Məhkəmə qərarları › İş №e-2-2(113)-1199/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1199/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1199/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, əsas və cərimə borcu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli müqavilə üzrə 1205,50 manat gecikdirilmiş borcu və hesablanmış 1492,70 manat cərimə borcunun, xx.xx.2028-ci il tarixli338-LD/18 nömrəli müqavilə üzrə isə 714 manat gecikdirilmiş borcu və hesablanmış 957,43 manat cərim borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 338- LD/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli müqavilə üzrə 1205,50 (bir min iki yüz beş manat 50 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 1 492,70 (bir min dörd yüz doxsan iki manat 70 qəpik) manat cərimə məbləğini, xx.xx.2018-ci il tarixli 338-LD/18 nömrəli müqavilə üzrə isə 714,00 (yeddi yüz on dörd manat 00 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 957,43 (doqquz yüz əlli yeddi manat 43 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən tərəflər öz aralarında saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqların həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumundan azaddır. Eyni zamanda bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 ( beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Cavabdehin etirazı onunla əsaslnadırılmışdır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda verilmiş 0006 saylı protokola əsasən iribuynuzlu heyvan pasterella səbəbindən ölmüşdür. Pasterella xəstəliyi heyvanlarda genetik xəstəlikdir. Heyvan ona verilən zaman pasterellaya qarşı vaksin olunmuş şəkildə verilməli olduğu halda, ona nə iynə vurulmuş, nə də bu barədə məlumat verilməmişdir. O heyvanı aldığı zaman heyvan boğaz idi və heyvan onun səhlənkarlığı və ya diqqətsizliyi səbəbindən ölməmişdir. Bu səbəbdən iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" ASC ilə X4 arasında bağlanmış 30 oktyabr 2018-ci il tarixli, 338-LD/18 nömrəli lizinq müqaviləsinə əsasən:

9. 1.1. Lizinq verən cədvəldə göstərilən açıqlaması spesifikasiyada verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvaiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir.

10. 1.2. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 2440 manat ilkin ödənişi, üstəlik xərclərin məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 2440 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

11. 1.5. Aşağıdakı sənədlər bu müqavilənin tərkib hissəsi hesab olunur:

12. Lizinq alanın sifarişi;

13. Spesifikasiya;

14. Damazlıq heyvanların lizinqə verilməsi barədə lizinq əmri;

15. Lizinq ödəniş qrafiki;

16. Damazlıq heyvanların lizinqə verilməsi barədə qaimə;

17. 2.2. Lizinq alan:

18. 2.2.2. lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir.

19. 4.1. Lizinq alan malların istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.

20. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

21. "xxxx" ASC ilə X4 arasında bağlanmış 30 oktyabr 2018-ci il tarixli, 338-LD/18 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən müqavilə üzrə borc 4880 manat, gecikdirilmiş borc 714 manat və cərimə məbləği 983,13 manat müəyyən edilmişdir.

22. Damazlıq heyvanların lizinq alana təhvil barədə xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, heyvanlar X3 təhvil verilmişdir.

23. "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, 374-LD/18 nömrəli lizinq müqaviləsinə əsasən:

24. 1.1. Lizinq verən cədvəldə göstərilən açıqlaması spesifikasiyada verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvaiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir.

25. 1.2. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 3187,5 manat ilkin ödənişi, üstəlik xərclərin məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 3187,5 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

26. 1.5. Aşağıdakı sənədlər bu müqavilənin tərkib hissəsi hesab olunur:

27. Lizinq alanın sifarişi;

28. Spesifikasiya;

29. Damazlıq heyvanların lizinqə verilməsi barədə lizinq əmri;

30. Lizinq ödəniş qrafiki;

31. Damazlıq heyvanların lizinqə verilməsi barədə qaimə;

32. 2.2. Lizinq alan:

33. 2.2.2. lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir.

34. 4.1. Lizinq alan malların istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.

35. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

36. 15 noyabr 2018-ci il tarixli, 374-LD/18 saylı lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 6375 manat təşkil etmişdir.

37. "xxxx" ASC-nin xx.xx.2029-cu il tarixli, 2789/İ saylı məkutubunda tərəflərindən qeydiyyata alınmış və DE ********** inventar nömrəli heyvana tərtib edilmiş yarma protokolunda diri ikən "ağciyərin iltihabı'', patanatomik "ağciyərin irinli iltihabı, miokardit” diaqnozu qoyulmuşdur. Anamnez məlumatında heyvanın xx.xx.2018-ci il tarixində xəstələndiyi, müalicəyə cəlb olunduğu, 03.01,2019-cu il tarixində tələf olduğu qeyd olunmuşdur. Heyvan öldükdən sonra götürülmüş patoloji material AQTİ-nin Milli İstinad Laboratoriyasında müayinə olunmuş və "pasterellyoz'" xəstəliyinin törədiciləri aşkar olunmuşdur. Göründüyü kimi heyvan diri ikən və patanatomik diaqnoz düzgün qoyulmamışdır. Araşdırma göstərir ki, təsərrüfatın baytar həkimi yoxdur. Bu səbəbdən mütəmadi baytar müşahidələri və müayinələri aparılmamışdır. Aktda xroniki xəstəliyi göstərildiyi halda heyvana dəqiq diaqnoz qoymaq üçün laborator müayinələr edilməmişdir. Təsərrüfatda pasterellyoz xəstəliyinin ləğvi istiqamətində təlimata uyğun müvafiq və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq baytarlıq tədbirləri həyata keçirilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki. sığorta predmetinin Baytarlıq haqqında AR qanununa və müvafiq normativlərə əsasən saxlanılıb-bəslənilmə baytarlıq-sanitariya qaydalarına əməl olunmadığından "xxxx" ASC-nin yuxarıda sözügedən hadisə ilə bağlı məsuliyyəti yaranmır.

38. 21.11.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2018-ci il tarixli, 374- LD/18 nömrəli müqavilə üzrə qalıq borc –1205,50 manat, hesablanmış cərimə - 1536,10 manat, ümumilikdə 2741,60 manat və xx.xx.2018-ci il tarixli, 338-LD/18 nömrəli müqavilə üzrə qalıq borc –714 manat, hesablanmış cərimə - 983,13 manat, ümumilikdə 1697,13 manat borcun olması qeyd olunmuşdur.

39. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

40. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Aqrolizinq” ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 338- LD/18 nömrəli lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh X4 lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə X4 xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli müqavilə üzrə 1205,50 manat və xx.xx.2018-ci il tarixli 338-LD/18 lizinq müqaviləsi üzrə cəmi 714 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

42. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

43. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

45. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

46. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X2 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli lizinq müqaviləsi üzrə X2 cəmi 1205,50 manat və xx.xx.2018-ci il tarixli 338-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 714 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

47. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

48. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan hər iki müqavilə üzrə 1492,70 manat və 957,43 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli müqavilə üzrə 60 manat və xx.xx.2018-ci il tarixli 338-LD/18 müqavilə üzrə 36 manat məbləğində müəyyən edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli müqavilə üzrə 1205,50 manat əsas borc, 60 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli 338-LD/18 nömrəli müqavilə üzrə isə 714 manat əsas borc, 36 manat dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 500 manat məbləğində vəkil xərci ödənilmişdir.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat cavabdehdən tutularaq iddiaçıya, iddia ərizənin verilməsinə görə ödənilməli olan 40 manat məbləğində dövlət rüsumu cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 374-LD/18 nömrəli müqavilə üzrə 1205,50 manat əsas borc, 60 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli 338-LD/18 nömrəli müqavilə üzrə isə 714 manat əsas borc, 36 manat dəbbə pulu və vəkil xərcinin əvəzi olaraq 500 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 40 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar