Məhkəmə qərarları › İş №e-2-2(113)-1202/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1202/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1202/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 155000 manat əsas borc, 400 manat mediasiya xərci, 100 manat vəkil xidməti xərci, ümumilikdə 155500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehdən müqavilə öhdəliklərinə görə 168800 manat, faiz borcu olaraq 21505 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, 100 manat vəkil xərci olmaqla, ümumilikdə 190805 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilə şərtlərinə görə, iddiaçı cavabdehi 187000 manat dəyərində 1 dəst damlama suvarma sistemi ilə təmin etməyi, cavabdeh isə onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ödəniş şərtlərini yerinə yetirməsə də, iddiaçı öz öhdəliklərini icra etmiş və damlama sulama sistemini quraşdıraraq cavabdehə təhvil vermişdir. Müqavilə imzalandıqdan dərhal sonra damlama sulama sisteminin Türkiyə Respublikasındakı istehsalçılarına müvafiq sifarişlər verilmişdir. Cavabdehə məxsus 37 ha torpaq sahəsinin təxminən 10 ha hissəsində damlama suvarma sistemi quraşdırılmışdı, həmin sistem köhnəlmişdi, müqavilə imzalanarkən Cavabdeh atası Cavid həmin köhnə sistemdən narazılığını bildirib, yaxşı işləmədiyini qeyd etmiş və təxminən 10 ha ərazidə quraşdırlmış həmin sistemin sökülərək yenilənməsinin iddiaçı tərəfindən aparılması barədə razılaşma əldə edilmişdi. Türkiyə Respublikasındakı istehsalçı şirkətlərə 187 min manatlıq damlama sulama sisteminin tədarük edilməsi üçün sifariş veriləndən sonra, cavabdehlə şifahi razılaşma ilə qərara gəlindi ki, ərazidəki hovuza artezian quyusundan su hovuzunadək su xətti çəkilsin, tikilmiş köhnə hovuz (hovuzun içi plastik neylon örtüklə örtülmüşdü) sökülsün və genişləndirilsin, suvarma sistemini idarə etmək üçün əraziyə quraşdırlmış və texnoloji olaraq köhnəlmiş kompyuterli suvarma idarə sistemi yeni kompyuter idarə etmə sistemi ilə təmin edilsin. Nəticədə, (kompyuter avadanlığı xaric) 25 min manat yaxın əlavə avadanlıq (boru, kəmərbənd və sairə zəruri ləvazimat) sifariş edilərək Türkiyədən gətirilmişdir. Ümumilikdə, müqavilənin dəyəri ilkin 187 min manat olmuş, lakin əlavə sifarişlərlə həmin ərazidə 212000 manatlıq avadanlıq quraşdırılmışdır. Müqavilə dəyərindən artıq olan 25000 manat məbləğində avadanlığın quraşdırılması şifahi razılaşdırlmışdır. Cavid Hüseynov quraşdırma işləri yekunlaşandan sonra bütün lazımi sənədləşməni aparacağına söz vermişdir. Kompyuter idarə etmə sisteminin yenilənməsi üçün təmin edilmiş kompyuterin qiyməti 4000 ABŞ dolları olmuşdur, həmin məbləğ şifahi razılaşdırılmış, imzalanmış müqavilə məbləğinə daxil olmamışdır. Hovuz tikintisi üçün işçilik xərcləri də işlərin aparılması zamanı şifahi razılaşdırlmış, müqavilə məbləğinə daxil edilməmişdir. Köhnə hovuz sökülüb, genişləndiriləndə müəyyən oldu ki, hovuzun yaxınlığında yerləşən və cavabdehə məxsus olan tikilinin maneçilik etməsinə görə, hovuzun simmetrik genişləndirilməsi mümkün olmayacaq, əyrilik qalacaqdır. Tikilmiş hovuzdakı əyrilik onun təyinatına uyğun istifadəsinə mane olmur. Ümumilikdə, damlama sulama sistemi quraşdırlıb faktiki cavabdehə təhvil veriləndən sonra iddiaçının işçiləri 3 dəfə həmin sistemdə təmir işləri aparmışdır. Bir dəfə cavabdeh tərəfindən ərazidə kotanlı traktor vasitəsi ilə əkin aparılmışdı, borular darmadağın edilmişdi, həmin hadisədən meydana gələn dağıntıların təmir işləri iddiaçı tərəfindən aparılıb, bir dəfə də hovuza düzgün baxılmadığına görə filtrlər neylon torbalarla dolaraq zibillənmişdi. Həmin vaxt təmir və təmizlik işləri iddiaçı tərəfindən aparılmışdır. Bir dəfə də elektrik sistemi düzgün hesablanmadığına görə naqillər sıradan çıxmışdı. Damlama sulama sistemi layihələndiriləndə, cavabdeh bildirmişdir ki, hər cərgə arasında 5 metr məsafə, cərgədəki ağaclar arasında isə 3 metr məsafə olacaqdır. Damlama sulama sisteminin layihəsi bu (5X3, beşin üçə) göstərici əsas alınaraq planlanmışdır. Daha sonra isə, sifariş verilib, avadanlıq Türkiyədən gətiriləndən sonra məlum oldu ki, cavabdeh özbaşına olaraq iddiaçıya bildirmədən bağın əkin ölçülərini (4X1.5, dördün bir yarıma) şəklində dəyişdirmişdir. Bundan başqa, cavabdeh bağın ilkin cərgə sayını dəyişdirərək, əlavə cərgələr əkmişdir. Bu kimi səbəblərdən də işlək yol dar olmuşdur. Elektromaqnit klapanlar işlək yolun üzərində quraşdırılmasına görə iddiaçı məsuliyyət daşımır. Həmin klapanlar və həmin xətt əvvəlki köhnə sökülmüş sistemin yerində quraşdırılmışdır. Yəni, xəttin quraşdırıldığı yerdə artıq əvvəlcədən (bir neçə il əvvəl) köhnə başqa sistem salınanda ayrıca işlək yol qoyulmamış, cərgələr arası məsafə maşın və texnika yolu nəzərədə tutulmadan müəyyən edilmişdir. İddiaçı damlama sulama sistemini quraşdıraraq təhvil verdikdən sonra, cavabdehə məxsus ərazidə işləyən işçilərə həmin sitemdən istifadəni də öyrətmişdir. Cavabdeh həmin işçiləri tez-tez işdən çıxartdığına, xırda bəhanə ilə işdən qovduğuna və işə götürdüyü yeni işçilərə işi öyrətmədiyinə görə damlama sulama sisteminin istismarında cavabdehdən qaynaqlanan problemlər yaranmışdır, işçilərə maaş vaxtında verimədiyinə, onlara qarşı cavabdeh tərəfindən kobud davranıldığına görə işçilər damlama sulama sisteminin istismarına və baxımına laqeyd yanaşmışlar. İddiaçının əməkdaşları bir neçə dəfə təmir servis xidməti üçün cavabdehə məxsus Samux rayonundakı 37 ha bağ sahəsinə getmişlər və hər dəfə orada damlama sulama sistemini işlətmək üçün yeni işçiləri işə götürüldüyünün şahidi olmuşlar. Bununla əlaqədar cavabdehə iddiaçının işçiləri tərəfindən irad bildirirlərək, işi öyrənən işçiləri səbəbsiz işdən çıxarılmasının damlama sulama sisteminin işinə mənfi təsir göstərdiyi bildirilmişdir, lakin cavabdeh, «özüm bilərəm» deyərək, iddiaçının işçilərini küçə söyüşləri ilə təhqir etmişdir. Cavabdehin atası Cavid həmçinin iddiaçının işçilərinin işlərini görməsinə də maneəçilik yaratmış, təmir işləri aparmaq üçün əraziyə göndərilmiş işçiləri döyməklə, məhv etməklə hədələmiş, onları nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin, Cavid Hüseynov telefon vasitəsi ilə də iddiaçının işçiləri təhqir edərək hədələmişdir (həmin telefon danışıqlarının yazısı zərurət olduğu təqdirdə təqdim edilə bilər). Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliklərini artıqlaması ilə icra etmişdir. İddiaçı tərəfindən cavabdehə məxsus olan və Samux rayonu, Ağyer kəndi ərazisində yerləşən 37 ha torpaq sahəsində damlama sulama sisteminin qurulması üçün ümumilikdə 218.800 AZN məbləğində avadanlıq quraşdırılmışdır. Həmin avadanlıqların dəyərinin 57 000 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Onun qalıq borcu 161800 manatdır. İddiaçıya məxsus pul vəsaitini 1 il 10 ay özündə saxlayan cavabdeh, həmin pula faiz ödəməlidir. AR Mülki Məcəlləsinin 449.1.-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3.-cü maddənə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Cavabdeh pulu vaxtında ödəmədiyinə görə, ödəməsini gecikdirdiyi pul vəsaitinin 7.25 faizi həcmində faiz ödəməlidir. Belə ki, AR Mərkəzi Bankı xx.xx.2020-ci il tarixində uçot faiz dərəcəsini 7.25% müəyyən etmişdir. Beləliklə, cavabdeh 161800 manat pulu 1 il 10 ay (xx.xx.2022-ci il tarixinədək) özündə saxladığı üçün, illik 7,25% faiz dərəcəsi əsas alınmaqla, 21505 manat faiz ödəməlidir. Həmçinin 400 manat mediasiya xərcinin əvəzi, 100 manat vəkil xidməti üçün ödənilmiş pulun əvəzi də cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin rədd edilməsini, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və damlama suvarma sisteminin İddiaçı MMC-yə geri qaytarılması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən damlama suvarma sisteminin alınması və qurulması üçün ödənilmiş 91000 manat pul vəsaitinin, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya vurduğu zərərə görə 130.000 manat, işgüzar nüfuza xələl yetirilməsi və iş vaxtının itirilməsinə görə 10.000 manat və ödənilmiş 521 (400 manat mediasiya xərci) dövlət rüsumunun, cəmi 231521 manat pul vəsaitinin tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC öz öhdəliklərini layiqincə yerinə yetirmədiyindən Cavabdeh həm maddi ziyan vurulmuşdur, həmçinin iş vaxtının itirilməsinə və işgüzar nüfuzunun zədələnməsinə səbəb olan mənəvi zərər vurmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən göstərilən xidmətin ümumi dəyəri 187000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraşı 3 təqvim günü ərzində 1 dəst suvarma sistemini sifarişçiyə təhvil verməli idi. Lakin İddiaçı MMC bu öhdəliyinə əməl etməmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubu xx.xx.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən qəbul edilmişdir. Bu İddiaçı MMC-nin ilk qanunsuz hərəkəti idi və sahibkar Cavabdeh ilkin zərəri 1 dəst suvarma sisteminin çatdırılmasını gecikdirməklə vurmuşdur. xx.xx.2021-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 4.3-cü bəndində qeyd edilir ki, icraçı tərəfindən göndərilən malların sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq icraçı tərəfindən sifarişçiyə geri ödənilməlidir. Sözügedən müqavilənin 4.4-cü bəndinə əsasən icraçı tərəfindən malların çatdırılaraq sifarişçiyə onun podrat sahəsində təhvil verilməsini təsdiq edən 2 eyni hüquqi qüvvəyə malik olan nüsxədə təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC bu hissədə də müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Belə ki, suvarma sistemi quraşdırıldığı ilk gündən problemli olduğu müəyyən edilmişdir və bu barədə dərhal İddiaçı MMC-yə məlumat verilmişdir. Lakin İddiaçı MMC arasında təhviltəslim aktı bağlanmamışdır. Çünki 1 dəst suvarma sistemində nöqsanlar olduğundan sahibkar Cavabdeh tərəfindən qəbul edilməmişdir. Nöqsanların yaranmasının əsas səbəblərindən biri də sahibkar Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə verilmiş sifarişin icrası peşəkar olmayan şəxslərə həvalə edilməsi olmuşdur. Belə ki, suvarma sistemi səhv quraşdırıldığından tez-tez qəzalar baş verib, demək olar ki, suvarma sistemindən ümumiyyətlə istifadə etmək mümkün olmayıb və bağın sulanması dayandığından meyvə ağacları susuzluqdan yanaraq məhv olmuşdur. İsti yay aylarında suvarma sisteminin dəfələrlə sıradan çıxması və bu yaranmış nöqsanların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən gah gec də olsa aradan qaldırılması, gah da ümumiyyətlə aradan qaldırılmaması Cavabdeh külli miqdarda ziyan etməsinə səbəb olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin belə etinasız hərəkətləri sahibkar Cavabdeh haqlı narazılığını yaratmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən suvarma sistemi quraşdırılarkən aşağıdakı nöqsanlara yol verilmişdir. Belə ki, suvarma sisteminin aparatları bağ sahəsinin işlək ərazisində quraşdırıldığından kənd təsərrüfatı təyinatlı texnikaların həmin ərazidə hərəkətinə ciddi maneələr yaradır. Suvarma sisteminin xəttləri (su boruları) yola yaxın məsafədən lazimi dərinliyə salınmadan çəkilmişdir ki, bu da həmin xətlərin texnikanın təkərləri altında qalaraq sınasına səbəb olur. Suvarma sisteminin xəttləri (su boruları) qatlanaraq torpağın altına salınmışdır ki, bu da suvarma sisteminin düzgün işləməməsinə və tez-tez sıradan çıxmasına səbəb olmuşdur. Motorxanada sistem düzgün quraşdırılmadığından klapanlar suyu saxlamır və bu səbəbdən də ötürücü sistemə su düzgün ötürülmür. Su hovuzu düzgün tikilmədiyindən sahibkar tərəfindən yenidən su hovuzunun qurulması işləri aparılmışdır. Budan əlavə Cavabdeh mülkiyyətində olan Samux şəhəri, Ağyer adlanan ərazidə yerləşən bağ sahəsinə Samux şəhər İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Samux Bələdiyyəsi və Gəncə çay SİB nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin aktdan da məlum olur ki, suvarma sistemlərinin çəkilməsi düzgün aparılmamışdır və suvarma avadanlıqları sıradan çıxıb. Həmçinin yol verilmiş nöqsanlar və bağa maddi ziyan dəydiyi aktda qeyd edilmişdir. Bütün bu nöqsanlardan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin məlumatı olsa da, həmin nöqsanları aradan qaldırılmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin belə hərəkətləri xx.xx.2021-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 6-cı bəndinin tələblərinə ziddir. Çünki həmin bəndə əsasən icraçı yəni İddiaçı MMC satılan mallara zəmanət verdiyini bildirmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı suvarma sistemindən ümumilikdə 4 ay belə istifadə edə bilməmişdir. Bu səbəbdən də Cavabdeh məcburiyyət qarşısında qalaraq bağ sahəsinin tam qazılaraq suvarma sisteminin yenidən qurulmasını, su hovuzunun yenidən tikilməsini həyata keçirtmişdir. Bununla da, qarşılıqlı iddia üzrə iddiaçıya külli miqdarda ziyan dəymişdir. Halbuki qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çəkdiyi xərclərə görə gəlir götürməli idi, lakin İddiaçı MMC-nin öhdəliklərini yerinə yetirmədiyindən nəinki gəlirindən məhrum olmuşdur, həmçinin də ziyan çəkmişdir. Hazırkı suvarma sisteminin alınması üçün Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixinə 17000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat bank vasitəsilə və 20.000 ABŞ dolları əlbəəl İddiaçı MMC-nin əməkdaşı Yılmaz adlı (+**********320) şəxsə verilmiş, ümumilikdə Cavabdeh tərəfindən İddiaçı MMCyə 91000 manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə İddiaçı MMC-nin suvarma sistemini nasaz təhvil verməsi və sistemin düzgün quraşdırılmaması nəticəsində 37 ha bağ sahəsində yerləşən 32000 ədəd ağacdan 20.000 ədəd ağac susuzluqdan yanmasına və ağacların bar berməməsinə səbəb olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 130000 manat məbləğində ziyan vurulmuşdur. Dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinə müraciət edərək suvarma sisteminin geri qaytarılmasını tələb etsələr də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC suvarma sistemini geri qaytarmamış, nə də ki, nöqsanları aradan qaldırmamışdır. Məcburiyyət qarşısında qalan Cavabdeh bağ sahəsində yenidənqurma işləri aparır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat məbləğində ziyan dəymişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, suvarma sistemi iddiaçı tərəfindən quraşdırılmış, quraşdırılması düzgün olaraq həyata keçirilmiş, lakin bağ sahəsi böyük olduğundan müəyyən qədər səhvlərə yol verilmişdir. Lakin həmin səhvlər aradan qaldırılması mümkün olan səhvlərdir. Bu səbəbdən həmin suvarma sistemində olan nöqsanlar aşkar edilərsə, həmin təmirbərpa xərcləri alış qiymətindən çıxıla bilər. Bundan əlavə, suvarma sistemi Türkiyə Respublikasından idxal edilmiş, lakin pandemiya ilə əlaqədar olaraq yalnız mart ayının əvvəllərində ölkəyə gətirilmiş, 30 iyun tarixində quraşdırılıb işlək vəziyyətdə cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh aktı imzalamqdan imtina etmişdir. Suvarma sisteminə aid olan bütün sənədlər cavabdehə verilmiş, orada olan işçilərə təlimat keçirilmiş, sistemin iş fəaliyyəti onlara izah edilmişdir. Bundan əlavə, cavabdeh yeni təkliflər irəli sürmüş, bu səbəbdən bəzi detalların yenidən idxal edilməsinə zərurət yaranmışdır, bundan əlavə, cavabdeh əvvəlcə kompyuter sistemini istəməmiş, lakin daha sonra onu da istəmiş, bu səbəbdən ayrıca olaraq kompyuter sistemi iddiaçı tərəfindən alınaraq quraşdırılmışdır. Əlavə işlərlə bağlı ayrıca müqavilə imzalanmamışdır. Görülmüş əlavə işlərə, avadanlığıa dair hər hansı sənəd təqdim edə bilmir. Suvarma sistemi quraşdırıldıqdan sonra cavabdehin sifarişi ilə “X8” MMC tərəfindən rəy verilmiş, orada sistemin işlək vəziyyətdə olması göstərilmişdir. Lakin həmin MMC-yə müraciət etmələrinə baxmayaraq sifarişçi ilə onlar arasında bağlanan müqavilə, ödəniş sənədləri onlara təqdim edilməmişdir. Bundan əlavə, suvarma sisteminə mütəxəssis tərəfindən baxış keçirilən zaman işlək vəziyyətdə olmuş, lakin ekspertin iştirakı ilə baxış keçiriləndə suvarma sistemi işləməmiş, bu da onu göstərir ki, sonradan suvarma sisteminə qəsdən müdaxilələr edilmişdir. Damlama suvarma sistemi quraşdırılarkən bəzi xətalara yol verilmişdir. Hesab edir ki, suvarma sistemində olan nöqsanlar tərəflərindən aradan qaldırıla bilər. Belə ki, müqavilə şərtlərinə əsasən həmin sistemə iddiaçı tərəfindən qarantiya müəyyən edilmiş, həmin müddət hələ bitməmişdir. Lakin həmin sistemə iddiaçı tərəfindən baxış keçirilməsi üçün onların işçiləri həmin sahəyə buraxılmır. Bundan əlavə, cavabdehin qarşılıqlı iddia ərizəsində göstərilən ziyan məbləğləri ilə razı deyil. Belə ki, həmin ağaclar sıx şəkildə əkildiyi üçün kifayət qədər günəş şüası qəbul edə bilmir, bu səbəbdən məhv olmuşdur. Cavabdehin özünün təqdim etdiyi ekspert rəyində göstərilmişdir ki, ağaclar xəstəlik səbəbindən tələf olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi və ilk iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, damlama suvarma sistemi vaxtında quraşdırılmamış, quraşdırılandan 22 gün sonra onda problemlər yaranmış, bu barədə iddiaçıya dəfələrlə şifahi və yazılı şəkildə məlumat verilmiş, bir neçə dəfə iddiaçı tərəfindən orada təmir işləri aparılmış, lakin sonradan sistem ümumiyyətlə işləməmişdir. Bundan əlavə, suvarma sisteminin işləməməsi nəticəsində cavabdehə xeyli ziyan dəymişdir. İddiaçının nümayəndələri ekspertiza aparılan zaman orada iştirak etmiş, 4-5 saat suvarma sisteminə baxış keçirsələr də onu işlək vəziyyətə gətirə bilməmişlər. Damlama suvarma sistemi düzgün quraşdırılmamış, borular çox dərinə yerləşdirilmədiyi üçün tez-tez sıradan çıxır, bundan əlavə, borular bəzi yerlərdə qatlanaraq torpağın altına salınmış, nəticədə suvarma sistemi işlək vəziyyətə düşən kimi partlayır, bundan əlavə işlək yolun üzərində quraşdırılmış, nəticədə texnika həmin sahədə hərəkət edə bilmir, kompyuter sisteminin parolu onlara verilməmiş, bu səbəbdən həmin sistemə qəsdən müdaxilə edilməsi barədə iddiaçının arqumenti əsassızdır. Bundan əlavə, iddiaçının nümayəndələri tərəfindən suyun təzyiqi həddən artıq qaldırılsa da, su həddən artıq zəif axır, bəzi hissələrə isə ümumiyyətlə su gəlmir. Həmin suvarma sisteminə aid hər hansı sənəd onlara verilməmiş, işçilərə həmin sistemlə bağlı izahlar, təlimat keçirilməmişdir. İddiaçının işçilərin tez-tez dəyişilməsi barədə arqumenti ilə də razı deyil, belə ki, suvarma sistemi quraşdırılan zaman orada çalışan işçilər indi də çalışır. İddiaçının təqdim etdiyi “X8” MMC tərəfindən verilmiş rəylə də razı deyil, həmin rəy onların sifarişi ilə verilməmiş, həmin rəydən ilk dəfə məhkəmədə xəbər tutmuşdur. Bundan əlavə, suvarma sisteminin işləməməsi nəticəsində ağaclar məhv olmuş, onlara suya qatılaraq verilməli olan dərman vasitələri verilmədiyi üçün xəstəlik tapmışdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən icraçı sifarişçiyə məxsus sahədə (Azərbaycan Respublikası Ağsu rayonu, Rəhimağalı kəndində yerləşən bağ sahəsi) 1 dəst damlama suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Samux rayonu, Nəbiağalı qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh məxsus Samux rayonu, Samux şəhəri ünvanında yerləşən 37 ha torpaq sahəsinin 37 ha-da 1 dəst damlama suvarma sistemi quraşdırılacaqdır. Müqavilənin 2.1-ci bəndinə əsasən malların və onların çatdırılması daxil olmaqla ümumi dəyəri 187000 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə 2.1-ci bəndində qeyd edilən malların dəyərinin, yəni 115600 manat müqavilə imzalandıqdan sonra təqdim edilən hesab faktura əsasında 5 iş günü ərzində sifarişçi tərəfindən avans olaraq icraçının qeyd etdiyi bank hesabına nağdsız qaydada köçürülür. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalan, yəni 71400 manat mallar Türkiyə Respublikasından çıxdıqdan sonra ödənməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilədə qeyd edilən malların çatdırılma şərtləri CİP, Azərbaycan Respublikası Samux şəhəri, mallar sifarişçi tərəfindən ilk ödəniş ödənildikdən sonrakı 30 təqvim günü ərzində bu bənddə qeyd edilən ünvana çatdırılmalıdır. xx.xx.2021-ci il tarixli zəmanət aktından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1 dəst çiləmə suvarma sistemi üçün zəmanət verilmişdir. Qeyd edilən müddət ərzində istismar zamanı yarana biləcək nasazlıqlar, istehsalçı tərəfindən buraxılmış hər hansı bir qüsur ortaya çıxarsa ödənişsiz olaraq yerinə yetiriləcəkdir. Əgər istirmarçı tərəfindən yaranan nasazlıq əmələ gələrsə razılaşma əsasında servis xidməti tərəfindən ödənişli olaraq aradan qaldırılacaq. xx.xx.2021-ci il tarixli təhvil-təslim protokoluna əsasən bir dəst damlama suvarma sistemi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, akt iddiaçı tərəfindən təsdiq edilsə də, cavabdeh tərəfindən təsdiqlənməmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 17000 manat, xx.xx.2021-ci il tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli 010İNT********** nömrəli ödəniş tapşırığı ilə 10000 manat, ümumilikdə 57000 manat pul vəsaiti köçürülmüşdür. Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixdə pretenziya ünvanlayaraq tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əməl edilməsi, 10 gün müddətində damlama suvarma sisteminin gətirilərək quraşdırılması tələb edilmiş, əks təqdirdə əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı Məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş digər pretenziyalarda dəymiş ziyana görə 221000 manat pulun ödənilməsi, müqavilənin ləğv edilməsi, damlama suvarma sisteminin geri qaytarılması tələb edilmiş, əks təqdirdə Məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq damlama suvarma sistemi ilə bağlı işlərin tam görülmədiyini, işin keyfiyyətinin çox aşağı olduğunu bildirmiş, bu səbəbdən ona göndərilmiş xx.xx.2022-ci il tarixli, EBBG saylı 828279 saylı elektron qaiməni ləğv etməyi tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/2406 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh məxsus 37 ha torpaq sahəsində dəst damla suvarma sistemi quraşdırılacaqdır. Baxış zamanı İddiaçı MMC-nin nümayəndəsi ilə suvarma sisteminin işlək vəziyyətinin yoxlanması üçün eksperiment keçirilmişdir. Aparılmış eksperiment nəticəsində, ərazidə ağacların suvarmasının ardıcıllıqla aparılmasının və tam işlək vəziyyətə gətirilməsi mümkün olmadı. Belə ki, sonuncu ağaclara su çatmadığı və boru xətlərində tam suyun təyziqinin qaldırılması mümkün olmadı. Qeyd olunur ki, suvarma sistemlərinin quraşdırılması xüsusi növ işlərə aid olduğu üçün tədqiqat mütəxəssis rəyinə əsasən aparılır. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən Samux rayonunda 37 ha torpaq sahəsində quraşdırılmış suvarma sistemində aşağıdakı qüsurların olduğu müəyyən olunur: sahə üçün nəzərdə tutulan damlama suvarma sistemi hidravlik hesablamalar cəhətindən düzgün planlanıb, lakin montaj və icra zamanı müəyyən qüsurlara yol verilib. Məsələn, suvarma idarəetmə cihazı (taymer) düzgün ayarlanmayıb. Bu səbəbdən sahədə suvarma düzgün aparılmır, yəni suvarma bərabər şəkildə həyata keçirilmir. Birinci hissədə 3 qurşaq şaftalı, 2 qurşaq gilas və 2 ha armud bir yerdə sulanır. Digər qurşaqlarda da avtomatika düzgün aparılmır, yəni suvarma bərabər şəkildə həyata keçirilmir. Birinci hissədə 3 qurşaq şaftalı, 2 qurşaq gilas və 2 ha armud bir yerdə sulanır. Digər qurşaqlarda da avtomatika düzgün ayarlanmadığı üçün suvarma sistemi düzgün işləmir, meyvə seçimi qarışıb. Ərazidə 7 cərgə gilasın köçürülməsi mütləqdir. Ərazidə 1, 2, 3, 4 və 18 nömrəli elektromaqnit klapanlar (solenoid) düzgün montaj edilib, digərləri isə işlə yolun üzərində quraşdırılıb ki, bu da maneçilik törədir. Mütləq şəkildə həmin klapanların yerləri dəyişdirilməlidir. 18 elektromaqnit klapan (gavalı) xəttinin yeri dəyişdirilmişdir, paylama xəttinin yeri düz seçilmədiyinə görə 2 və 4cü sahələrinin montajı düz aparılmışdır, lakin sonradan PVC (polivinil xlorid) borular PE (polietilen) borularla əvəz edilmişdir. Səbəb - əkin ölçülərin dəyişdirilməsidir, ilkin sifariş cərgələr arası 5 metr məsafəni nəzərdə tuturdu, sonradan bu göstərici 4 metrə dəyişdirildi. Ərazidə 7 sızma və sıradan çıxma ərazisi müəyyən olunmuşdur ki, bunlardan biri kənardan fiziki təzyiq nəticəsində, altısı isə montaj zamanı yola verilən səhvlər nəticəsində yaranıb. Bu nöqsanlardan 4-ü ərazidəki işçilər, 3-ü isə montaj həyata keçirən şirkət tərəfindən bərpa olunub. Ərazidə istifadə olunmuş materialların keyfiyyətinə gəlincə bildirilir ki, sahədə suvarma sahəsində tanınan, brend hesab edilən mallardan istifadə olunub. Mallar keyfiyyətlidir və sertifikatlaşdırılıb. Su hovuzu ilə əlaqədar görülmüş işlər sifarişçini qane etməyib, belə ki, hovuz simmetrik tikilməyib (sifarişçinin iddiasına görə hovuzda su sızmaları olub, lakin icraçı bununla razılaşmır). Sifarişçi yuxarıda qeyd olunanlar səbəbindən podratçı şirkətə xəbər vermədən öz tərəfindən hovuzda təmir və yenidənqurma işləri aparıb. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, sahə üçün nəzərdə tutulan damlama suvarma sistemi hidravlik hesablamalar cəhətindən düzgün planlanıb, lakin montaj və icra zamanı müəyyən qüsurlara yol verilib. Məsələn, suvarma idarəetmə cihazı (taymer) düzgün ayarlanmayıb. Bu səbəbdən sahədə suvarma düzgün aparılmır, yəni suvarma bərabər şəkildə həyata keçirilmir. Birinci hissədə 3 qurşaq şaftalı 2 qurşaq gilas və 2 ha armud bir yerdə sulanır. Digər qurşaqlarda da avtomatika düzgün ayarlanmadığı üçün suvarma sistemi düzgün işləmir, meyvə seçimi qarışıb, ərazidə 7 cərgə gilasın köçürülməsi mütləqdir. Ərazidə 1,2,3,4 və 18 nömrəli elektromaqnit klapanlar (solenoid) düzgün montaj edilib, digərləri isə işlək yolun üzərində quraşdırılıb ki, bu da maneçilik törədir. Mütləq şəkildə həmin klapanların yerləri dəyişdirilməlidir. 18-ci elektromaqnit klapan (gavalı) xəttinin yeri dəyişdirilmişdir, paylama xəttinin yeri düz seçilmədiyinə görə, 2 və 4-cü sahələrinin montajı düz aparılmışdır, lakin sonradan PVC (polivinil xlorid) borular PE (polietilen) borularla əvəz edilmişdir. Səbəb - əkin ölçülərinin dəyişdirilməsidir, ilkin sifariş cərgələr arası 5 metr məsafəni nəzərdə tuturdu, sonradan isə bu göstərici 4 metrə dəyişdirildi. Ərazidə 7 sızma və sıradan çıxma ərazisi müəyyən olunmuşdur ki, bunlardan biri kənardan fiziki təzyiq nəticəsində, altısı isə montaj zamanı yol verilən səhvlər nəticəsində yaranıb. Bu nöqsanlardan 4-ü ərazidəki işçilər, 3-ü isə montaj həyata keçirən şirkət tərəfindən bərpa olunub. Ərazidə istifadə olunmuş materialların keyfiyyətinə gəlincə bildirilir ki, sahədə suvarma sahəsində tanınan, brend hesab edilən mallardan istifadə olunub (Ege Yıldız, Netafim). Mallar keyfiyyətlidir və sertifikatlaşdırılıb. Su hovuzu ilə əlaqədar görülmüş işlər sifarişçini qane etməyib, belə ki, hovuz simmetrik tikilməyib (sifarişçinin iddiasına görə hovuzda su sızmaları olub, lakin icraçı bununla razılaşmır). Sifarişçi yuxarıda qeyd olunanlar səbəbindən podratçı şirkətə xəbər vermədən öz tərəfindən hovuzda təmir və yenidənqurma işləri aparıb (video və fotoçəkilişlər mövcuddur). Gölə atılan su qəbulu klapanı (əks klapan) su saxlamadığı üçün borusu ilə birilikdə sifarişçi tərəfindən dəyişdirilib. Nasosun invertor sistemi düzgün çalışmadığı üçün bir neçə dəfə sifarişçi tərəfindən ayarlanıb və bu gün işlək vəziyyətdədir. Əlavə olaraq qərardadda qoyulan 5 və 6-cı sualları cavablandırmaq qeyri-mümkündür, çünki suvarma sahəsinə aid olan malların qiyməti mütəmadi olaraq xammalla əlaqədar dəyişir. Çəkilən zərər və bərpa üçün tələb olunan vəsait yalnız bu işi icra edəcək şirkətlə razılaşdırılıb müəyyən edilməlidir. Maddi ziyan isə yenidən alınması lazım olan və xarab olmuş məhsulların dəyərinin müəyyən olunması ilə məlum edilə bilər. Suvarma avadanlıqları və malları əraziyə gətirilərkən hər hansı bir təhvil-təslim aktı imzalanmayıb və işlərin təhvil verilməsi haqqında hər hansı bir sənəd mövcud deyil. Məhkəmə iclasına dəvət olunmuş mütəxəssis Namiq Hacıyev izahatında bildirdi ki, "xxxx" MMC-nin direktorudur. 14 ildir ki, bu sahədə mütəxəssisdir, ölkədə olan bu sahədəki bütün mütəxəssisləri tanıyır. Məhkəmənin müvafiq qərardadı əsasında Cavabdeh məxsus Samux rayonunda yerləşən 37 ha bağ sahəsinə işçiləri mühəndis Mehman Şirinovla tərəflərin nümayəndələrinin iştirakları ilə baxış keçirilmiş, materiallarda olan tərəflərindən verilən rəyi müdafiə edir. Əlavə olaraq bildirdi ki, həmin bağ sahəsində məhkəmə mübahisəsindən öncə də olmuşdur. Belə ki, ona da həmin sahədə damlama suvarma sisteminin quraşdırılması təklif edilmiş, tenderi digər şirkət qazanmışdır. İş bitəndən sonra ərazidə nasazlıqların olması barədə onlara Cavabdeh işçiləri tərəfindən dəfərlədə məlumatlar gəlirdi ki, borular partlayır. Materiallar əraziyə gətiriləndən sonra onlar gedib həmin materiallara baxış keçirtmişlər. Materiallar keyfiyyətli materiallar idi. “Netafim” şirkətinə aiddir. Bu sahədə ad çıxarmış brenddir. Materialların sənədləri olmasa belə, onlara vizual baxış keçirilən zaman keyfiyyətini və firma malın olub-olmamasını müəyyən etmək olur. Belə ki, əgər mallar brend deyil, saxta olsaydı, onların içərisində istehsal tarixi və brend adı göstərilməzdi. Borularda istehsal zamanı yaranmış qüsur yox idi. Olsa da, bir faiz olar. Borularda qüsur yox idi. Həmin boruları quraşdıran təşkilat, kimdirsə, tanımır, səhv quraşdırmışdır. Quraşdırma zamanı səhvlərə yol vermişdir. Belə ki, paylanma boru klapanları mərkəzi yolun ortasında qoyulub, quraşdırılma yerləri səhv idi, bunun nəticəsində də sistemdə əhəmiyyətli problemlər yaranıbdır. Quraşdırılma və montaj arasında heç bir fərq yoxdur, eyni anlayışdır. Əkin sahələri düzgün planlaşdırılmayıb, ağacların yerləri dəyişdirilməlidir. Sıralar arası məsafə düzgün hesablanmayıbdır. Bu da istifadə zamanı ciddi problemlər yaradır. Su paylayıcı qurğular yolun ortasına düşür. O, əraziyə baxış keçirən zaman avadanlığın hamısı işlək vəziyyətdə deyildi. Bəzi hissələr işlək, bəziləri işlək olmayan vəziyyətdə idi. Təxmini ümumi ərazinin 5-10 hektarında boruların klapanlarının işləməsində nasazlıq var idi. Avadanlığın kompyuter sistemində siqnalların işləməsində problem var idi. Ərazidə relyef dəyişik relyef oluğu üçün ona uyğun boru çapları düzgün seçilməmişdi, nəticədə hündür olan yerlərə su çatmırdı, boru seçimi düzgün edilməmişdi, təzyiq artırılsa belə həmin yerlərə su çatmayacaqdır. Hidravlik hesabat səhvdir, su var, amma düzgün planlaşdırılmayıbdır. Avadanlıqda nasazlıqların yaranmasında avadanlığın düzgün istismar edilməməsinin ehtimalı 10%-dir. Bu da suyun mənbəyi, yəni göllə bağlı problemdir, su lillidir. Su daim filtrasiya olunmalı, təmizlənməlidir. Əgər suyun filtrasiya sistemi düzgün işləmirsə, avadanlıqda nasazlıqlar yarana bilər, borular tutula bilər. Əsas filtrlər düzgün işləməlidir ki, bu da komyuter sisteminə bağlıdır, o, düzgün çalışmasa, filtrlər suyu təmizləməyəcəkdir. Komyuter sistemi işləyir, amma düzgün işləmir, məsələn su gəlir, filtr 1 saatdan bir işləməlidir, klapan işləmədiyi üçün iki saatdan bir suyu təmizləyir. Nəticədə filtr dolur, öz-özünü təmizləməyə gücü çatmır. Belə problemlər var idi. Avtomatikanın tam işləməməsi kompyuter sisteminin düzgün quraşdırılmaması ilə bağlı idi. Düzgün quraşdırılsaydı, avtomatika işləyib təmiz suyu sahəyə göndərərdi. Avadanlıqda filtrasiya sistemi qoşulub, lakin düzgün işləmir. Təmir olunması mümkündür. Müəyyən ərazidə damlama-suvarma sisteminin quraşdırılmasında səhvlər var idi. Bütün ərazidə deyil, bir hissəsində quraşdırılmada səhvə yol verilib, təxminən 10-15 ha ərazidə. Suvarma sistemi 3 hissədən - göl, nasos sistemi və borudan ibarətdir. Boru yerin altındadır. Hamısı borular səhv qoyula bilməz. Onu çəkən bu qədər savadsız ola bilməz, müəyyən əraziyə qədər su gedir, lakin digər hissəyə boru çapı balaca olduğu üçün, klapanda problem olduğu üçün su çatmır. Həmin boruları da kəsib təmir etmək mümkündür. Lakin ana xətt, nasos normaldır. Borular müəyyən qədər təzələnməlidir. Layihəni görməmişdir. Onun işçiləri sahənin şəkillərini çəkmişdilər, baxan kimi anlamışdır ki, bəzi yerlərə su düzgün çəkilməmişdir. Əgər borular xaricdən gətirilibsə, mütləq onun layihəsi olmalıdır, layihəsi olmuşdur ki, ona əsasən borular çəkilibdir. Komyuter sistemi damlama suvarma sisteminə daxildir, komplektə daxildir, onun beynidir. Ölkəyə irriqasiya sistemi gətiriləndə qanunvericiliyin tələbinə əsasən nasos, damlama borusu, beyni (avtomatika sistemi) olmalıdır. İrriqasiya, damlama suvarma sistemi gömrük rüsumlarından azaddır. Təmir edilsə, təyinatı üzrə istifadə edilə də bilər, edilməyə də. Qüsurların aşkar edilməsi prosesində sistemin tam zay şəkildə olması da müəyyən edilə bilər. Belə ki, sistem bir müddət işləyib, filtrasiya düz olmadığı üçün borular tutulub, test edildikdən sonra əsal vəziyyət müəyyən edilə bilər. Bu, bağ sahəsi qazılıb borulara baxış keçirilməsə, mümkün deyildir. Deyilən qüsurlar suvarma sistemi işə salındıqdan maksimum bir aya üzə çıxacaqdır. Əgər 1 ay sistem problemsiz işləyibsə, demək ki, sistemdə problem yoxdur. Baxış zamanı aşkar edilən qüsurların, səhvlərin 80 faizi səhv quraşdırmadan irəli gəlir. Həmin problemlər də daha sonrakı problemləri yaradır. Problemlər zəncirvari ortaya çıxır, bir problem yaranır, vaxtında aradan qaldırılmır, yenisi yaranır. Ona görə rəydə sistemin işlək vəziyyətdə olması yazılmışdır ki, bəzi hissələrə su gəlir, işlək vəziyyətdə olmaması o halda yazılardı ki, heç su gəlmir. Məsələn, 100 ton su lazımdır, sistem 50 ton su verə bilir. Səbəbi də odur ki, boruların ağzına qum yığılıb, çünki filtlər işləmir. Təmir işlərinin aparılması üçün müəyyən xərclər çəkilməsi lazım olacaq. Belə ki, həmin borular yerin altındadır. Həmin borulara baxış keçirilməsi üçün qazıntı işlərinin aparılması zəruridir. Belə olan halda, bəzi boruların zərər görməsi qaçılmaz haldır. Traktor qazacaq, borular yerin altındadır, texnika onun dəqiq harada olmasını bilmir, yeri qazanda bir hissəsini qıracaq və sairə. Bundan əlavə, təkcə problemin aşkar edilməsi üçün onlara 2000-3000 ABŞ dollar ödənilməlidir, bura texnika və işçi qüvvəsinin pulu daxildir. Daha sonra sahə qazılaraq borulara baxış keçiriləcək, daha sonra dəqiq hansı problemlərin olması, habelə həmin problemlərin aradan qaldırılmasına çəkiləcək xərc müəyyən edilməlidir. Belə təxmini əsaslı yenidənqurma xərclərinin dəyəri 100000-150000 ABŞ dolları dəyərindədir. Bundan artıq olmaz. Borular paylanma nöqtəsindən çapılmalı, göl yenidən qurulmalı, əlavə filtlər qoyulmalıdır. Çünki bəzi işlər əvvəlcədən düzgün görülməmişdir, gölə əvvəldən lilli su dolur, filtrlər qoyulmayıbdır. Müəyyən qədər təmir edilsə, 30000-50000 ABŞ dolları pul lazımdır, lakin o, əsaslı təmir olmayacaq, yenidən problemlər yaranacaq. Hazırkı damlama suvarma sisteminin əksər hissəsi yenilənməlidir. Daha əvvəl o, həmin əraziyə gələndə orada köhnə damlama-suvarma sistemi yox idi. Orada yalnız köhnə hovuz var idi. Bu da hər hansı damlama suvarma sisteminə aid deyildir. Ora Cavabdeh onu suvarma sistemi quraşdırılmamışdan əvvəl mütəxəssis kimi dəvət etmişdi. Onun rəhbəri olduğu şirkət montaj və quraşdırma işləri ilə məşğul olmur, layihələr hazırlayır, daha kiçik şirkətlər həmin layihə əsasında işləri görürlər. Ağaclar arası məsafə xatırladığı qədər 5*3 ölçüdə idi. Əkinin hansı qaydada aparılması suvarma sisteminin qurulmasına aid olmayan haldır. Real təmir xərclərinin hesablanması çətindir. Forma 2 tərtib edilməlidir. Belə ki, buna görə sahənin layihəsi təqdim olunmalıdır, sahəyə baxış keçirilməlidir, qazıntı işləri aparılmalıdır. Təmir xərclərinin hesablanması üçün 2000- 3000 ABŞ dolları arası vəsait tələb olunacaq. Təmir xərclərinin hesablanması çox çətin, bahalı və vaxt tələb edən prosesdir. Baxış zamanı borulara bir-bir baxılmalı, borular arası keçidin necə olması müəyyən edilməlidir. Baxışdan sonra 95 faiz xərc müəyyən ediləcəkdir. Layihəsi olmalıdır, layihəsi varsa, düzgün çəkilibdir, layihəsi yoxdursa, mütəxəssis borular yerin altındadırsa, sistemin düzgün quraşdırılıb quraşdırılmadığını bilə bilməz. Onlara bu sistemin layihəsi təqdim edilməmişdir. Sistemi çəkən şirkət suvarma sisteminin layihəsini möhürlə təsdiqləyib sifarişçiyə verməlidir, həmin layihə əsasında dövlətdən subsidiya alınır. Suallara cavab olaraq bildirdi ki, inventor sistemi əvvəldən düzgün quraşdırılmayıbdır, tənzimləmə düzgün edilməyibdir. Belə ki, inventor düzgün tənzimlənməlidir, tənzimlənməsə bəzi yerlərə təzyiq aşağı olması səbəbindən su çatmayacaq, bəzilərinə isə əksinə, su çox yuxarı təzyiqlə gedərək boruları partladacaqdır. Həmin borular 6 atmosferdir, ona veriləcək maksimal atmosfer 4 atmosferdir, əgər ekspert baxış keçirən zaman 4 atmosfer təzyiqində su boruya çatmayıbsa, deməli hidrovlik hesabat (sahənin bəzi hissələrinin yuxarı, bəzilərinin aşağıda olmasının nəzərə alınmaması) səhvdir. Məhkəmə iclasında şahid Yılmaz Ozhasan ifadəsində göstərdi ki, hər iki tərəfi tanıyır, münasibətləri normaldır, qərəzli deyildir. Özü damlama suvarma sistemi quraşdıran şirkətlərdən birində çalışır. İddiaçı MMC ilə əməkdaşlıqları olubdur. Əsas fəaliyyət növü meyvə əkinlərinin yetişdirilməsi və suvarılmasıdır. Cavabdeh atası Cavid bəyi tanıyır. Münasibətləri normaldır. Cavid bəy iki il öncə ona damlama-suvarma sisteminin quraşdırılması ilə bağlı müraciət etmişdir. Ödənişlərin qabaqcadan ödənilməyəcəyi bildirildiyindən o, bununla razılaşmamışdır. Əraziyə gedən zaman orada 3 il öncə əkilmiş şaftalı bağları var idi. Cavid bəyə qiymətləri bildirmiş və o,İddiaçı MMC ilə əməkdaşlıq etməyə razılıq vermişdir. Ərazidə 10-11 hektarlıq ərazinin suvarması nəzərdə tutulmuş köhnə suvarma sistemi var idi. Kompyuterdə Google map sistemi vasitəsilə ərazinin ölçülərinə uyğun damlama suvarma sisteminin yerləşəcəyi çertyoju tərtib etmiş və Cavid bəyə təqdim etmişdir. İddiaçı MMC məhz həmin çertyoja əsasən quraşdırılma işlərini aparmış, həmin sxem hazırda iş materiallarındadır. Ərazidə artıq nasosxana, su hovuzu var idi. Ərazidə köhnə damlama-suvarma sistemi olmasa idi belə çertyoj təqdim edilən şəkildə olacaqdı. Suvarma sisteminin quraşdırılmasında iştirak etməmiş, kənardan nəzarəti həyata keçirirdi. Bunu ona görə edirdi ki, Cavabdeh İddiaçı MMC ilə şəxsən özü tanış etmiş, özünü bu işdə məsul şəxs hesab edirdi. Belə ki, hər hansı problem olacağı təqdirdə ilk öncə ondan səbəbi soruşulacaqdı. Damlama-suvarma sistemi düzgün şəkildə çəkilmişdi. Quraşdırılma işləri təhvil veriləndən sonra 3 dəfə əraziyə getmişdir. Kompyuter sisteminin istifadəsində problemlər yaranmışdı, daş parçasının boruya ilişməsi səbəbindən boru sıradan çıxmışdı. Damlama-suvarma sisteminə kompyuter sisteminin quraşdırılması müştərinin istəyindən asılıdır. Sonuncu dəfə ekspertiza keçiriləndə ərazidə olmuşdur. Suvarma sisteminə müdaxilələrin edilməsinə görə suvarma sistemi işləmirdi. Suvarma sisteminin işləməməsinin səbəbi personalın avadanlıqdan düzgün istifadə etməməsidir. Hazırda suvarma sistemi işlək vəziyyətdədir, işləməməsi üçün heç bir səbəb yoxdur. Cavid bəy tez-tez işçi dəyişir. Yeni gələn işçi isə avadanlıqdan təyinatı üzrə istifadə edə bilmir. C.Hüseynov tərəfindən ona hər hansı bir vəsait ödənilməmişdir. Həmin dövrdə onun Gəncədə başqa bir layihəsi var idi. Gəncəyə gedən zaman Samux rayonunda suvarma sisteminin quraşdırılmasına da nəzarət edirdi. Avadanlıq mart ayında ölkəyə idxal olundu, may ayında avadanlıq quraşdırılıb cavabdehə təhvil verilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, suvarma sistemi test olunan zaman iştirak etməmişdir. İddiaçı MMC-nin dediyinə görə onun əməkdaşları 2-3 dəfə cavabdehə avadanlığın istifadə qaydasını izah etmiş, özü birbaşa izah edilərkən orada olmamışdır. Yəqin ki, suvarma sisteminə aid olan sənədlər də Cavabdeh təqdim edilmiş, lakin bunun birbaşa şahidi deyildir. 20000 ABŞ dolları məbləğində vəsait ona ödənilməmişdir. Cavid bəy ilə ilk dəfə Bakı şəhərində yerləşən ofisində danışıqlar aparmışdır, daha sonra əraziyə gedib baxış keçirtmişdir. Ərazinin bir hissəsində artıq əkinlər var idi, boş qalan ərazidə də əkinlərin olacağını bildirilmişdi. Lakin boş qalan ərazidə hansı növ əkinlərin olacağını ona deməmişdilər. Damlama-suvarma sisteminin layihələndirməsində ağacların növü vacibdir. Ekspertiza keçirilən zaman ərazidə artıq yeni əkinlər var idi. Yeni əkilən ağaclar 4:1 ölçüdə əkilmişdi, lakin suvarma sisteminin layihələndirməsi isə ağacların 5:3 ölçüdə əkilməsini nəzərdə tuturdu. Suvarma sisteminin quraşdırılmasının gecikdirilməsi ölkədə olan pandemiya vəziyyəti və Cavid bəyin əlavə sifarişlərinin olması ilə əlaqəli idi. İxtisaslı işçiləri əraziyə özləri gətirmiş, ixtisası olmayan işçiləri isə həmin ərazidən “qara” işlərin görülməsinə cəlb etmişlər. Əraziyə gedən zaman səkkiz ağacın quruduğunu görmüşdür. Ərazidə kütləvi şəkildə ağacların quruması halı baş verməmişdir. İddiaçı MMC-nin rəhbəri Ömər bəy ilə əraziyə gedən zaman Cavid bəy onlara su hovuzunun əyri olmasını bildirdi. Su hovuzunun əyri olmasının səbəbinin isə həmin hovuzun yanında hündür tikilinin olması olduğunu ona bildirmişlər. Su hovuzunun əyri inşa edilməsinin suvarma sisteminin işləməsinə heç bir təsiri yoxdur. Hovuzun su buraxmaq kimi problem yox idi. Hovuzun tikilməsini İddiaçı MMC həyata keçirdi. Torpaq qazılır, sintetik maddə həmin yerə tökülür və daha sonra hovuza su buraxılır. Cavid bəyin ödənişi gecikdirməsinin səbəbi kimi avadanlığın gec quraşdırılmasını bilir. Kompyuter sisteminin tənzimlənməsi onlardan tələb olunmamışdır. Kompyuter sisteminin tənzimlənməsi 15-20 dəqiqə, motor və filtr sisteminin tənzimləməsi 3-4 saat vaxt tələb edir. Həmin işlərin görülməsi üçün iki nəfər işçi tələb olunur. Plan-sxem Cavid bəyə təqdim edilmişdir. Plan-sxem hər iki tərəfə bir nüsxədə təqdim edilmişdir. Boş ərazidə suvarma sisteminin quraşdırılması plan-sxem üzrə aparılmışdır. Müdaxilələrin olması nəticəsində baş vermiş nasazlıqlar artıq icraçının öhdəliyində deyil. Hovuzun əyri inşa edilməsi qəsdən baş verməmişdir. Ağaclar arası məsafə 5 metrdir. Boruların işlək yolun üzərində quraşdırılması onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Ekspertiza keçirilən zaman avadanlığın onun tərəfindən işə salına bilməməsinin səbəbi zəruri alətlərin yanında olmaması idi. Avadanlığın istifadə qaydası Vüqar bəyə izah edilmişdir. Əraziyə yenidən gedən zaman, ekspertiza keçirilən vaxt Vüqar bəy orada idi. İşçilərə yazılı qaydada təlimat keçirilməmişdir. Avadanlığın taymerinin şifrəsinin verilməməsi servisin öhdəliyində idi. Şifrənin işçilərə verilməməsinin səbəbi kənar müdaxilələrin qarşısının alınmasıdır. Belə ki, işçi bilməyərəkdən də həmin sistemə müdaxiə edə bilər. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə ilk növbədə ilk iddia tələbinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, satıcı (iddiaçı) alıcını (cavabdeh) bir dəst damlama suvarma sistemi ilə təmin edib cavabdehə məxsus ərazidə quraşdırmağı, alıcı isə onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İlk iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etdiyini, müqavilə şərtlərinə uyğun malı işlək vəziyyətdə cavabdehə təhvil verdiyini bildirir, cavabdeh isə buna etiraz edərək quraşdırılmış damlama suvarma sisteminin işlək vəziyyətdə olmadığını, istifadə tam yararsız olduğunu, nəticədə ona ziyan dəydiyini iddia edir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də müqavilə şərtlərinə uyğun malın təhvil verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bununla bağlı “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Kənd təsərrüfatı təyinatlı damlama suvarma sisteminin bazar dəyərinin qiymətləndirilməsinə dair” hesabatı təqdim etmişdir. Həmin hesabata əsasən damlama suvarma sistemi yenidir və istifadəyə tam yararlıdır. Məhkəmə həmin rəyi damlama suvarma sisteminin quraşdırıldıqdan sonra tam işlək vəziyyətdə olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, cavabdehin nümayəndəsi həmin qiymətləndirici şirkət tərəfindən damlama suvarma sisteminə baxış keçirilmədiyini bildirmiş, iddiaçı həmin qiymətləndirmənin cavabdehin sifarişi əsasında həyata keçirildiyini, bununla bağlı yaranmış xərclərin cavabdeh tərəfindən ödənildiyini bildirsə də, bunu təsdiq edən sənədləri (müqavilə, ödəniş qəbzləri və sairə) Məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, həmin hesabata əlavə edilmiş suvarma sisteminə dair fotoşəkillərdən görünür ki, suvarma sistemi quraşdırılmamış vəziyyətdə olmuş, bunu iddiaçının nümayəndəsi də izahatında təsdiq etmişdir. Məhkəmə damlama suvarma sisteminə aid olan sənədlərin (texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatı və i.a.) təqdim edilməsini iddiaçının nümayəndəsinə bir neçə dəfə təklif etsə də, iddiaçı həmin damlama suvarma sisteminə aid olan hər hansı sənədi təqdim etməmiş, əvvəlcə təqdim edəcəyini bildirsə də, sonradan həmin sənədlərin iddiaçıya damlama suvarma sistemi ilə birlikdə təhvil verildiyini, habelə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1.5-ci bəndinə əsasən istismar qaydalarının cavabdehin işçilərinə izah edildiyini, lakin cavabdeh tərəfindən həmin işçilərin əmək müqavilələrinə tez-tez xitam verilməklə yeni işçilərin işə qəbul edildiyini, nəticədə suvarma sistemindən təyinatı üzrə düzgün istifadə edilməməsi nəticəsində sıradan çıxdığını bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi buna etiraz edərək damlama suvarma sisteminə aid olan hər hansı bir sənədin (texniki pasport, keyfiyyət sertifikatı, istismar təlimatı və i.a.) onlara təqdim edilmədiyini, materiallarda olan sxem-çertyojun isə ekspertiza tədqiqatı zamanı iddiaçı tərəfindən onlara verildiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin damlama suvarma sistemi ilə bağlı ekspert rəyində göstərilənlərlə bəzi istisnalarla razılaşdığını, damlama suvarma sisteminə ekspertin iştirakı ilə baxış keçirilərkən işlək vəziyyətdə olmadığını, bunun da səbəbinin həmin sistemə cavabdeh tərəfindən qəsdən zərər yetirilməsi ilə bağlı olması ilə əlaqəli olduğunu göstərsə də, həmin damlama suvarma sisteminə cavabdeh tərəfindən qəsdən müdaxilə edilməsini, həmin suvarma sistemində olan problemlərin məhz ondan təyinatı üzrə istifadə edilməməsi ilə əlaqəli olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində üç dəfə həmin sistemin iddiaçı tərəfindən təmir edildiyini, həmin nasazlıqların baş verməsinin təqsirkarının cavabdeh olduğunu göstərsə də, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bu barədə hər hansı akt tərtib edilmədiyini, təmir xərcləri ilə bağlı cavabdehdən hər hansı vəsait alınmadığını göstərmiş, zəmanət şərtlərinin tələblərinə zidd olaraq bunun edilməməsinin səbəbini tərəflər arasında anlaşılmazlıqlara yol verilməməsi ilə əlaqələndirmişdir. Bundan əlavə, iddiaçı komyuter sistemi, idarəetmə cihazı olan taymerin sonradan cavabdehin sifarişi əsasında təhvil verildiyini bildirsə də, həmin sistemə, cihaza aid olan hər hansı sənədi Məhkəmə tərəfindən ona təklif edilməsinə baxmayaraq təqdim edə bilməmişdir. İddiaçı daha sonra Məhkəməyə şahid ifadələri təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, İddiaçı MMC-də 2019-cu ildən usta vəzifəsində işləyir. Samux rayonunda quraşdırma işləri payız aylarında həyata keçirilirdi. Lakin dəqiq il, ay yadında deyildir. Bağın sahəsi təxmini 40 hektara yaxın idi. Bağda ağaclar var idi. Ərazidə daha əvvəl suvarma sistemi var idi. Onlar əraziyə gedəndə orada köhnə borular var idi. O, nasosxanada boruları quraşdırmışdır. Quraşdırılmanı çertyoj əsasında həyata keçirirdi. Suvarma sistemini test etmiş, heç bir nasazlıq aşkar olunmamışdır. Suvarma sistemində aşkar olunan qüsurlar istifadə nəticəsində yaranan qüsurlar idi. Hovuzda klapan su saxlamırdı, bunun səbəbi hovuzdakı suyun çirkli olması idi. Suvarma sisteminin filtrləri var. Avadanlıq quraşdırılandan sonra işçilərə suvarma sistemindən istifadə qaydalarına dair təlimat keçdilər. Əraziyə təmir üçün iki dəfə getmişdir. Ərazidə olan işçi boltu açıb borudakı suyu yoxlamalı idi. Avadanlığı test edəndə bütün əraziyə su çatırdı. Quraşdırılma həyata keçirilərkən onlara kənardan hər hansı müdaxilə olmayıb. Cərgələrin ortasına boruların qoyulub-qoyulmamağı tam yadında deyildir. Sahədə - şumlanan ərazidə nəyinsə sıradan çıxmasını görməmişdir. O, ora gedəndə borular üçün yerlər artıq qazılıb qoyulmuşdu. Onlar həmin boruları qoymuşlar. İşlək yolda boruların quraşdırılmasını Yılmaz onlara göstəriş vermişdir. O, layihəyə baxanda bunun düzgün olmadığını bilmiş, daha sonra bununla bağlı məlumat vermişdir. Yılmaz ona bu barədə məlumat verəndə deyirdi ki, problem deyil, necə var quraşdırın. Boruların yerini kimin qazdığını bilmir. Boru cərgənin tam ortası ilə deyil, ortadan bir qədər kənarı ilə qoyulub. Materiallarda olan çertyoj əsasında sistem quraşdırılmışdır. Çertyoju Ömər, yəni İddiaçı MMC-nin direktoru çəkib. Borular işlək yolun üzərində quraşdılsaydı, kranlar texnikanın getməyinə mane ola bilərdi. Montaj-icra zamanı qüsurlara yol verildiyini qəbul etmir. Onlar nə qüsurlar varsa, hamısını sonradan aradan qaldırmışlar. Qüsurlar səhv istifadə üzündən əmələ gəlmişdi. Klapanı da onlar dəyişdilər. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, İddiaçı MMC-də elektrik vəzifəsində işləyir. Samux rayonunda suvarma sisteminin quraşdırma işlərinin nə vaxt aparılması dəqiq yadında deyildir. Təxmini 2-3 il əvvəl payız ayları idi. Elektrik işlərinin görülməsində iştirak etmişdir. Sahə tam boş deyildi, əkinlər var idi. Quraşdırma işləri plansxem əsasında aparılırdı. Suvarma üçün iki ədəd mühərrik quraşdırılmışdır. Quraşdırma işlərini göstəriş əsasında həyata keçirirdi. Suvarma sistemi test olunan zaman orada iştirak etmişdir. Quraşdırılan mühərriklər təlimat əsasında quraşdırılırdı. Mühərriklər Türkiyə istehsalı “Dumac” markalı mühərriklər idi. Bağın sahibi işlərinə heç vaxt müdaxilə etmirdi. Həmin sahədə daha sonra 3-4 dəfə olmuşdur. Həmin əraziyə təmir ilə bağlı təxmini 1-2 dəfə getmişdir. Quraşdırma işləri təxmini 1-2 ay müddətində həyata keçirildi. Suvarma sistemi işə düşən kimi suyun filtrasiyası aparılır. Filtrlər işləməsə, təzyiq qalxır və sistem sönür. Avadanlıq test olunan zaman sistem tam işlək vəziyyətdə idi. Su bağın bütün ərazisinə çatırdı. Bu işdən başqa Samux rayonunda quraşdırma işlər aparmamışlar. İdarəetmə cihazının taymerini onlar quraşdırmışlar. Elektromaqnit klapanları onlar quraşdırmışlar. Pano - uzaqdan idarəetmə sistemidir. Sonuncu dəfə əraziyə servis üçün avadanlıq quraşdırılandan 1-2 ay sonra getmişlər, lakin həmin əraziyə buraxılmamışlar. Avtokranlara müdaxilə olunmuşdu. Həmin müdaxilələrin kimin tərəfindən olunması barədə məlumatı yoxdur. Suallara cavab olaraq bildirdi ki, həmin bağın yeri dəqiq yadında deyildir, həmin əraziyə 3-4 dəfə getmişdir, avadanlığın üzərində manometrlər var. Avadanlığa elektrik tənzimləyicisi quraşdırmamışlar. Suvarma sisteminin işləməsi ilə bağlı işçilərə təlimat keçmişdir, lakin həmin işçilərin adı yadında deyil. Klapanların su saxlamamasının səbəbi tullantıların ora yığılmasından ibarət idi. Həmin halın baş verməməsinə görə filtrlərin içində olan “setkalar” mütəmadi olaraq təmizlənməlidir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, İddiaçı MMC-də fəhlə vəzifəsində işləyir. Samux rayonunda suvarma sisteminin quraşdırma işlərinin nə vaxt aparılması dəqiq yadında deyildir. 2021-ci ilin mart ayından İddiaçı MMC-də işləyir. Damlama-suvarma sisteminin quraşdırılmasında iştirak edir. 2021-ci ilin əvvəlində Samux rayonunda bu damlama-suvarma sisteminin quraşdırılmasında iştirak etmişdir. İşə başlamamışdan əvvəl sahə boş deyildi, ağaclar var idi. Həmin sahədə kiçik suvarma sistemi var idi, köhnə idi, onu dəyişdilər. Əvvəlki suvarma sisteminin komputerlə idarə olub-olmasından məlumatı yoxdur. Təxminən 10 günə yaxın işləmişlər. 3 nəfər quraşdırılmasında iştirak etmişdir. O, Ceyhun ustaya boru işlərində kömək edirdi. Materiallarda olan layihəyə baxıb sistemi quraşdırırdılar. Layihəni şirkətin müdiri onlara təqdim etmişdi. Sonradan bir dəfə də bağ sahəsində olmuşdur. Onları şirkət motorlarla bağlı problem yarandığına görə göndərmişdi. Motor quru işləmişdi deyə problem yaranmışdı. Onlar sistemi düzəldib təqdim etdilər. Suvarma sistemi işə salındıqdan təxminən 10 dəqiqə sonra suvarma sistemindən istifadə etmək olar. Sonradan gedəndə onlar nasosu təmir etmişlər, yenisini qoymamışlar. Quraşdırandan təxminən 1-2 ay sonra təmirə getmişlər. Motordan başqa problem yox idi. Sahəyə traktor, kotan salınmasını, sahənin qazılmasını görməmişdir. Onlar təmir etdikdən sonra suvarma sistemi yenə də işləyirdi. İddiaçının işçilərindən başqa quraşdırılmada kənar şəxslər işləməyibdir. Montaj zamanı iddiaçının şirkətinin işçilərindən başqa boruların çəkilişində kömək göstərmək üçün üçlərindən başqa şəxslər də var idi ki, onlara kömək edirdi. Həmin şəxslərin kim olmasını bilmir. Onların rəhbəri həmin şəxsləri gətirmişdi. Onların işinə quraşdırma və təmir zamanı kənardan hər hansı müdaxilə olmayıbdır. Bağ sahəsindəki şəxslər sadəcə onların işinə kənardan nəzarət edirdilər. Montaj işində hansısa qüsurları olmayıbdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, İddiaçı MMC-də mexanikdir, 2021-ci ilin mart ayından mexanik vəzifəsində çalışır. Əvvəllər də mexanik olmuşdur. Samux rayonunda suvarma sistemi quraşdırılan zaman o, orada olmamışdır. Sonradan qüsur yaranmışdı. O da həmin vaxt təmirə getmişdir. Rəhbərlik ona demişdir ki, Cavid müəllimin bağ sahəsində problem yaranıb. Səhv yerə toxunduqları üçün motor hava çəkmişdi. Orada müəyyən bolt sistemi var, onu çox sıxıb, çox boşaltmaq olmaz. Onlar çox sıxmışdılar. Onlar da qüsuru aradan qaldırıb təzəsi ilə əvəz etdilər. Təmir üçün bir dəfə getmişdir. O, həmin bağ sahəsinə gedəndə yay idi. Lakin dəqiq il, ay yadında deyildir. Onlar gedəndə suvarma sistemi hava çəkirdi. Onlar təmir etdikdən sonra işlək vəziyyətdə Cavid müəllimə təhvil verdilər. Yay vaxtında sistem 3 gündən artıq işləməsə, bağda ağaclar yanar. Sahədə başqa problem yox idi, istənilən adam gəlib ordan istifadə edirdi deyə, suvarma sistemində problem yaranmışdı. Başqa suvarma sistemlərinin quraşdırılmasında iştirak etmişdir. Bugünədək suvarma sisteminin quraşdırılmasında problemləri olmayıb. Boltun özünün xüsusi tənzimlənməsi var idi, ona əl vurulmuşdu. Su, hava kəsiləndə sistem özünü qurumağa alır ki, motor yanmasın. Vüqar müəllim bağın nəzarətçisi idi. Onlar işləri Vüqar müəllimə təhvil vermişlər. Onlar da, iş yoldaşları Bəhruz da Vüqar müəllimə dedilər ki, başqa adam ora daxil olmasın. Bolt pompa sistemində elə quraşdırılır ki, dəqiqədə 10 damcı axmalıdır. Onlar da bilməyib sıxmışdılar. O su mütləq axmalı idi. Sistem hava çəkdiyinə görə dayanır. Onlar gedəndə sistem dayanmışdı. Təzyiq hava çəkəndə aşağı düşür. Boltun sıxılmasının qaydası var. Yılmaz bəyin boltu sıxması ilə bağlı hansısa məlumatı yoxdur. Onlar həmin sistemi kiməsə izah etmirlər. Onlar sadəcə suvarma sistemini izah edirlər ki, necə işə salınmalıdır. Aparatın üstündə monometr var idi. Sistemin işıq tənzimləyicisi ilə bağlı məlumatı yoxdur. Bağ sahəsində işləri görərkən onlara sahədə hər hansı müdaxilə olmayıbdır. Sistem xarab olmur, xəta verir, yəni yanmamaq üçün özünü qurumağa alır. Quru olduğu zaman da sistemi sıradan çıxardır. O, şəxsən bağ sahəsinə kotan salındığını, torpağın qazıldığını, boruların sıradan çıxdığını görməmişdir. O, bağı tam işlək vəziyyətdə Cavid müəllimin işçisi olan Vüqar müəllimə təhvil vermişdir. Beləliklə, iddiaçının təqdim etdiyi şahidlər ifadələrində suvarma sisteminin düzgün quraşdırıldığını, tam işlək vəziyyətdə təhvil verildiyini bildirsələr də, həmin suvarma sisteminin konkret olaraq harada, nə vaxt quraşdırılması barədə dəqiq məlumat verə bilməmiş, bununla bağlı çox ümumi olan ifadələr işlətmiş, hətta şahidlərin bir neçəsi həmin işlərin təxminən 2-3 il bundan əvvəl görüldüyünü bildirmiş, bundan əlavə iddiaçının özü təhvil-təslim aktının tərtib edildiyi xx.xx.2021-ci il tarixə suvarma sisteminin quraşdırılma işlərinin başa çatdırıldığını bildirsə də, şahidlər ifadələrində həmin işlərin payız aylarında görüldüyünü göstərmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (iddiaçı təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Beləliklə də iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr iddiaçı tərəfindən müqavilə öhdəliklərinin tam şəkildə, yəni müqavilə şərtlərinə uyğun saz və işlək vəziyyətdə olan malın təhvil verilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi əsas borcun, habelə əldə çıxmış faydanın tutulması hissəsində əsassızdır və təmin olunmamalıdır. Bundan əlavə, məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qarşılıqlı iddia ərizəsi iki hissədən ibarətdir: - Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, damlama suvarma sisteminin qarşılıqlı iddia üzrə iddiaçıdan geri alınmaqla ödənilmiş 91000 manat pul vəsaitinin geri qaytarılması; - Vurulmuş zərərə görə 130000 manat, işgüzar nüfuza xələl yetirilməsi və iş vaxtının itirilməsinə görə 10000 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi. Məhkəmə qarşılıqlı iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı (tərəflərin nümayəndələrinin izahatlarından, Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş rəydən və mütəxəssisin Məhkəməyə bildirdiklərindən) ilk iddiaçının alqı-satqı müqaviləsinin şərtlərinə əməl etmədiyi, alıcıya müqavilə şərtlərinə uyğun gələn saz və işlək vəziyyətdə olan mal təhvil verilmədiyi, həmin suvarma sistemindən təyinatı üzrə istifadə edilməsinin mümkün olmadığı, suvarma sistemində olan nasazlıqların tənasübsüz xərclər, habelə vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar olduğu müəyyənləşdirilmişdir. Materiallarda olan Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş rəydə suvarma sisteminin işlək vəziyyətdə olmadığı, sonuncu ağaclara su çatmadığı, suyun təzyiqinin qaldırılmasının mümkün olmadığı göstərilmiş, iddiaçı həmin qüsurların sonradan yarandığı, suvarma sistemindən düzgün şəkildə istifadə edilmədiyi ilə əlaqələndirsə də, bunu sübut edə bilməmişdir. Bundan əlavə, məhkəmə iclasına dəvət edilmiş mütəxəssis Namiq Hacıyev təkcə həmin suvarma sistemində olan qüsurların aşkar edilməsi üçün əvvəlcədən mütəxəssislərə usta haqqları və istifadə ediləcək texnikanın dəyərinin ödənilməsi üçün təxminən 2000-3000 ABŞ dolları ödənilməli olduğunu, daha sonra texnika ilə həmin bağ sahəsində olan boruların üzərilərinin qazılaraq yerin altında olan borulara baxış keçirildikdən sonra qüsurların aşkar edilə biləcəyini, daha sonra həmin qüsurların aradan qaldırılması üçün zəruri smetanın (Forma 2) tərtib edilməsinin mümkün olacağını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Bu səbəbdən məhkəmə edir ki, qarşılıqlı iddia ərizəsi tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, damlama suvarma sisteminin qarşılıqlı iddia üzrə iddiaçıdan geri qaytarılmaqla ödənilmiş pul vəsaitinin geri ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, cavabdeh həmin damlama suvarma sisteminə görə satıcıya 91000 manat pul ödənildiyini (57000 manat və 20000 ABŞ dolları) iddia etsə də, materiallarda olan ödəniş sənədlərindən görünür ki, həmin suvarma sistemi ilə bağlı İddiaçı MMC-yə ümumilikdə 57000 manat pul ödənilmişdir. Belə ki, cavabdeh qalan 20000 ABŞ dolları pulun nağd qaydada ödənildiyini iddia etsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etməmiş, həmçinin pulun verildiyi iddia edilən şahid Yılmaz Ozhasan ona Cavabdeh tərəfindən ümumiyyətlə hər hansı vəsait ödənilmədiyini göstərmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi yalnız 57000 manat pul vəsaitinin geri qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin ikinci, vurulmuş zərərə görə 130000 manat, işgüzar nüfuza xələl yetirilməsi və iş vaxtının itirilməsinə görə 10000 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi hissəsini əsassız hesab edir, bununla bağlı aşağıdakıları qeyd edir. İddiaçı Cavabdeh damlama suvarma sisteminin işləməməsi nəticəsində ona məxsus olan 37 ha bağ sahəsində mövcud olan meyvə ağaclarının məhv olduğunu, bunun nəticəsində ona 130000 manat ziyan dəydiyini iddia edir. İddiaçı Cavabdeh iddia tələbini əsaslandıran sübutlar qismində 15 oktyabr 2022-ci il tarixli LP-148/2022 saylı vəkil sorğusuna əsasən hazırlanmış Samux şəhəri, Ağyer adlanan ərazidə yerləşən 37 ha bağ sahəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini təqdim etmişdir. Həmin mütəxəssis rəyinə əsasən, iddiaçı Cavabdeh 10430 ədəd meyvə ağacının məhv olması nəticəsində dəymiş zərər 126445 manat təşkil edir. Lakin məhkəmə həmin mütəxəssis rəyini hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alınmalı olmaması qənaətinə gəlir, gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırır. Belə ki, həmin rəyin özündə (qiymətləndirilən əmlak haqqında məlumat hissəsində) göstərilmişdir ki, qiymətləndirmə təqdim edilən sənədlər, fotoşəkillər və digər məlumatlara əsasən aparılmışdır. Rəydə bağ sahəsinə baxış aparılması barədə hər hansı qeyd-şərt yoxdur. Bu səbəbdən yalnız sənədlər, fotoşəkillər nəticəsində ekspertin hesablama aparıb dəymiş zərəri hesablaması, habelə ağacların məhv olmasının əsl səbəbini müəyyən etməsi Məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Bundan əlavə, iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında Cavabdeh sahiblik və istifadəsində hazırkı bağ sahəsindən başqa bağ sahəsinin olduğunu (əlavə olaraq həmin bağ sahəsində digər şirkət tərəfindən quraşdırılmış suvarma sistemində hər hansı bir problemin olmadığını) bildirmişdir. Bu səbəbdən rəydə zərər dəydiyi göstərilən ağacların məhz mübahisəli suvarma sisteminin quraşdırıldığı sahədə məhv olmasını təsdiq edən hər hansı sübut Məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh tərəfindən həmin ağacların həqiqətən mövcud olması, məhz suvarma sisteminin təyinatı üzrə istifadə edilməməsi nəticəsində ağacların məhv olmasını, əlavə olaraq iş vaxtının itirilməsinə görə 10000 manat zərərin dəyməsini təsdiq edən sübutlar da MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hazırkı məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia ərizəsini yuxarıda göstərilən ikinci hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsi ləğv edilməli və ödənilmiş 57000 manat məbləğində pul cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməli, iddiaçı Cavabdeh İddiaçı MMC tərəfindən təhvil verilmiş bir dəst damlama suvarma sistemi iddiaçı Cavabdeh alınaraq cavabdeh İddiaçı MMC-yə təhvil verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsi ləğv edilsin və ödənilmiş 57000 (əlli yeddi min) manat məbləğində pul cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilsin. İddiaçı Cavabdeh İddiaçı MMC tərəfindən təhvil verilmiş bir dəst damlama suvarma sistemi iddiaçı Cavabdeh alınaraq cavabdeh İddiaçı MMC-yə təhvil verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı ilk İddiaçı MMC və 50 (əlli) manatı qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar