Məhkəmə qərarları › İş №e-2-2(113)-12/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-12/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-12/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “Cavabdeh” şirkətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “Cavabdeh” şirkətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC cavabdeh “Cavabdeh” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8.716,49 ABŞ dollarının, 435,82 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 9 152,31 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh “Cavabdeh” Şirkətindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “X3 və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (”Satıcı”) və cavabdeh “Cavabdeh” Şirkəti (“Alıcı”) arasında mal alınıb satılması məqsədilə 21 avqust 2017-ci il tarixli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Satıcı Alıcıya 69.940,92 ABŞ dolları dəyərində mal satmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı malı satmağı, Alıcı isə malı qəbul edib, əvəzində malın qiymətini Alıcıya ödəməyi öhdəsinə götürüb. Müqavilənin 3.6-cı bəndinə əsasən,müvafiq məbləğ Satıcının hesabına köçürüldükdən sonra Alıcının öhdəliyi icra olunmuş hesab olunur. Həmçinin Müqavilənin 5ci bəndinə əsasən, Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilə bağlanılan vaxtdan sonra 25 avqust 2017-ci il tarixdə 13.228,92 ABŞ dolları, 25 dekabr 2017-ci il tarixdə 33.000 ABŞ dolları, 27 dekabr 2017-ci il tarixdə 11.556 ABŞ dolları, 02 mart 2018-ci il tarixdə 3.439,51 ABŞ dolları ümumilikdə 61.224,43 ABŞ dolları məbləğində pul alıcı tərəfindən satıcıya ödəniş edilmişdir. Lakin hazırki günə qədər Alıcı tərəfindən Satıcıya 8.716,49 ABŞ dolları ödənilməmişdir. Nəticədə Alıcı üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyərək Müqavilənin şərtlərin pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi 8.716,49 ABŞ dolları dəyərində təşkil edir. Həmçinin mövcud borcun ödənişi gecikdirildiyi üçün iddiaçının cavabdehdən müqavilənin 5-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 435,82 ABŞ dolları məbləğində cərimə tələb etmək hüququ yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC (köhnə adı“X3 və Təchizatı” ASC) (satıcı) və “Cavabdeh” Şirkəti (alıcı) arasında 21 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Qeyd edilmiş müqavilənin 7.1-ci bəndindən görünür ki, tərəflər qeyd edilmiş müqavilədən yaranan mübahisələrə Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının İqtisad Məhkəməsində baxılmasına dair razılığa gəlmişlər.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı ASC-nin üzərinə düşür.

14. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 69.940,92 ABŞ dolları dəyərində mallar verilmişdir.

15. İş materiallarında əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, 25 avqust 2017ci il tarixdə 13.228,92 ABŞ dolları, 25 dekabr 2017-ci il tarixdə 33.000 ABŞ dolları, 27 dekabr 2017-ci il tarixdə 11.556 ABŞ dolları, 02 mart 2018-ci il tarixdə 3.439,51 ABŞ dolları ümumilikdə 61.224,43 ABŞ dolları məbləğində pul “Cavabdeh” şirkəti tərəfindən iddiaçının hesabına köçürülmüşdür.

16. Göründüyü kimi, cavabdeh tərəf ona verilmiş olan ümumi dəyəri 69.940,92 ABŞ dolları təşkil edən mallara görə cəmi 61.224,43 ABŞ dolları ödəniş etmiş və nəticədə ödənilməmiş 8.716,49 (69.940,92-61.224,43) ABŞ dolları borcu qalmışdır.

17. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi vasitəsi ilə “Cavabdeh” şirkətinin əməkdaşı olan Anees Kuruprukandy-yə təqdim edilmişdir.

18. Ancaq buna baxmayaraq, cavabdeh tərəf iddiaya hər hansı bir etirazını bildirməmişdir.

19. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 8.716,49 ABŞ dolları məbləğində pul “Cavabdeh” şirkətindən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

20. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf peşəkar kommersiya hüquqi şəxsi olmaqla, əsas məqsədi gəlir götürməkdən ibarətdir.

21. Ona görə də, iddiaçıya aid pul vəsaitini özündə saxlamağa görə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 435,82 ABŞ dolları məbləğində pul “Cavabdeh” şirkətindən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

22. Həmçinin də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul “Cavabdeh” şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 8.716 (səkkiz min yeddi yüz on altı) ABŞ dolları 49 (qırx doqquz) sent, cərimə borcu üzrə 435 (dörd yüz otuz beş) ABŞ dolları 82 (səksən iki) sent, ümumilikdə 9.152 (doqquz min yüz əlli iki) ABŞ dolları 31 (otuz bir) sent məbləğində pul “Cavabdeh” şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul “Cavabdeh” şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar