Məhkəmə qərarları › İş №e-2-2(113)-1213/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1213/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1213/2024 07.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi K.X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (hazırkı adı "xxxx" ASC) Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 19.939 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2013-ci il tarixli 26-LA/13 nömrəli müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə müqavilə üzrə dəyəri 117 000,00 manat olan qarışıq yem istehsal edən texnoloji avadanlıqlarını lizinqə götürmüşdür. Cəmiyyət tərəfindən cavabdehə qarşı müqavilələrin ləğvi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbi barədə iddia ərizəsi ilə məhkəmədə iddia qaldırılmış və iddia tələbi qismən təmin olunmuşdur. Cavabdeh həmin qətnamədən apelyasiya və kassasiya instansiyaları məhkəmələrinə müvafiq şikayətlər vermədiyindən qətnamə qüvvəyə minmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9380/2016 saylı qətnaməsi əsasında Cavabdeh geri alınmış və 29 oktyabr 2019-cu il tarixli akt əsasında Balaxanı qəsəbəsi ərazisində yerləşən Azərbaycan Təcrübə-sınaq və Təmir zavodunun anbarına təhvil verilmişdir. Təhvil alınan avadanlığın texniki təsnifatında yer alan, dəyəri 6804 manat olan helezon kılıfı və üst qapağı (20 metr), dəyəri 5481 manat olan helezon yarpağı (20 metr), dəyəri 1180 manat olan motor ayağı və qarşı qapaqlar (5 ədəd), dəyəri 1985,0 manat olan UCF 210 markalı baş yataqlar (10 ədəd) və dəyəri 4489 manat olan reduktor yem qıranla birlikdə (5,5 kvt-10 D/D, 5 ədəd) yerində aşkar olunmamışdır. Cavabdeh Cəmiyyətə halhazırda ümumilikdə 19939 manat maddi ziyan vurmuşdur. Lakin cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ondan tələb edilsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə vurulmuş maddi ziyanı ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin ərizə təmin edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC -nin nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbinin qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Aqroservis” ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, cavabdehdən 17700 manat əsas borcun tutulması, 5062 manat cərimənin, 30 manat dövlət rüsumunun, cəmi 22792 manat məbləğində borcun tutulması, müqavilələrin ləğv olunması, lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilini kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9380/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 17700 manat əsas, 500 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 18330 manat ASC-nin xeyrinə tutulması və İddiaçı ASC-nin mülkiyyətində olan lizinq obyektini təşkil edən texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı ASC-yə qaytarılması qət edilmişdir. Sözügedən qətnamə əsasında Cavabdeh avadanlığın bir hissəsi geri alınmış və 29 oktyabr 2019-cu il tarixli akt əsasında Balaxanı qəsəbəsi ərazisində yerləşən Azərbaycan Təcrübə-sınaq və Təmir zavodunun anbarına təhvil verilmişdir. Hazırda təhvil alınan avadanlığın texniki təsnifatında yer alan, dəyəri 6804,0 manat olan helezon kılıfı və üst qapağı (20 metr), dəyəri 5481,0 manat olan helezon yarpağı (20 metr), dəyəri 1180,0 manat olan motor ayağı və qarşı qapaqlar (5 ədəd), dəyəri 1985,0 manat olan UCF 210 markalı baş yataqlar (10 ədəd) və dəyəri 4489,0 manat olan reduktor yem qıranla birlikdə (5,5 kvt-10 D/D, 5 ədəd) yerində aşkar edilmədiyindən, iddiaçı vurulmuş maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, lizinq obyektini təşkil edən texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı ASC-yə qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə onların qaytarılmaması ilə bağlı mübahisə də icra icraatı qaydasında həll edilməlidir. Mülki Prosessual Məcəllənin əmlakın alınması ilə bağlı qətnamələrə dair müəyyən edilmiş tələblərdən də görünür ki, belə məsələlər icra mərhələsində həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 231.1-ci maddəsində isə təsbit edilmişdir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu baxımdan avadanlığın texniki təsnifatında yer alan hissələrin qaytarılmamasına görə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə iddiaya iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Odur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar