Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1209/2022 20.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 27.06.2018-ci il tarixli Sifarişçi Müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış 24668,26 manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 267 manat məbləğin tutularaq İddiaçı MMC-ə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27.06.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən, Sifarişçi Müqavilədə qeyd edilən xidmətlərin göstərilməsini sifariş verilməsini və İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə İcraçı öz üzərinə düşən öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra etsə də, Sifarişçi üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək, yəni Müqavilənin 2.2.3, 3.1, 3.2, 6.1-ci bəndlərində qeyd edilən şərtlərini pozmuşdur. 27.06.2018-ci il tarixli Xidmət Müqaviləsi üzrə öhdəliklərini icra etməyən Sifarişçinın İcraçıya ümumilikdə 24668 manat 26 qəpik borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini icra etməyən Sifarişçidən dəfələrlə müqavilə üzrə İcraçı tərəfindən edilmiş ödənişləri qaytarmasını tələb edilsə də, Sifarişçi öhdəliklərin icrasını təmin etməmişdir. Həmin Müqavilənin 2.2.3-cü bəndində göstərilmişdir ki, İcraçı tərəfindən təqdim edilmiş sənədlər əsasında xidmət haqqı ödəmək Sifarişçinin vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, Sifarişçi İcraçının təqdim etdiyi və e-qaimə əsasında ödənişlər edir. Həmin Müqavilənin 3.2-cü bəndində göstərilmişdir ki, İcraçı müvafiq qaydada göstərilən xidmətlərin həcminə görə tərtib edilən hesab-fakturanı, e-qaiməni və tərəflər arasında imzalanan təhvil-təslim aktını Sifarişçiyə təqdim edəcək. Hesab ay bitdikdən sonra 10 gün müddətində Sifarişçiyə təqdim edir. Sifarişçi hesab, hesab-fakturanı, eqaiməni və təhvil-təslim aktını aldıqdan sonra xidmət haqqını 10 gün ərzində İcraçının bank hesabına köçürməlidir. Həmin Müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, tərəflər arasında müəyyən edilən birgə fəaliyyət ilə bağlı olan hallar, o cümlədən öz öhdəliklərinin tam və lazımınca yerinə yetirilməməsinə görə müvafiq tərəflər və yaxud hər hansı digər şəxslər qarşısında qanunvericiliklə nəzərdə tutulan məsuliyyəti tam həcmdə daşıyırlar. Həmin Müqavilənin 9.2-ci bəndində göstərilmişdir ki, hazırki Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisə Müqavilənin 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahsə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməsi ilə bağlı İcraçı tərəfindən Sifarişçiya çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, Sifarişçi öhdəliyini icra etməkdən boyun qaçırmış və məsuliyyətdən yayınmışdır. Cavabdehə dəfələrlə müəsissə qarşısında olan öhdəliklərini icra etməsi tələb olunmasına baxmayaraq, cavabdeh tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Bundan başqa qanunvericliyin tələblərinə əsasən qarşı tərəflə mübahisənin məhkəmədənkənar mediasiya qaydasında həll edilməsinə cəhd etsələr də, alınmamışdır. Daha sonra iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış 27.06.2018-ci il tarixli xidmət müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış 10815 manat 84 qəpik əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 267 manat məbləğin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi B.Xıdırov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda ödənilməmiş borc 10508,26 manat təşkil edir, müqavilə bağlandıqdan sonra iddiaçı yaranmış borcun ödənilməsi məqsədilə cavabdehə elektron qaimələr təqdim etmiş, həmin qaimələr əsasında da ödənişlər edilmişdir. Tərəflər arasında hazırkı müqavilə üzrə göstərilmiş xidmətlərə dair hər hansı təhvil-təslim aktı imzalanmamışdır. Bundan əlavə, qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsinin müqavilənin ləğv edilməsi hissəsində təmin edilməsinə etiraz etmir. Lakin tərəflər arasında bağlanmış müqaviləyə əsasən, tərəflər arasında göstərilmiş xidmətlərə dair təhvil-təslim aktı imzalanmalı idi, lakin iddiaçı tərəfindən hər hansı təhvil-təslim aktı Məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, hazırkı müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilmişdir. Əlavə tələb edilən borc əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 27 iyun 2018-ci il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, sifarişçi Müqavilədə qeyd edilən xidmətlərin göstərilməsinin sifariş verilməsini və İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri göstərməyi öhdəsinə götürür. Sifarişçi icraçıya məxsus marketlər şəbəkəsinin daxilində plastik qutuları və alüminium su qablarının yığılması üçün nəzərdə tutulmuş “Phandomat” cihazlarını yerləşdirir. Müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, Sifarişçi İcraçının təqdim etdiyi hesab və e-qaimə əsasında ödənişlər edir. Müqavilənin 3.2-cü bəndində göstərilmişdir ki, İcraçı müvafiq qaydada göstərilən xidmətlərin həcminə görə tərtib edilən hesab-fakturanı, e-qaiməni və tərəflər arasında imzalanan təhvil-təslim aktını Sifarişçiyə təqdim edəcək. Hesab ay bitdikdən sonra 10 gün müddətində Sifarişçiyə təqdim edir. Sifarişçi hesab, hesab-fakturanı, e-qaiməni və təhviltəslim aktını aldıqdan sonra xidmət haqqını 10 gün ərzində İcraçının bank hesabına köçürməlidir. Müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, Tərəflər arasında müəyyən edilən birgə fəaliyyət ilə bağlı olan hallar, o cümlədən öz öhdəliklərinin tam və lazımınca yerinə yetirilməməsinə görə müvafiq tərəflər və yaxud hər hansı digər şəxslər qarşısında qanunvericiliklə nəzərdə tutulan məsuliyyəti tam həcmdə daşıyırlar. İddiaçı tərəfindən verilmiş 09.10.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 09.10.2022-ci il tarixində İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən mağazadan bir ədəd plastik qutuları və alüminium su qablarının yığılması üçün nəzərdə tutulan “Phandomat cihazı” Cavabdeh MMC adından X1 təhvil verilmişdir. EBBE seriyalı 205267 nömrəli 01.07.2022-ci il tarixli elektron qaiməyə əsasən cavabdeh tərəfindən iddiaçıya 1554,68 manat, EBBC seriyalı 879869 nömrəli 07.06.2022ci il tarixli elektron qaiməyə əsasən 1481,18 manat, EBBC seriyalı 879771 nömrəli 07.06.2022-ci il tarixli elektron qaiməyə əsasən 1302,10 manat, EBBA seriyalı 114832 nömrəli 13.04.2022-ci il tarixli elektron qaiməyə əsasən 1062 manat, EBBA seriyalı 114826 nömrəli 13.04.2022-ci il tarixli elektron qaiməyə əsasən 1589,85 manat, EBAX seriyalı 303279 nömrəli 10.02.2022-ci il tarixli elektron qaiməyə əsasən 1290,79 manat, EBAW seriyalı 009429 nörməli 12.01.2022-ci il tarixli elektron qaiməyə əsasən 1317,42 manat, EBAT seriyalı 04.12.2020-ci il tarixli elektron qaiməyə əsasən 2667,91 manat, EBAS seriyalı 404011 nömrəli 11.11.2020-ci il tarixli elektron qaiməyə əsasən 3698,06 manat, EBAR seriyalı 428119 nömrəli 19.10.2022-ci il tarixli elektron qaiməyə əsasən 4738 manat, EBAP seriyalı 811066 nömrəli 10.09.2020-ci il tarixli elektron qaiməyə əsasən 4307,92 manat, EBAN seriyalı 432689 nömrəli 10.08.2020-ci il tarixli elektron qaiməyə əsasən 2617,43 manat, EBAM seriyalı 712399 nömrəli 22.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 3900,10 manat, EBAM seriyalı 712817 nömrəli 22.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 54289,31 manat məbləğində pul ödənilməlidir. 03.03.2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya həmin tarixdə 1160 manat, 1000 manat, 12000 manat olmaqla, ümumilikdə 14160 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin borcun ödənilməsi ilə bağlı iddiaçı qarşısında öhdəliyi tərəflər arasında bağlanmış 27.06.2018-ci il tarixli Xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10508,26 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv olunmalı, cavabdehdən 10508,26 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddia ərizəsində cavabdehin müqavilə üzrə yaranmış borcunun 10815,84 manat olması göstərilmiş, iddiaçının nümayəndəsi B.Xıdırov həmin hesablama aparılarkən texniki səhvə yol verildiyini, məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alındıqdan sonra borcun hazırda 10508,26 manat təşkil etdiyini göstərmiş, nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək, hazırda hər hansı borcunun olmadığını, iddiaçının tələb etdiyi 10508,26 manat məbləğində xidmətin göstərilmədiyini, buna dair hər hansı təhvil-təslim aktının olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında müqavilə bağlandıqdan sonra ümumiyyətlə göstərilmiş xidmətlərə dair hər hansı təhvil-təslim aktının tərtib edilmədiyi, cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında ödəniş etdiyi (85816,75 manat), iddiaçının təqdim etdiyi qaimələrə dair hər hansı etiraz verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan əlavə, iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış 27.06.2018-ci il tarixli Xidmət Müqaviləsinin ləğv edilməsini xahiş etmiş, cavabdeh həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini tam icra etməməsi müəyyən edildiyindən, cavabdeh də müqavilənin ləğvinə etiraz etmədiyindən Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27.06.2018-ci il tarixli Xidmət müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 10508 manat 26 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 267 manat dövlət rüsumunun 200 manatı cavabdehə, qalan hissəsi (67 manat) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27.06.2018-ci il tarixli müqavilə ləğv edilsin. Həmin müqavilə üzrə yaranmış 10508,26 (on min beş yüz səkkiz manat iyirmi altı qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1209/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1209/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver