Məhkəmə qərarları › İş №e-2-2(113)-1206/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1206/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1206/2022 23.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 44165,42 (ƏDV daxil) manat borcun, 223 manat dövlət rüsumunun, cəmi 44388,42 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 44165,42 (ƏDV daxil) manat borcun, 223 manat dövlət rüsumunun, cəmi 44388,42 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16.12.2020ci il tarixli, 025/2020 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin məzmununa görə iddiaçı “satıcı”, cavabdeh isə “alıcı” qismində tanınmış, “satıcı” “alıcı”ya ümumi mal satmağı öhdəsinə götürmüş (bənd 1.1.), “satıcı” isə “alıcı”dan aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi (bənd 2.4.2.) üzərinə götürmüşdür. Bundan başqa tərəflər arasında 16.12.2020-ci il tarixli, 025/2020 nömrəli Alqı-satqı müqaviləsinə 001 nömrəli Əlavə sayılan 16.12.2020-ci il tarixli Qiymətlərin razılaşdırma protokolu və 25.01.2021-ci il tarixli Qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. “Satıcı” qismində iddiaçı 16.12.2020-ci il tarixli, 025/2020 nömrəli Alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirərək “alıcı”ya mal satmışdır. Bununla bağlı “alıcı” tərəfindən hər hansı bir etiraz olmamışdır. Lakin “alıcı” qismində cavabdeh 16.12.2020-ci il tarixli, 025/2020 nömrəli Alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə müəyyən məbləğdə borcu yaranmışdır. Bununla bağlı “satıcı” tərəfindən “alıcı”ya müvafiq bildirişlər təqdim edilmiş və nəticədə tərəflər arasında 28.02.2021-ci il tarixdə Üzləşmə Aktı imzalanmışdır. Akta əsasən, cavabdehin 28.02.2021-ci il tarixə iddiaçıya borcu əsas məbləğ üzrə 23169,24 manat və ƏDV üzrə 3892,46 manat təşkil edir. Cavabdeh 16.12.2020-ci il tarixli, 025/2020 nömrəli Alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan 23169,24 manat əsas və 3892,46 manat ƏDV borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktından sonra tərəflərin müqavilə münasibətləri davam etmiş və “satıcı” “alıcı”ya mal satmaqda davam etmişdir. Belə ki, 04.03.2021-ci il tarixdə “satıcı” iddiaçı tərəfindən “alıcı” cavabdehə 4323,61 (ƏDV daxil) manat dəyərində, 04.03.2021-ci il tarixdə 4739,92 (ƏDV daxil) manat dəyərində, 04.03.2021-ci il tarixdə 4612,05 (ƏDV daxil) manat dəyərində və 04.03.2021-ci il tarixdə 3428,14 (ƏDV daxil) manat dəyərində mal satmışdır. Sözügedən mallar “alıcı” tərəfindən qəbul edilmiş və bu barədə hər hansı bir etiraz aşkar olunmamışdır. Buna baxmayaraq “alıcı” cavabdeh sözügedən 4 satış üzrə hər hansı bir ödəniş ödəməmişdir. Dəfələrlə bu barədə “alıcı” cavabdehə yazılı və şifahi məlumat verilsə də hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Nəticədə, cavabdehin iddiaçıya yekun olaraq 44165,42 (ƏDV daxil) manat borcu yaranmışdır. Hesab edir ki, 44165,42 (ƏDV daxil) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 16.12.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə ümumi mal satmağı, cavabdeh isə iddiaçıdan aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. 25.01.2021-ci il tarixli 2 nömrəli Əlavənin 3-cü bəndinə əsasən təqdim edilmiş mallar üzrə yaranmış borc 1 ay müddət ötdüyü halda, həmin mallar üzrə hər tona ayda bir dəfə olmaqla cavabdehə əlavə 10 manat (ƏDV xaric) maliyyələşdirmə xidməti üçün hesab (elektron qaimə faktura) təqdim olunur. 28.02.2021-ci il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin 28.02.2021-ci il tarixə iddiaçıya olan borcu əsas məbləğ üzrə 23169,24 manat və ƏDV üzrə 3892,46 manat təşkil etmişdir. 3 ədəd əmtəə nəqliyyat qaimələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 03.03.2021-ci il tarixdə 29,08 ton, 03.03.2021-ci il tarixdə 31,88 ton və 04.03.2021-ci il tarixdə 31,02 ton mal göndərilmişdir. 4 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 04.03.2021-ci il tarixdə 4323,61 manat dəyərində 29,08 ton, 4739,92 manat dəyərində 31,88 ton və 4612,05 manat dəyərində 31,02 ton, ümumilikdə 13675,58 manat dəyərində 91,98 ton sement satılmış, 08.06.2021-ci il tarixdə 25.01.2021-ci il tarixli 2 nömrəli Əlavənin 3-cü müddəasına əsasən 3428,14 manat dəyərində maliyyələşdirmə xidməti göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 16.12.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi mal satmağı, cavabdeh isə iddiaçıdan aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında 25.01.2021-ci il tarixli 2 nömrəli Əlavə bağlanmış və həmin Əlavənin 3-cü bəndinə əsasən iddiaçı təqdim edilmiş mallar üzrə yaranmış borc 1 ay müddətini öydüyü halda, həmin mallar üzrə hər tona ayda bir dəfə olmaqla cavabdehə əlavə 10 manat (ƏDV xaric) maliyyələşdirmə xidməti göstərməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 28.02.2021-ci il tarixli Üzləşmə aktı tərtib olunmuş və həmin akta əsasən cavabdeh 28.02.2021-ci il tarixə əsas məbləğ üzrə 23169,24 manat və ƏDV üzrə 3892,46 manat iddiaçıya borcu olmasını etiraf etmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə 03-04 mart tarixlərində 4323,61 manat dəyərində 29,08 ton, 4739,92 manat dəyərində 31,88 ton və 4612,05 manat dəyərində 31,02 ton, ümumilikdə 13675,58 manat dəyərində 91,98 ton sement satılmış, 08.06.2021ci il tarixdə 3428,14 manat dəyərində maliyyələşdirmə xidməti göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. Cavabdeh tərəfindən üzləşdirmə aktı üzrə borc və elektron qaimələr üzrə borclar iddiaçıya ödənilməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 44165,42 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 16.12.2020-ci il tarixli, 025/2020 nömrəli alqı-satqı müqaviləsinə və 28.02.2021-ci il tarixli Üzləşmə aktına əsasən sementin alqı-satqısına görə yaranmış 40737,28 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə maliyyələşdirmə xidmətinə görə tələb olunan borca münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin xidmətə görə elektron qaiməyə istinad etməklə cavabdehdən 3428,14 manat məbləğində pul tələb etsə də, xidmətin göstərilməsini təsdiq edən (təhvil-təslim aktı, maliyyələşdirmə sənədləri və s.) hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi maliyyələşdirmə xidmətinə görə tələb olunan 3428,14 manat hissəsində əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 40737,28 (ƏDV daxil) manat borc tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 92,23 faizini təşkil etdiyini nəzərə alaraq ödənilmiş 223 manat məbləğində dövlət rüsumunun 205,67 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,33 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 40737,28 (ƏDV daxil) manat borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 223 manat dövlət rüsumunun 205,67 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 17,33 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar