Məhkəmə qərarları › İş №e-2-2(113)-120/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-120/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-120/2021 08.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə 173.900,04 (yüz yetmiş üç min doqquz yüz manat dörd qəpik) manat pul, 13313,17 (on üç min üç yüz on üç manat on yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 187.213,21 (yüz səksən yeddi min iki yüz on üç manat iyirmi bir qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (”Satıcı”) və CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) arasında alınacaq ərzaq məhsullarının ümumi dəyəri 200 000 (iki yüz min) manat məbləğində 16 sentyabr 2019-cu il tarixli Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, Satıcı Alıcının sifarişi əsasında hər dəfə ərzaq məhsullarının satın alınması barədə təklifini qəbul edərək onun ərzaq məhsulları ilə təmin olunmasını, Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını Satıcıdan qəbul edib dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 15 oktyabr 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2019-cu il tarixli Alqısatqı müqaviləsinə dəyişiklik edilməsi barədə Razılaşma bağlanılmış və Razılaşma həmin tarixdən qüvvəyə minmişdir. Həmin Razılaşmaya əsasən, Müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilməklə alınacaq ərzaq məhsullarının ümumi dəyəri 1.000.000 (bir milyon) manat məbləğində müəyyən edilmiş və Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. Müqavilənin 3.2.1-ci bəndinə əsasən, Alıcı ərzaq məhsullarını təxirəsalmadan qəbul edir. Alıcının nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır. Həmçinin, Müqavilənin 3.2.2-ci bəndinə əsasən, Alıcı Satıcıdan alınmış ərzaq məhsullarının dəyərini növbəti ayın ilk 15 (on beş) günü ərzində Satıcının müqavilədə göstərilən bank hesabına ödənilməsini təmin edir. Həmçinin Müqavilənin 5.1-ci bəndinə əsasən, Alıcı üzürlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda Satıcı hər gecikdirilmiş gün üçün sifarişin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Müqavilə bağlanılan vaxtdan hazırki günədək iddiaçı cavabdehə 173.900,04 (bir yüz yetmiş üç min doqquz yüz manat dörd qəpik) manat məbləğində ərzaq məhsulları satmışdır. Satılan ərzaq məhsulları cavabdeh tərəfindən Malların təhvil-qəbul aktı ilə qəbul edilmişdir. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtı vaxtında və lazımi qaydada yerinə yetirməyərək Alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlanılmış, yazılı müraciət və pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş pul öhdəliyi 173 900,04 (bir yüz yetmiş üç min doqquz yüz manat dörd qəpik) manat təşkil edir. Həmçinin möcud borcun ödənişi gecikdirildiyi üçün iddiaçının cavabdehdən müqavilənin 5.1-ci bəndində göstərilənlərə əsasən sifarişin dəyərinin 0,1 faizi həcmində, yəni 133 13,17 (bir yüz otuz üç min manat on yeddi qəpik) manat məbləğində cərimə tələb etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə 153.400,04 (yüz əlli üç min dörd yüz manat dörd qəpik) manat pul, 23623 (iyirmi üç min altı yüz iyirmi üç) manat məbləğində cərimə borcu olmaqla, cəmi 177023,04 (yüz yetmiş yeddi min iyirmi üç manat dörd qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 16 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Alıcının sifarişi əsasında hər dəfə ərzaq məhsullarının satın alınması barədə təklifini qəbul edərək onun ərzaq məhsulları ilə təmin olunmasını, Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını Satıcıdan qəbul edib dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 200000 (iki yüz min) manat təşkil edir. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının miqdarı və qiyməti hər dəfə Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən Alıcının sifarişinə əsasən müvafiq qaydada təsdiq edilmiş Qiymət cədvəlinə əsasən müəyyən edilir. Ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid olan xərclər də daxildir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı tərəfindən Alıcıya təqdim olunan malların dəyəri təhvil-təslim aktı, elektron qaimə-faktura, hesab-faktura və Elektron vergi hesab-fakturası (E-VHF) təqdim olunduqdan sonra avans məbləğinin xüsusi çəkisi nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri növbəti ayın ilk 15 (on beş) günü ərzində Satıcının Müqavilədə göstərilən bank hesabına ödənilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, Satıcı hər gecikdirilmiş gün üçün Qiymət cədvəlindəki sifarişin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə dair 15.10.2019-cu il tarixli razılaşmadan görünür ki, “2.1. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği ******* (bir milyon) manat təşkil edir. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının miqdarı və qiyməti hər dəfə Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən Alıcının sifarişinə əsasən müvafiq qaydada təsdiq edilmiş Qiymət cədvəlinə əsasən müəyyən edilir. Ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid olan xərclər də daxildir.” Olunması barədə dəyişiklik edilməsi müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 18.09.2019-cu il tarixli ĞRĞ seriyalı 873430, 873431 nömrəli, 20.09.2019-cu il tarixli ĞRĞ seriyalı 873500 nömrəli, 25.09.2019-cu il tarixli ĞRĞ seriyalı 873435 nömrəli, 24.09.2019-cu il tarixli ĞRĞ seriyalı 873433 nömrəli, 26.09.2019cu il tarixli ĞRĞ seriyalı 873455 nömrəli, 27.09.2019-cu il tarixli ĞRĞ seriyalı 873456, 873457 nömrəli, 30.09.2019-cu il tarixli ĞRĞ seriyalı 873462 nömrəli, 01.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874201 nömrəli, 03.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874202, 874203, 874204 nömrəli, 04.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874205, 874206, 874207, 874811 nömrəli, 07.10.2019-cu il tarixli ĞRĞ seriyalı 873649, 873692, 874702 nömrəli, 08.10.2019-cu il tarixli ĞRĞ seriyalı 873813 nömrəli, 09.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874779 nömrəli, 10.10.2019-cu il tarixli ĞRĞ seriyalı 873691 nömrəli, 11.10.2019-cu il tarixli ĞRĞ seriyalı 873651 nömrəli, 14.10.2019-cu il tarixli ĞRĞ seriyalı 873894, 873710 nömrəli, 15.10.2019-cu il tarixli ĞRĞ seriyalı 873900 nömrəli, 17.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874352 nömrəli, 24.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874550, 874551, 874552, 874553 nömrəli, 25.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874609 nömrəli, 28.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874612, 874613, 874614, 31.10.2019-cu il tarixli ĞRĞ seriyalı 874789 nömrəli, 04.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874824 nömrəli, 05.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874694 nömrəli, 06.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874668 nömrəli, 07.11.2019cu il tarixli ĞRĞ seriyalı 874691 nömrəli, 08.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874693 nömrəli, 12.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874700 nömrəli, 13.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874812 nömrəli, 14.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874752 nömrəli, 15.11.2019cu il tarixli ĞRĞ seriyalı 874813 nömrəli, 19.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874793 nömrəli, 20.11.2019-cu il tarixli ĞRĞ seriyalı 874792 nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, qeyd olunan tarixlərdə tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən müxtəlif çeşiddə mallar cavabdehə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2020-ci il tarixli 9/3899 saylı ekspert rəyində qeyd olunur ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli KM/28 saylı alqı-satqı müqaviləsi və 15 oktyabr 2019-cu il tarixli Razılaşma üzrə təqdim edilən mallara görə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməli olan borc məbləği 137.998,45 (ƏDV-siz) (564.396,39-426.397,94) manat müəyyən edildiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2021-ci il tarixli 9/1099 saylı ekspert rəyində qeyd olunur ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli KM/28 saylı alqı-satqı müqaviləsi və 15 oktyabr 2019-cu il tarixli Razılaşma üzrə təqdim edilən mallara görə, (yalnız borclu tərəfindən imzalanan qaimələr nəzərə alınmaqla) Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməli olan borc məbləği 125936,86 (ƏDV-siz) (564.396,39-426.397,94) manat müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 16 sentyabr 2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən alınacaq ərzaq məhsullarının miqdarı və qiyməti hər dəfə Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən Alıcının sifarişinə əsasən müvafiq qaydada təsdiq edilmiş Qiymət cədvəlinə əsasən müəyyən edilir. Ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid olan xərclər də daxildir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 153.400,04 manat əsas borcunun tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflər arasında qeyd olunan müqavilə üzrə yaranmış borcun ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə təyin edilmiş sonuncu ekspertiza zamanı cavabdehin borcunun ƏDV-siz 125936,86 manat olması müəyyən edilmişdir. Qeyd olunan ekspertiza təyin edilən zaman iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktları üzrə yalnız cavabdeh tərəfindən imzalanmış təhvil-qəbul aktları ilə verilmiş məhsullara dair borcun müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların təhvil-qəbul aktlarının cavabdeh tərəfindən müvafiq qaydada təhvil alınmamış olanları, iş üzrə sübut olaraq qəbul edilməmişdir. İddiaçı tərəfindən qeyd olunan halların əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2021-ci il tarixli 9/1099 saylı ekspert rəyi sübut kimi qəbul edilərək, imzalanmış təhvil qəbul aktları ilə 16 sentyabr 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə yaranmış əsas borc məbləğinin ƏDV-siz 125936,86 manat olması müəyyən edilmişdir. Lakin təhvil qəbul aktlarında ƏDV məbləği də göstərilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas bocun tutulması hissəsində qismən təmin edilərək, 125936,86 manat ƏDV-siz borcun üzərinə ƏDV məbləği daxil edilməklə Cavabdeh MMC-dən 148605,49 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 23623 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 23623 manat cərimənin 2000 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 290 manat Cavabdeh MMC tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 148605,49 (yüz qırx səkkiz min altı yüz beş manat qırx doqquz qəpik) manat əsas və 2000 (iki min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 150605,49 (yüz əlli min altı yüz beş manat qırx doqquz qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 148605,49 (yüz qırx səkkiz min altı yüz beş manat qırx doqquz qəpik) manat əsas və 2000 (iki min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 150605,49 (yüz əlli min altı yüz beş manat qırx doqquz qəpik) manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC -dən 290 (iki yüz doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar