Məhkəmə qərarları › İş №e-2-2(113)-1218/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1218/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1218/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, “İddiaçı Azərbaycan-Almaniya” MMC-nin “X2” MMC-nə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “İddiaçı Azərbaycan-Almaniya” MMC “X2” MMC-nə qarşı cavabdeh “X2” MMC-dən əsas borc 2.076,80 manat pul məbləğini, dəbbə pulu 415,36 manat, ödənilmiş dövlət rüsumu 30 manat, hüquqi xidmətə görə ödəniş 310 manat, cəmi 2.832,16 manat həcmində müqavilə üzrə məbləğin tutularaq “İddiaçı Azərbaycan-Almaniya” MMC-yə ödənilməsitələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “İddiaçı Azərbaycan-Almaniya” MMC ilə cavabdeh “X2” MMC arasında tibbi xidmətlərin göstərilməsinə dair xx.xx.2019-ci il tarixində xx/xx- 2019 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı “İddiaçı Azərbaycan-Almaniya” MMC icraçı, cavabdeh “X2” MMC isə sifarişçi qismində çıxış etmişdir. Bu müqaviləyə əsasən “İcraçı” tibbi-profilaktik müayinə xidmətləri, tibbi göstəriş olan hallarda təcili və əlavə tibbi yardımın göstərilməsi, istehsalatda sağlamlığa mənfi təsir göstərə biləcək halların vaxtında aşkar olunması və aradan qaldırılması, mətbəxin sanitar-gigiyenik cəhətdən həftəlik qiymətləndirilməsi, sağlamlığın mühafizəsi üzrə digər xidmətlər və dövri tibbi müayinənin aparılması xidmətlərinin həyata keçirir. “Sifarişçi” isə göstərilən xidmətlərə görə müqavilənin tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılması Protokolu” ilə müəyyən edilmiş şərtlərlə pul məbləğinin ödənilməsini öz öhdəsinə götürür. İddiaçı və cavabdeh arasında ilkin danışıqlar cavabdehin müraciəti əsasında xx.xx.2019cu il tarixindən başlamış, iddiaçı cavabdehin sorğusu əsasında, işçilərin icbari tibbi müayinələrdən keçirilməsi haqqında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı №46” əsasında tərtib olunmuş dövri tibbi-profilaktik müayinə xidmətlərinin siyahısı və qiymətini cavabdehə tanış olmaq üçün göndərmişdir. xx.xx.2019-cu il tarixində tərəflər “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqaviləni eyni tarixli “X1”nu (Əlavə №1) və xx.xx.2019-cu il tarixində “X1”nu (Əlavə №2) imzalamışlar. İddiaçı bağlamış olduğu müqavilənin 3-cü bəndinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bununla bağlı xx.xx.2019-cu il tarixli xx/xx-2019 saylı müqaviləyə əsasən xx.xx.2019-cu il tarixində 06/2019 nömrəli akt tərtib etmişdir. Müqavilə şərtləri əsasında xidmət göstərildikdən sonra sifarişçi müqavilə üzrə şərtləşdirilmiş şəkildə xidmətin dəyərini ödəməli idi. Lakin, Sifarişçi müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, göstərilən xidmətlərin dəyərini təşkil edən 2.076,80 manat məbləğ bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış xx/xx-2019 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən müqavilə məbləğinin vaxtında ödənilməməsi halında Sifarişçi İcraçıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 2.076,80 manat təşkil edir, həmin məbləğin 20 faizi 415,36 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablandıqda, ümumilikdə 2.076,80+415,36=2 492,16 manat tələb məbləği yaranmışdır. Müqavilə üzrə 2.076,80 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair “X2” MMC-yə xx xxxxxx 2020-ci il tarixli 21 saylı pretenziya məktubu cavabdehin ünvanına dəfələrlə göndərilməsinə baxmayaraq, cavabdeh tərəf məktubun qəbulundan imtina etmişlər. xx.xx.2020-ci il tarixində bu imtina “Azərekspresspoçt” RM-in şöbəsinin rəis müavini Hüseyn Qasımov, əməliyyatçı Hətəmov Səbuhi və mütəxəssis Seyidməmmədov Nicat tərəfindən aktlaşdırılmışdır. İddiaçı tərəfindən qarşı tərəfə xx.xx.2020-ci il tarixində iddia ərizələri və əlavələri göndərilmişdir. xx.xx.2019-cu il tarixli, xx/xx- 2019 saylı müqavilənin 3.1.1-ci bəndi icraçının müqavilə və müasir təbabətin qaydaları ilə müəyyən olunmuş şərtlərlə keyfiyyətli tibb xidmətlərini həyata keçirmək öhdəliyini, 3.2.1-ci bəndi isə sifarişçinin müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə göstərilən xidmətlərin dəyərini tam və zamanında ödəmək öhdəliyini qeyd edir. Lakin indiyədək göstərilmiş xidmətlərin dəyəri ödənilməmiş və sifarişçi faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Sifarişçi tərəfindən isə öhdəlik icra edilməmişdir. Məhkəmə MPM-nin 284-1-ci maddəsinə əsasən işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilsə də, poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq, cəmiyyətin qeydiyyatda olmuş hüquqi ünvanından köçməsi səbəbindən, poçt göndərişlərinin çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan iddiaçı ilə cavabdeh aralarında bağlanmış tibbi xidmətlərin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli, xx/xx-2019 saylı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə öz profili ilə müəyyən olunmuş qaydada və ona verilmiş müvafiq səlahiyyətlər həddində tibbi xidmətlər, o cümlədən tibbi profilaktik müayinə xidmətləri, tibbi göstəriş olan hallarda təcili və əlavə tibbi yardımın göstərilməsi, istehsalatda sağlamlığa mənfi təsir göstərə biləcək halların vaxtında aşkar olunması və aradan qaldırılması, mətbəxin sanitar-gigiyenik cəhətdən həftəlik qiymətləndirilməsi, sağlamlığın mühafizəsi üzrə digər xidmətlər və dövri tibbi müayinənin aparılması xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərə görə həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılması Prokotolu” ilə müəyyən edilmiş şərtlərlə iddiaçıya pul məbləğininin ödəməyi öz üzərilərinə öhdəlik götürmüşlər. İşdə olan xx.xx.2019-cu il tarixli, xx/xx-2019 saylı iddiaçı ilə cavabdeh aralarında bağlanmış tibbi xidmətlərin göstərilməsi haqqında müqaviləyə 2 nömrəli əlavə üzrə xx.xx.2019-cu il tarixli “X1”ndan görünür ki, iddiaçı tərəfindən göstərilən dövri tibbi-profilaktik müayinə xidmətlərinin göstərilməsi əmək prosesi faktorları check-up ildə 1 dəfə olmaqla bir işçisi üçün xidmətin dəyərinin 86,14 manat olması tərəflər aralarında razılığa gəlmişlər və bunu öz imza və möhürləri ilə təsdiq etmişlər. Mülki işdə olan xx.xx.2019-cu il tarixli, xx/xx-2019 saylı iddiaçı ilə cavabdeh aralarında bağlanmış tibbi xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli, 06/2019 nömrəli göstərilmiş tibbi xidmətlər haqqında təhvil-təslim aktından görünür ki, 2019-cu ilin iyun ayında cavabdeh tərəfindən göndərilmiş 22 nəfər pasiyentlərə müqaviləyə uyğun olaraq tibbi xidmətlərin dəyəri 2.076,80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 699307 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən göstərilmiş tibbi müayinələr xidməti üzrə cəmi 2.076,80 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə sonuncunun 2.076,80 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda həmin Müqavilənin 4.4-cü bəndinə əsasən müqavilə məbləğinin vaxtında ödənilməməsi halında cavabdeh iddiaçıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Buna görə də, iddiaçı müqavilə üzrə ödənilməmiş borca görə, ona cərimə pullu hesablamaqla, cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Hüquqi xidmət xərcinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 310 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin xüsusatlarını nəzərə alaraq hesab edir ki, hüquqi xidmətin göstərilməsinə görə 310 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, “X2” MMC-dən əsas borc üzrə 2.076,80 manat, cərimə pulu 415,36 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, hüquqi xidmətə görə ödənilmiş 310 manat, cəmi 2.832 (iki min səkkiz yüz otuz iki) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti tutularaq “İddiaçı Azərbaycan-Almaniya” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “X2” MMC-dən əsas borc üzrə 2.076,80 manat, cərimə pulu 415,36 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, hüquqi xidmətə görə ödənilmiş 310 manat, cəmi 2.832 (iki min səkkiz yüz otuz iki) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti tutularaq “İddiaçı Azərbaycan-Almaniya” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar