Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1207/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X2 Kompleksi” MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 6935,46 manat, hesablanmış cərimə borcuna görə 1387,09 manat və 103,97 manat məbləğinə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 298 saylı xampambığın alğı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 12.22 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə iddiaçıdan 13641,48 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 6706,02 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 298 saylı müqavilənin 2.1.1, 2.1.7 və 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 6935,46 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1387,09 manat təşkil edir. Qaytarılmamış avans məbləğin cəriməsi: 6935,46 manat х 20% = 1387,09 manat. Eyni zamanda borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli üzləşmə aktında xx.xx.2022-ci il tarixli, 298 saylı xam pambığın alqı-satqı müqaviləsini pozaraq öhdəliyində olan 6935,46 manat məbləğində borcu qaldığını təsdiq etmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş arayışa görə iddiaçı tərəfindən cavabdehin bank hesabına 30348 manat köçürülmüşdür. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq və elektron məhkəmə sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (alıcı), cavabdeh (fermer) və “X2 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” (tədarükçü) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 298 nömrəli alqı-satqı müqaviləsinə görə fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 12,22 hektar sahədə pambıq əkib alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə görə fermerlə alıcı arasında müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam-pambığın qəbulu, saxlanılması və emalı tədarükçü tərəfindən həyata keçirilir.
9. Müqavilənin 3.1-ci bəndinə görə fermer bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlükdə 01 noyabr 2022-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə tədarükçüyə təhvil verir.
10. Müqavilənin 4-cü bəndinə görə “tədarükçü qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətlərə qəbul edir: l növ-700 azn/ton, ll növ- 680 azn/ton, lll növ-640 azn/ton, lV növ- 600 azn/ton.
11. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə hesablaşma tarixinə ödəmə aparmadıqda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,01 faizi miqdarında, lakin ödənilməyən məbləğin 0,5 faizindən artıq olmamaq şərti ilə cərimə ödəyir.
12. Müqavilənin 5.2-ci bəndinə əsasən fermer üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20 faizi həcmində cərinə ödəyir.
13. xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə cavabdehin idddiaçıya borcu 6935,46 manat təşil edir.
14. "xxxx" ASC-nin Abşeron filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba görə iddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2024 dövrü üzrə cavabdehə 30348 manat vəsait köçürülmüşdür.
15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 298 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə avans məbləği verilməsi və cavabdehin bu məbləğin müqabilində özünün istehsal edəcəyi xam pambıq təhvil verməsi nəzərdə tutulmuşdur. İddiaçı hazırda qalıq məbləğin, təhvil verilməmiş pambığın dəyərinin ödənilməsini tələb edir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. İş materiallarından aydın olur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış, alıcı (iddiaçı) tərəfindən satıcıya (cavabdeh) 13641,48 manat məbləğində avans ödənilmiş, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 8382,53 ton (6706,02 manat dəyərində) xam pambıq təhvil verilmiş, qalıq 6935 manat dəyərində mal təhvil verilməmiş, avans olaraq ödənilmiş vəsait geri qaytarılmamışdır.
25. Cavabdeh tərəfindən məhkəməyə 6935 manat dəyərində mal təhvil verildiyini, habelə avans olaraq ödənilmiş həmin vəsaitin geri qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 6935,46 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən hesablanmış 1387,09 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 60 manat müəyyən edilməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6935,46 manat əsas borc, 60 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 89,96 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 13,27 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 6935,46 manat əsas borc, 60 manat dəbbə pulu, 89,96 manat dövlət rüsumu, ümumilikdə 7085,42 (yeddi min səksən beş manat qırx iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X2 Kompleksi” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 13,27 (on üç manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu iddiaçı “X2 Kompleksi” MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova