Məhkəmə qərarları › İş №e-2-2(113)-1200/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1200/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1200/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən 3.422 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış “Hüquq və öhdəliklərin ötürülməsinə dair” xx xxxxxxxx 2019-cu il tarixli dördtərəfli sazişə görə İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış, müvafiq olaraq xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə Cavabdeh3 və Cavabdeh2-yə məxsus hüquq və öhdəliklər Cavabdeh1 MMC-yə ötürülmüşdür. Həmçinin sözügedən sazişə görə İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrin halhazırda qüvvədə olması razılaşdırılmışdır. Beləliklə, İddiaçı MMC-nin xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrdən irəli gələn tələbləri Cavabdeh1 MMC-yə qarşı irəli sürmək hüququ vardır. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqaviləyə görə İddiaçı MMC məsləhətçi kimi mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərməyi, Cavabdeh2 isə sifarişçi olaraq göstərilən xidmətlərin müqabilində aylıq 1.300 manat məbləğində xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC mart-iyul ayları üzrə öz öhdəsinə götürdüyü xidmətləri yerinə yetirmiş və hər ay üzrə razılaşdırılmış məbləğə və ƏDV vergisinə uyğun olaraq Cavabdeh2-yə elektron qaimə göndərmişdir. Lakin Cavabdeh2 öz öhdəliyini yerinə yetirməyərək xidmət haqqını ödəməkdən yayınmışdır. Ümumilikdə, Cavabdeh2 İddiaçı MMC-yə ödəməli olduğu 7.670 manat məbləği ödəməmişdir. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən də İddiaçı MMC mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərməyi, Cavabdeh3-nin isə aylıq 700 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC-nin iyun-iyul ayları üzrə öz öhdəsinə götürdüyü xidmətləri yerinə yetirməsinə baxmayaraq Cavabdeh3 aylıq xidmət haqqını ödəməmişdir. Ümumilikdə, Cavabdeh3 İddiaçı MMC-yə ödəməli olduğu 1.652 manat məbləği ödəməmişdir. Hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli sazişə görə İddiaçı MMC Cavabdeh2 və Cavabdeh3-yə qarşı tələb hüququnu Cavabdeh1 MMC-yə qarşı irəli sürə bilər. Odur ki, Cavabdeh2-nin ödəməli olduğu 7.670 manat və Cavabdeh3-nin ödəməli olduğu 1.652 manat borc sözügedən sazişə görə Cavabdeh1 MMC-nin öhdəliyidir. Qeyd edir ki, Cavabdeh1 MMC öz öhdəliyinin bir qismini, yəni 5.900 manat məbləği ödəsə də, geri qalan məbləği yəni, 3.422 maant pulu ödəməkdən hələ də yayınır. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq işlə bağlı yekun məhkəmə qərarı qəbul edilənədək Cavabdeh1 MMC-yə məxsus “xxxx” ASC-də olan AZ51AZEG******************** nömrəli bank hesabının üzərinə iddia tələbi həcmində həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh1 MMC-nin “xxxx” ASC-də olan AZ51AZEG******************** saylı hesabında olan pul vəsaitlərinin üzərində 3.422 manat həcmində həbs qoyulmuşdur. Sonradan məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəyişdirilməsi barədə ərizəni təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3-dən 3.422 manat məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin tədbiri barədə ərizəni təqdim edərək müvafiq işlə bağlı həlledici məhkəmə qərarı qəbul edilənədək Cavabdeh3yə məxsus “xxxx” ASC-də olan və cavabdeh “X1” MMC-yə məxsus “xxxx” ASC-də olan bank hesablarının üzərinə iddia tələbi həcmində həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəyişdirilməsi barədə ərizəni təqdim edərək, Cavabdeh2” MMC-dən 1.770 manat, Cavabdeh3–dən isə 1.652 manat olmaqla cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3-dən 3.422 manat məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hazırkı iş üzrə vermiş olduğu iddia ərizəsinə düzəlişləri nəzərə almadan ilkin iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi, 3.422 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC (məsləhətçi) ilə Cavabdeh2 (sifarişçi) arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, məsləhətçi mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən məsləhətçinin mühasibat uçotu, əmək haqqı hesabatı ilə bağlı və əlavədə göstərilən digər xidmətləri müqabilində təqdim olunan mükafat əlavədə göstərilən məbləğlərdə müvafiq şəkildə ödənilir. Müqavilənin 5-ci bəndinə əsasən hesablar hər ay təqdim olunacaq və hesabın tarixindən 15 təqvim günü ərzində ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Həmin müqaviləyə əlavə ilə müəyyən edilir ki, müqavilə üzrə aylıq xidmət haqqı ƏDV xaric 1300 manat təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC (məsləhətçi) ilə Cavabdeh3 (sifarişçi) arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilədən götürmüşdür ki, məsləhətçi mühasibat, vergi və əmək haqqı sahəsində xidmət göstərməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən məsləhətçinin mühasibat uçotu, əmək haqqı hesabatı ilə bağlı və əlavədə göstərilən digər xidmətləri müqabilində təqdim olunan mükafat əlavədə göstərilən məbləğlərdə müvafiq şəkildə ödənilir. Müqavilənin 5-ci bəndinə əsasən hesablar hər ay təqdim olunacaq və hesabın tarixindən 15 təqvim günü ərzində ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Həmin müqaviləyə əlavə ilə müəyyən edilir ki, müqavilə üzrə aylıq xidmət haqqı ƏDV xaric 700 manat təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx xxxxxxxx 2019-cu il tarixli dördtərəfli sazişdən görünür ki, mühasibat, vergi və əmək haqqı sahəsində xidmətlərin göstərilməsinə dair İddiaçı MMC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli müqavilə və İddiaçı MMC ilə Cavabdeh2 arasında xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh3 və Cavabdeh2” MMC-yə məxsus hüquq və öhdəliklər Cavabdeh1 MMC-yə ötürülmüş, Cavabdeh1 MMC hər iki müqavilə üzrə hüquq və öhdəlikləri müvafiq olaraq Cavabdeh3 və Cavabdeh2” MMC-dən qəbul etmişdir. Həmçinin həmin sazişə əsasən İddiaçı MMC ilə müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019 və xx.xx.2019cu il tarixli müqavilələrin hal-hazırda qüvvədə olması razılaşdırılmışdır. Sazişin 3-cü bəndinə əsasən İddiaçı MMC həmin sazişin birinci bəndində göstərilmiş hər iki müqavilədən irəli gələn bütün tələblərini, 2019-cu il avqust ayı üzrə xidmət haqqı çıxılmaq şərti ilə Cavabdeh1 MMC-yə qarşı irəli sürmək hüququnu əldə edir. Saziş tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh2” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, AZ/TC/2019/3945 saylı invoysa əsasən ƏDV daxil olmaqla 1.534 manat; xx.xx.2019-cu il tarixli, AZ/TC/2019/3964 saylı invoysa əsasən ƏDV daxil olmaqla 1.534 manat; xx.xx.2019-cu il tarixli, AZ/TC/2019/3989 saylı invoysa əsasən ƏDV daxil olmaqla 1.534 manat; xx.xx.2019-cu il tarixli, AZ/TC/2019/4015 saylı invoysa əsasən ƏDV daxil olmaqla 1.534 manat; xx.xx.2019-cu il tarixli, AZ/TC/2019/4042 saylı invoysa əsasən ƏDV daxil olmaqla 1.534 manat məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi tələb edilmişdir. Göstərilən invoyslar əsasında müvafiq elektron qaimələr tərtib edilərək elekton sistem vasitəsilə Cavabdeh2–yə göndərilmiş, borclu tərəfindən elektron qaimələrə etiraz edilmədiyindən həmin qaimələr sistem tərəfindən təsdiqlənmişdir. - İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli, AZ/TC/2019/4014 saylı invoysa əsasən ƏDV daxil olmaqla 826 manat; xx.xx.2019-cu il tarixli, AZ/TC/2019/4041 saylı invoysa əsasən ƏDV daxil olmaqla 826,00 manat məbləğin Cavabdeh3 tərəfindən ödənilməsi tələb edilmişdir. Göstərilən invoyslar əsasında müvafiq elektron qaimələr tərtib edilərək elekton sistem vasitəsilə Cavabdeh2–yə göndərilmiş, borclu tərəfindən elektron qaimələrə etiraz edilmədiyindən həmin qaimələr sistem tərəfindən təsdiqlənmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil Cavabdeh3–nin rəhbərliyinə ərizə ünvanlayaraq, tərəflərindən göstərilmiş xidmətlərə görə 1.652 manat məbləğində borcun ödənilməsini xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil Cavabdeh2-nin rəhbərliyinə ərizə ünvanlayaraq, tərəflərindən göstərilmiş xidmətlərə görə hər ay üzrə razılaşdırılmış məbləğə və ƏDV daxil vergisinə uyğun olaraq borcun ödənilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən göstərilmiş xidmətlərə görə İddiaçı MMC-yə ƏDV daxil olmaqla Cavabdeh2-nin 1.770 manat, Cavabdeh3–nin isə 1.652 manat borcu vardır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (məsləhətçi) ilə Cavabdeh3 (sifarişçi) arasında xx.xx.2019-cu il tarixli xidmət müqaviləsindən və İddiaçı MMC (məsləhətçi) və Cavabdeh2 (sifarişçi) arasında xx.xx.2019-cu il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən İddiaçı MMC müvafiq olaraq Cavabdeh3-yə və Cavabdeh2-yə konsaltinq xidmətləri göstərmiş, lakin sifarişçi şirkətlər göstərilən xidmət haqqını tam şəkildə ödəməmiş, nəticədə Cavabdeh2-nin İddiaçı MMC-yə 1.770 manat, Cavabdeh3–nin isə 1.652 manat borcu yaranmışdır. İş materialları ilə həmçinin təsdiq edilir ki, yuxarıda göstərilən müqavilələr üzrə İddiaçı MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsinə dair dördtərəfli sazişə əsasən yuxarıda göstərilən müqavilələr üzrə Cavabdeh3 və Cavabdeh2-yə məxsus hüquq və öhdəliklər Cavabdeh1 MMC-yə ötürülmüşdür. Beləliklə, İddiaçı MMC həmin müqavilələrdən irəli gələn tələbləri Cavabdeh1 MMC-yə qarşı irəli sürmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Belə olan halda məhkəmə Cavabdeh3-nin və Cavabdeh2-nin mübahisəli müqavilələr üzrə İddiaçı MMC-yə cəmi 3.422 manat məbləğində borclarının olduğunu, həmin öhdəliyin hüquq və öhdəliklərin ötürülməsinə dair sazişə əsasən Cavabdeh1 MMC–yə ötürüldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 MMC-dən 3.422 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC-dən 3.422 manat (üç min dörd yüz iyirmi iki) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar