Məhkəmə qərarları › İş №e-2-2(113)-1219/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1219/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1219/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdehnə MMC-yə qarşı müqavilədən irəli gələn öhdəlik üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14634,03 manat borc məbləğinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC (Qurumun əvvəlki adı: "xxxx" MMC olmuşdur) arasında xx.xx.2019-cu il tarixli 00029 saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2019-cu il tarixli 00029 saylı “alqısatqı” müqaviləsinin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Sifarişçi Cavabdeh MMC müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən 14 sentyabr 2021-ci il tarixdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli 00029 saylı müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar “üzləşmə aktı” rəsmiləşdirilmişdir. Üzləşmə aktında Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixinədək cavabdehin 14634,03 manat borclu olduğu öz təsdiqini tapır. Qeyd olunan üzləşmə aktından da göründüyü kimi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə (əvvəlki adı "xxxx" MMC) 14634,03 manat borcu vardır. Qeyd olunan vəsait bu günə kimi ödənilməmişdir. Bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşmışdır. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət etmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsi xahiş olunmuşdur. Cavabdeh müqavilə üzrə borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışına əsasən "xxxx" MMC-nin hazırkı adı İddiaçı MMC kimi qeydiyyata alınmışdır. - "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00029 saylı alqı-satqı müqaviləsinə əsasən: 1.1. Satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. 2.1. Malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətin razılaçma prtokoluna (Əlavə 1) uyğun müəyyənləşdirilir. 2.2. Malların həcmindən asılı olaraq Bakı şəhərində alıcının ünvanına çatdırılması üzrə xərclər, vergilər və digər məcburi ödənişlər malların qiymətinə daxildir. 2.4. Malların alıcının qəbul məntəqəsinə fiziki olaraq çatdırılması və aidiyyatı şəxs tərəfindən malların qəbulu sənədinin imzalanması malların təhvil verilməsi hesab edilir. 3.1.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək və 3.1.3. alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək satıcının hüquqlarıdı. 3.2.1. Malları bu müqavilə və müvafiq şifarişlə müəyyən edilmiş midarda, müddətdə və qaydada alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir. 3.3.1. Satıcıdan malları bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək alıcının hüquqlarıdır. 3.4.3. Malların dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələridir. 4.2. Bu müqavilə üzrə təqdim edilən malların dəyəri e-qaimənin təqdim edildiyi tarixdən 30 gün müddətində nağdsız qaydada həyata keçirilir. - xx.xx.2021-ci il tarixli, ******* saylı qaimə-fakturaya əsasən Cavabdeh MMC-yə 681,5 manat dəyərində, xx.xx.2021-ci il tarixli ******* saylı qaimə-fakturaya əsasən 621,4 manat dəyərində müxtəlif adda mallar təhvil verilmişdir. - xx.xx.2021-ci il tarixli, 1123 saylı məxaric orderinə əsasən "xxxx" MMC (hazırki adı İddiaçı MMC) tərəfindən Cavabdeh MMC-yə 601 manat dəyərində, xx.xx.2021-ci il tarixli, 1514 saylı məxaric orderinə əsasən 625 manat dəyərində və xx.xx.2021-ci il tarixli, 6023 saylı məxaric orderinə əsasən isə 631,80 manat dəyərində müxtəlif adda malllar təhvil verilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixinədək 14634,03 manat borcun olmasını təsdiq etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 00029 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 14634,03 manat məbləğində borcu yaranmışdır. Və həmin borcun mövcüdluğunü sübut edən tərəflər arasında imzalanmış Üzləşmə aktı cavabdeh tərəfindən də imza və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borcunun olması iş materialları ilə sübut olunduğu üçün, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehndən 14634,03 (on dörd min altı yüz otuz dörd manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar