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir. 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 30.11.2017-ci il tarixli hüq 669 saylı müqaviləsinə 1 saylı əlavəyə (spesifikasiyaya) əsasən yararsız təkər cütlərinin oxla 1 tonun qiymətinin ƏDV xaric 131,36 manat olmaqla, 500 tonun cəmi məbləği 65680 manat, yararsız təkər cütü oxlarının 1 tonun qiyməti ƏDV xaric 161,02 manat olmaqla, 500 tonun cəmi məbləği 80.510 manat, sözügedən malların ümumi dəyəri 172.600 manat olması müəyyən edilmişdir. 1 saylı əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 30.12.2017-ci il, 10.01.2018-ci il, 15.01.2018-ci il, 19.01.2018-ci il, 25.01.2018-ci il, 02.03.2018-ci il, 03.05.2018-ci il, 07.06.2018-ci il, 18.07.2018-ci il, 17.08.2018-ci il, 26.10.2018-ci il və 11.12.2018-ci il tarixli aktlara əsasən ümumi çəkisi 684,45 ton mallar (təkər oxları) 30.11.2017-ci il tarixli hüq 669 saylı müqaviləsinə əsasən Keşlə stansiyasında Cavabdeh MMC-yə təhvil verilərkən elektron tərəzi vasitəsilə çəkilmişdir. Aktlar tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən ƏDV daxil 37423,54 manat dəyərində malın verilməsinə dair 11.01.2018-ci il tarixli, EAAG seriyalı, 148895 saylı; ƏDV daxil 45710,91 manat dəyərində malın verilməsinə dair 08.02.2018-ci il tarixli, EAAG seriyalı, 894870 saylı, ƏDV daxil 6339,69 manat dəyərində malın verilməsinə dair 12.04.2018-ci il tarixli, EAAİ seriyalı, 353525 saylı, ƏDV daxil 9576,18 manat dəyərində malın verilməsinə dair 03.05.2018-ci il tarixli, EAAİ seriyalı, 872962 saylı, ƏDV daxil 9576,18 manat dəyərində malın verilməsinə dair 07.06.2018-ci il tarixli, EAAJ seriyalı, 724832 saylı, ƏDV daxil 9576,18 manat dəyərində malın verilməsinə dair 18.07.2018-ci il tarixli, EAAK seriyalı, 677900 saylı, ƏDV daxil 9576,18 manat dəyərində malın verilməsinə dair 07.09.2018-ci il tarixli, EAAL seriyalı, 933073 saylı, ƏDV daxil 9576,18 manat dəyərində malın verilməsinə dair 26.10.2018-ci il tarixli, EAAN seriyalı, 133595 saylı, ƏDV daxil 9576,18 manat dəyərində malın verilməsinə dair 11.12.2018-ci il tarixli, EAAO seriyalı, 298989 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. 21.12.2017-11.12.2018-ci illər ərzində "xxxx" QSC tərəfindən Cavabdehnə göstərilmiş metal satışı xidmətlərinə görə yaranan debitor borc barədə izahlı məlumatdan görünür ki, ümumilikdə 708,18 ton mallara (təkər cütləri, təkər cütü oxları) görə ödənilməmiş borc ƏDV daxil 121.973 manat təşkil edir. "xxxx" QSC tərəfindən 07.07.2020-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edilərək 121.973 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə pozulmuş hüquqların müdafiəsi istiqamətində zəruri addımların atılacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında 30.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə (təhvil) verməyi¸ cavabdeh isə alıcı isə malı qəbul edib, malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı "xxxx" QSC həmin müqavilə üzrə yaranmış borcun Cavabdeh MMC-dən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddələri təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı halda iş materiallarında olan sübutların məcmusu ilə (malların təhvil-təslimi aktları, elektron qaimələr) iddiaçı "xxxx" QSC tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-yə 121.973 manat məbləğində malların təqdim edildiyi müəyyən edilmiş, digər tərəfdən cavabdehin həmin mallara görə ödəniş etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilən halları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" QSC-nin sözügedən borcun Cavabdeh MMC-dən tutulmasına dair iddia tələbi əsaslıdır. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarında olan sənədlərdən, eləcə də tərəflərin izahatlarından isə müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi borc 2018-ci ilədək olan müddətdə təhvil verilmiş mallara görə yaranmış, bundan əlavə mübahisəli alqı-satqı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə sonuncu mallar 11.12.2018-ci il tarixdə təhvil vermişdir (halbuki müqavilə şərtlərinə əsasən ödəniş mal verilməmişdən əvvəl edilməli idi). Həmçinin iddiaçı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən mübahisəli müqaviləyə əsasən təhvil alınmış mallara görə müəyyən ödənişlər edilməsini bildirsə də (belə ki, müqaviləyə əsasən cəmi 146.931,22 manat məbləğində mallar təqdim edildiyi halda iddiaçı hazırda 121.973 manat məbləğində borcun ödənilməsini tələb edir), sonuncu ödənişin hansı tarixdə aparılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatda ödənişlərin mallar təqdim edildiyi vaxt - 2018-ci ildə həyata keçirildiyini göstərmişdir. Beləliklə, iş materiallarında olan sübutlara əsasən iddia axımını başlandığı vaxtdan etibarən cavabdeh tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə hər hansı ödəniş edilməsi, eləcə də həmin müqavilədən irəli gələn tələblər üzrə iddia axımının kəsilməsi üçün əsas olan halların baş verməsi müəyyən edilmir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddia müddəti tərəflər arasında mediasiya prosesinin keçirilməsi ilə əlaqədar “Mediasiya haqqında” AR Qanununun 24.7ci maddəsinə uyğun olaraq 30 gündən artıq olmayan müddətə dayandırılmışdir (belə ki, iddiaçı mediasiya prosesinin tərəflərin razılığı ilə uzadılması barədə məhkəməyə sübut təqdim etməmişdir). 11.01.2022-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışının tərəfə təqdim edilməklə mediasiya prosesi başa çatdıqdan sonra müddət bərpa edilmişdir. “Mediasiya haqqında” AR Qanununun 24.7-ci maddəsinə görə bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddia müddətinin axımı 12.12.2018ci il tarixdən başladığı halda iddia müddəti mediasiya prosesi ilə əlaqədar həmin müddətin dayandırıldığı vaxt da nəzərə alınmaqla ən geci 12.01.2022-ci il tarixdə başa çatmışdır (belə ki, mediasiya prosesinin uzadılması barədə sənəd məhkəməyə təqdim edilməmişdir). İddiaçı "xxxx" QSC isə hazırkı iddianı 2022-ci ilin fevral ayının 4-də vermiş və bununla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, əsas borcun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Pulun tutulması tələbinə dair əsas iddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iddiaçının əsas borca görə hesablanmış 51.750 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması üçün əsasların mövcudluğu da müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə xərclərinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən isə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 64 manat dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 64 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1193/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1193/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver