Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1211/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3924,15 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli avtomobil satışı üzrə C-009-B-PCC-18 nömrəli müqaviləyə əsasən iddiaçı 1 ədəd 2018-ci il istehsal olan “Chevrolet Niva” markalı nəqliyyat vasitəsini cavabdehə satmışdır. Satılan nəqliyyat vasitəsinin dəyəri ƏDV daxil olmaqla 25725 manat olmuşdur. Göstərilmiş xidmətlə bağlı müvafiq elektron qaimə və elektron vergi hesab-fakturası və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən cavabdeh tərəfindən 21800,85 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. Lakin müqavilə üzrə ödənilməli olan 3924,15 manat məbləğində ƏDV bu günə qədər İddiaçı MMC-yə ödənilməmişdir. Belə ki xx xxx 2018-ci il tarixli avtomobil satışı üzrə C-009-B-PCC-18 № li müqavilənin 2.3-cü maddəsinə əsasən ödəniş iddiaçının təqdim etdiyi hesab-fakturaya əsasən 10 bank günü ərzində cavabdeh tərəfindən ödənilməli idi. Lakin həmin müqavilə üzrə 21800,85 manat məbləğində pul cavabdeh tərəfindən ödənilsə də 3924,15 manat məbləğində ƏDV bu günə qədər ödənilməmişdir. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, lakin cavabdeh borcunu ödəməmişdir. Buna görə İddiaçı MMC məhkəməyə mürəciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək iddanı etiraf etdiyini bildirdi və izahatında göstərdi ki, həqiqətən də Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV üzrə 3924,15 manat məbləğində borcu yaranmışdır. Mülki iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC ilə arasında bağlanmış xx xxx 2018-ci il tarixli C-009-B-PCC-18 nömrəli müqavilənin predmetinə əsasən İddiaçı MMC müqavilənin 01 nömrəli əlavəsində göstərilmiş spesifikasiyaya uyğun olaraq 1 ədəd 2018-ci il istehsalı olan ağ rəngli yeni “Chevrolet NİVA” markalı avtomobili texniki saz halda Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, sonuncu isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, “Müqavilənin ümumi məbləği 25725 manat ƏDV daxil olmaqla təşkil edir.” İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 25725 manat dəyərində avtonəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşin hallarından və məhkəmə prosesi zamanı tərəflərin izahatında da aydın olduğu kimi müqavilə üzrə təşkil edən əsas məbləğ ödənilsə də, ƏDV məbləği hal - hazıra kimi ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və buna görə də iddia təmin olunmalıdır. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Performance Center Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Retro Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 3924,15 manat məbləğində pul vəsaiti “Retro Holding” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Performance Center Co” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “Retro Holding” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Performance Center Co” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1211/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1211/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver