Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1199/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “İddiaçı ” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “İddiaçı ” Məhdud Məsuliyyətli Cəmiyyəti (“İddiaçı ” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26625,41 manat məbləğində əsas borc, 4492,59 manat ƏDV, 260,93 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2019ci il tarixli 01 saylı alqı-satqı haqqında müqavilə imzalanmışdır. Müqavilənin 2-ci bəndinin tələblərinə əsasən satıcı hesab fakturada müəyyən edilən adda, miqdarda, çeşiddə və məbləğdə malı alıcının mülkiyyətinə verməsi, alıcının isə həmin malı qəbul etməsi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə satıcıya ödəməsi müqavilənin predmetini təşkil edir. İmzalanan müqavilənin şərtlərinə satıcı tərəfindən hər zaman əməl edilmiş, lakın alıcı tərəfindən sifariş olunan və təhvil alınan malların bir qisminin dəyəri satıcıya bu günə kimi də ödənilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşma haqqında üzləşmə aktında alıcının və satıcının nümayəndələri imza və möhurləri ilə təsdiq etmişdilər ki, alıcının əsas borcu 26625,41 manat, əlavə dəyər vergisi üzrə yaranmış borcu 4492,59 manat olmaqla, ümumilikdə 31118 manat təşkil edir. satılan mallara aid bütün elektron qaimələr satıcı tərəfindən vaxtlıvaxtında alıcıya təqdim edilmişdir. Cavabdehlə imzalanan müqavilənin 6.3-cü maddəsinin şərtinə əsasən alıcı elektron qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərinin 100%-ni 20 gün ərzində satıcının bank hesabına köçürmə yolu ilə ödəməlidir. Həmin müqavilənin 8.2ci maddəsində də qeyd edilmişdir ki, alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir. Alıcı xx.xx.2020-ci il tarixindən bu günə kimi satıcının hesablaşma hesabına ödəniş etməmişdir. Qeyd olunan aktın imzalanmasından xəbərdarlıq məktubunun göndərilməsi tarixinə kimi 98 gün keçmişdir. Yuxarıda qeyd olunan gecikdirilən günü, alıcının imzası və möhürü ilə təsdiq etdiyi əsas borcu və müqavilənin 8.2-ci maddəsini əsas götürərək əsas borcun 0,01%-ni 98 gün üzərindən hesablananda (26.625,41*0.01%*98) 260,93 manat dəbbə pulu meydana gəlmiş olur. Beləliklə, alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə əsas borcu 26625,41 manat, ƏDV üzrə yaranmış borcu 4492,59 manat, müqavilənin şərtinə görə də 260,93 manat dəbbə pulu olmaqla, ümumilikdə 31378,93 manat borcu bu günə kimi ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və malı satış qiymətini vaxtında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı hesablaşma haqqında üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh İddiaçınə borcu 26625,41 manat məbləğində əsas borc, 4492,59 manat ƏDV olmaqla, cəmi 31118 manat təşkil edir. - İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun 7 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 26625,41 manat məbləğində əsas borc, 4492,59 manat məbləğində ƏDV iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 260,93 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 26625,41 manat (iyirmi altı min altı yüz iyirmi beş manat qırx bir qəpik) məbləğində borc, 4492,59 manat (dörd min dörd yüz doxsan iki manat əlli doqquz qəpik) ƏDV, 100 (yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 31248 (otuz bir min iki yüz qırx səkkiz) manat məbləğində pul “İddiaçı ” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1199/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1199/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver