Məhkəmə qərarları › İş №e-2-2(113)-1223/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1223/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1223/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1070,16 manat ödənilməmiş pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 1100,16 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC bir qayda olaraq mülki dövriyyədə müxtəlif avtomobil ehtiyyat hissələrinin satışı üzrə fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMC ilə 271 M/2019 saylı, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlamışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən, iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 1540 manat dəyərində müxtəlif avtomobil ehtiyyat hissələri verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 469,84 manatını ödəmiş, qalan hissəsini isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2019-cu il tarixli, 271 M/2019 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı - İddiaçı MMC müvafiq malları alıcı - Cavabdeh MMC-nin sifarişi əsasında hazırlayıb ona verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatdan görünür ki, İddiaçı MMC ümumi dəyəri 1540,05 manat (ƏDV daxil) məbləğində olan malları alıcı Cavabdeh MMC-yə satmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, satıcıya 1070,16 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 1070,16 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 1070,16 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1070,16 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar