Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1230/2022 03.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə yaranmış 27.951,97 manat əsas borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215 manatın, borc pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş xx.xx.2017-xx.xx.2021-ci illər üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 6.131,40 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz xx.xx.2017-xx.xx.2021-ci illər üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 7.664,40 manat olmaqla ümumilikdə 41.962,77 manat borc pul vəsaitinin cavabdehlərdən birgə tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə yaranmış 27.951,97 manat əsas borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215 manatın, borc pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş xx.xx.2017-xx.xx.2021-ci illər üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 6.131,40 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz xx.xx.2017-xx.xx.2021-ci illər üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 7.664,40 manat olmaqla ümumilikdə 41.962,77 manat borc pul vəsaitinin cavabdehlərdən birgə tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X8” QSC) ilə Cavabdeh2 arasında bağlanılmış 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına alınmış 1 ədəd Hyundai R 180 W-9S markalı (zavod nömrəsi HHKHZ509TD0000549; mühərrik nömrəsi S6S- 092102; buraxılış ili-2013-cü il; rəngi-sarı) təkərli ekskovator Cavabdeh2 lizinqə təhvil verilmiş və cavabdeh X7 Müqaviləsi üzrə lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə ödəliklərini tam icra etsə də, cavabdeh Məmmədov X4 üzrə öhdəliklərini icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. Sonuncu ödəniş 2.000 manat olmaqla cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə edilmişdir. Həmçinin, 563 saylı, 11 sentyabr 2013-cü il tarixli Zaminlik Müqaviləsi üzrə digər Cavabdeh1 X7 Müqaviləsi üzrə borcların ödənilməsi üçün Cavabdeh2 zamini qismində birgə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. X7 Müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, danışıqlar aparılmış, müvafiq pretenziya göndərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəasının tələblərinə uyğun olaraq cavabdehlərə ilkin mediasiya təklifi göndərilmiş və tələb edilən dövlət rüsumu iddiaçı tərəfindən (210 manat) ödənilmişdir. Lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Qalıq borcu isə cavabdehlər hələ də ödəmirlər. Dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyekti xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən geri alınmışdır. Cavabdehlərin 25 sentyabr 2021ci il tarixədək xx.xx.2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə yaranmış ümumilikdə borcu 41.747,77 manat təşkil edir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış X7 Müqaviləsinin müvafiq müddəasının tələblərindən məlum olur ki, lizinq alan lizinq obyektini lazımi ehtiyat və qayğıkeşliklə saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti pisləşdikdə, lizinq ödənişləri Lizinq alan tərəfindən ödəniş cədvəlinə uyğun ardıcıl olaraq iki dəfədən çox ödənilmədikdə, tam ödənilmədikdə və ya gecikməklə ödənildikdə, əmlakın vəziyyətinin qənaətbəxş hesab edilməməsi müəyyən edildikdə və s. hallarda Lizinq verən Lizinq alana bildiriş verməklə bu Müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, texnikanın dəyərinin 2-3 qatı qədər pul ödənilmişdir. Müəyyən səbəblərə görə gecikmələr olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən məbləği ödəməyə cavabdeh hazırdır. İddiaçı qanunsuz olaraq həm texnikanı geri alıb, həm də cavabdehlərdən pul tələb edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı (Lizinqverən) ilə Cavabdeh2 (Lizinqalan) arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsindən görünür ki, Lizinqveren, Lizinqalan tərəfindən seçilmiş və bu müqəvilənın ayrılmaz hissəsi hesab olunan iddiaçı və satıcı "xxxx" MMC arasında imzalanacaq alqı-salqı müqaviləsində göstəriləcək 1 ədəd "HYUNDAİ R180W-9S markalı təkərli hidravlik ekskavatoru Lizinqalanın xahişi əsasında, lizinq vəsitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq istifadə edilməsi üçün lizinqə verməyi, Lizinqalan isə lizinq haqqını Lizinqverənə ödəmə cədvəlinə uyğun olaraq ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2016-cı il tarixli 1 saylı Əlavədən görünür ki, 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İddiaçı ilə cavabdehlər arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 563 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 5xx/xx/2013 saylı 11 sentyabr 2013-cü il tarixli X7 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh2 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə borcu 27.951,97 manat əsas, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz üzrə 6.131,40 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz üzrə 7.664,40 manat olmaqla ümumilikdə 41.747,77 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3288 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 11 sentyabr 2013-cü il tarixdə 5xx/xx/2013 saylı X7 Müqaviləsi və 11 sentyabr 2013-cü il tarixli 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 2 saylı Əlavədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh2 İddiaçı QSC-yə olan borcu xx.xx.2017-ci il (müqavilə müddəti bitən tarixə) tarixə əsas borc üzrə 27684,41 manat, faiz borcu üzrə 4937,05 manat, xx.xx.2021-ci il (maliyyə arayışının tarixinə) əsas borc üzrə 27684,41 manat, faiz borcu üzrə 4937,05 manat, illik 5%-lə hesablanan faiz borcu üzrə 1490,77 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı (Lizinqverən) ilə Cavabdeh2 (Lizinqalan) arasında 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən Lizinqveren, Lizinqalan tərəfindən seçilmiş və bu müqəvilənın ayrılmaz hissəsi hesab olunan iddiaçı və satıcı "xxxx" MMC arasında imzalanacaq alqı-salqı müqaviləsində göstəriləcək 1 ədəd "HYUNDAİ R180W-9S markalı təkərli hidravlik ekskavatoru Lizinqalanın xahişi əsasında, lizinq vəsitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq istifadə edilməsi üçün lizinqə verməyi, Lizinqalan isə lizinq haqqını Lizinqverənə ödəmə cədvəlinə uyğun olaraq ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı ilə cavabdehlər arasında 11 sentyabr 2013-cü il tarixli 563 nömrəli Zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 5xx/xx/2013 saylı 11 sentyabr 2013-cü il tarixli X7 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh2 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1 saylı Əlavəyə əsasən 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Cavabdehin iddiaçıya 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə borcu 27.951,97 manat əsas, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz üzrə 6.131,40 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz üzrə 7.664,40 manat olmaqla ümumilikdə 41.747,77 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X7 müqaviləsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən X7 müqaviləsinə əsasən əsas borc üzrə 27.951,97 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3288 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc 27684,41 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehlərin 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 27684,41 manat məbləğində müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməklə 27684,41 manat məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilən faizin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələb üzrə 6.131,40 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3288 saylı rəyi ilə illik 5%-lə hesablanan faiz borcu 1490,77 manat məbləğində müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməklə 1490,77 manat məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 ilə bağlanılmış 11 sentyabr 2013-cü il tarixli 563 nömrəli Zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1 saylı Əlavəyə əsasən tərəflər razılaşdırmışlar ki, 11 sentyabr 2013-cü il tarixli 5xx/xx/2013 saylı X7 Müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Beləliklə, Cavabdeh2 iddiaçı qarşısında xx.xx.2017-ci il tarixdən ödənilməmiş borcları yaranmışdır. Məhkəmə hesab edir ki, həmin vaxtdan müqavilə üzrə pozuntu yarandığından zaminlik müqaviləsi üzrə də məsuliyyət yaranmışdır və həmin vaxtdan da zamin Cavabdeh1 borclu ilə birgə məsuliyyət daşımalıdır. Lakin iddiaçı tərəfindən əsas öhdəliyin icrası vaxtının çatdığı xx.xx.2017-ci il tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zamin Cavabdeh1 qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də lizinqverənin zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə təmin oluna bilməz. Məhkəmə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən illik 6,25 faizlə 7.664,40 manat faiz borcun tutulması hissəsində iddia tələbini əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixi qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən məhkəməyə cavabdehin ödənişini gecikdirdiyi pul vəsaitindən faydalandığını (gəlir götürdüyünü) təsdiq edən sübutlar təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə yaranmış 27684,41 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə 1490,77 manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 69,88 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, 215 manat dövlət rüsumunun 150,24 manat məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan 64,76 manat məbləği iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 69,88 manat məbləği Cavabdeh2, 30,12 manat məbləği isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X7 Müqaviləsi üzrə yaranmış 27684,41 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə 1490,77 manat faiz borcu Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 215 manat dövlət rüsumunun 150,24 manat məbləği Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 64,76 manat məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 69,88 manat məbləği Cavabdeh2, 30,12 manat məbləği isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1230/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1230/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver