Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1228/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc 56140 AZN, ödənilmiş dövlət rüsumu 259 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə, 56749 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra: İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra: Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli, 162/2022 saylı alqı-satqı Müqaviləsi (bundan sonra: Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı tərəflər arasında razılaşdırılmış malları alaraq müvafiq ödənişləri yerinə yetirməlidir. İddiaçı tərəfindən müvafiq mal və məhsullar Cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən ödəniş tam həcmdə yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.4-cü maddəsinə əsasən, Alıcı növbəti ayın 10-dan gec olmayaraq aldığı malın dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, 56140 AZN borc məbləği yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli, 162/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
12. Müqavilənin 2.1-ci maddəsinə əsasən hazırki müqavilənin ümumi dəyərini elektron qaimə fakturaların və ya təhvil-təslim aktlarının cəmi təşkil edir.
13. Bundan başqa tərəflər xx.xx.2022-ci il tarixli Əlavə razılaşma ilə tərəflər xx.xx.2022-ci il tarixli, 162/2022 nömrəli müqavilə üzrə göndərilən malların siyahısı, dəyəri və sayı barədə razılığa gəlmişlər.
14. Əlavə razılaşmanın 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixli, 162/2022 saylı müqavilə üzrə alıcıya verilən və Əlavə razılaşmada siyahısı göstərilən malların ümumi məbləği 56.140,47 AZN-dən ibarətdir.
15. Əlavə razılaşmanın 2.1.3-cü maddəsinə əsasən alıcı xx.xx.2022-ci il tarixli, 162/2022 saylı müqavilə üzrə ona təqdim edilmiş malların onun tərəfindən sifariş edilmiş mallarla eyni olmasını təsdiq edir.
16. Müqavilə və Əlavə razılaşma hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
18. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı, 603946 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 7.615,03 manat, EBCK seriyalı 603955 nömrəli xx.xx.2022-ci il tarixli, dəyəri 8.490,24 manat, EBCK seriyalı 603952 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri 40.035,21 manat olan elektron qaimələr göndərilmişdir.
20. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 56.140,48 manat təşkil edir.
21. Hazırda da iddiaçı cavabdehdən 56.140 manat məbləğində pulun tutulmasını xahiş edir.
22. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyini nəzərə alındığında, elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
24. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 56.140,48 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
25. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
26. Ona görə də, Məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində təmin olunmalı, 56.140 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə hesab edir ki, iddianın 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.
28. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Rifaq Həsənov və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2024-cü il tarixli order verilmişdir.
29. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Rifaq Həsənov və partnyorları” Vəkil Bürosunun hesabına 350 manat məbləğində ödəniş edilmişdir
30. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
31. Bundan başqa, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 259 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
32. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 259 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir.
33. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 56.140 (əlli altı min yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 259 (iki yüz əlli doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov