Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1225/2021 15.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8204 manat ödənilməmiş pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 8234 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı MMC bir qayda olaraq mülki dövriyyədə müxtəlif avtomobil ehtiyyat hissələrinin satışı üzrə fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMC ilə 289M/2020 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 15804 AZN (on beş min səkkiz yüz dörd manat) dəyərində müxtəlif avtomobil ehtiyyat hissələri verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 7600 (yeddi min altı yüz) manatını ödəmiş, qalan hissəsini isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan satıcı İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı gündən xx.xx.2021-ci il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1.2-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya mallarla birlikdə təhvil-təslim sənədləri verilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin AR İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciəti əsasında İddiaçı MMC-nin Cavabdeh MMC-yə müvafiq dövrlər üzrə təqdim edilmiş elektron qaimə fakturalar cədvəl formasında İddiaçı MMC-yə təqdim olunmuş və bu arayış iddiaçı tərəfindən məhkəmə sənədlərinə əlavə olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli xəbərdarlığa əsasən cavabdehə xx.xx.2021-ci il tarixə qədər bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8204 manat pulun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya malların dəyərinin ödənilməməsi məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmadığına görə, cavabdehin iddiaçının qarşısında hər hansı bir öhdəliyinin olması sübüta yetirilməmişdir. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən təqdim edilmiş cədvəldən də görünür ki, təqdim edilmiş elektron qaimələr cavabdeh tərəfindən deyil ,sistem tərəfindən təsdiq edilmişdir.Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malların təhvil verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməli və iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1225/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1225/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver