Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1218/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, 2019/060 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4.545,73 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 387,5 manat pulun, 60 manat mediasiya haqqının tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 avqust 2019-cu il tarixli, № 2019/060 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən alıcı Cavabdeh MMC malları sifariş edir, satıcı İddiaçı MMC həmin malları təqdim edir, alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq malları (xidmətləri) təqdim etsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə müqabilində verilməli olan ödənişi ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 4.545,73 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında 135296, 647448, 975308, 885102, 134108 nömrəli elektron qaimələr ilə təsdiq edilir. Lakin bundan sonra tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, sonuncu dəfə 25 iyul 2022-ci il tarixində 3 gün müddətində 4.545,73 manat borc məbləğini tələb etmələri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bugünədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktublarına hər hansı bir reaksiya verilməməsi səbəbindən, tərəflərindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin 29 avqust 2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakından imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Bu barədə 29 sentyabr 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” MŞB/5-03230 saylı arayış tərtib edilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 20 avqust 2019-cu il tarixli 2019/060 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, alıcı malları sifariş edir, satıcı isə həmin malları təqdim edir. 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən satıcı protokolda nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyənləşdirilmiş qaydada verməlidir. 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir. 12.1-ci bəndinə görə hazırki müqavilə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək olan 1 il müddətinə bağlanır. 12.4-cü bəndinə görə müqavilə müddəti 1 il müəddətək təyin edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə müqavilə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 6.844,78 manat olmaqla, o cümlədən 227,38 manat dəyərində malların verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 409355 nömrəli, 517,81 manat dəyərində malların verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 408228 nömrəli, 653,52 manat dəyərində malların verilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 134108 nömrəli, 1.000 manat dəyərində malların verilməsinə dair xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 539348 nömrəli, 66 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 885102 nömrəli, 39,90 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 975308 nömrəli, 186,79 manat dəyərində malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 647448 nömrəli və 4.153,38 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 135296 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. Köçürmənin aparılması haqqında (Vergilər Nazirliyinin) çıxarışla təsdiq edilir ki, Cavabdeh MMC-nin sub-uçot hesabından digər sub-uçot hesaba ümumilikdə 266,21 manat (xx.xx.2019-cu ildə 113,67 manat, xx.xx.2019-cu ildə 152,54 manat) məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixinə əsas borcu 4.545,73 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 387,5 manat təşkil edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli 2019/060 saylı mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi əsasən Cavabdeh MMC İddiaçı MMC-dən ümumilikdə 6.844,73 manat (ƏDV daxil) məbləğində mal alışı etmiş, 2.299 manat (ƏDV daxil) məbləğində pul vəsaiti ödəmiş, 4.545,73 manat (ƏDV daxil) qalıq borc hələ də İddiaçı MMC-nin hesabına ödənilməmişdir. "xxxx" ASC tərəfinən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “Metalux” NNC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də mövcud olan bank hesablına xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasında dövrdə 2032,79 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlayaraq 3 gün müddətində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən ümumilikdə ƏDV daxil qiyməti 6.844,73 manat olan malları cavabdehə təqdim edərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərindən 2.299 manat ( o cümlədən 266,21 manat ƏDV) məbləğində ödəniş etmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh MMC-nin həmin müqavilə üzrə İddiaçı MMC-yə ƏDV daxil 4.545,73 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların təqdim edilməsi faktı yalnız iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrlə təsdiq edilsə də, təqdim edilmiş elektron qaimələrin bir hissəsi üzrə cavabdeh tərəfindən ödəniş edilməsi tərəflər arasında malların elektron qaimələr əsasında təqdim edilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin bir hissəsini – 4.545,73 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4.545,73 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4.545,73 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 387,5 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin ödənilməsini müxtəlif tarixlərdə göndərilmiş elektron qaimələr üzrə 1 il 9 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 1 il 9 aylıq üçün 387,5 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 69,33 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat və dövlət rüsumunun əvəzi olaraq 9,33 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 4545,73 manat məbləğində əsas borc, 387,5 manat məbləğində faiz, cəmi 4933,23 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 manat və dövlət rüsumunun əvəzi olaraq 9,33 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1218/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1218/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver