Məhkəmə qərarları › İş №e-2-2(113)-1231/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1231/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1231/2020 27.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı “İddiaçı”-nin cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin və iddiaçılar “xxxx” MMC və Cavabdeh2 cavabdeh “İddiaçı”-inə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 Diş Ticaret Limited Şirketi”nin xeyrinə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2Tacir oğlundan müştərək qaydada 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində əsas borc, 127.206 (yüz iyirmi yeddi min iki yüz altı) ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 509.206 (beş yüz doqquz min iki yüz altı) ABŞ dolları məbləğində pul borcunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “X4 Diş Ticaret Limited Şirketi” (bundan sonra iddiaçı) ilə Cavabdeh1 MMC (bundan sonra 1-ci cavabdeh ) arasında xx xxx 2019-cu il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distribütorluq müqaviləsi”nə əsasən, 1-ci cavabdehin iddiaçıya 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcu yarandığını bəyan etmiş, 1-ci cavabdeh isə yuxarıda qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə iddiaçıya 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Həmçinin 1-ci cavabdeh 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borc pulu “xx.xx.2019-cu il tarixli Müqaviləyə 1 saylı Əlavə”də nəzərdə tutulmuş qaydada xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2022-ci il tarixədək hissələrlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli “Zaminlik”müqaviləsinə əsasən, zamin – Cavabdeh2 (bundan sonra 2-ci cavabdeh) yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli“ mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”yə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya müqavilədə və ya ona əlavə də zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyır. Müqavilə şərtlərinə zidd olaraq, 1-ci cavabdeh öhdəliklərini icra etməmişdir. Belə ki, “xx.xx.2019-cu il tarixli Müqaviləyə 1 saylı Əlavə”yə müvafiq olaraq, 1-ci cavabdeh 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borc pulu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür, halbuki indiki günə kimi borc ödənilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəflər arasındakı razılaşmaya əsasən, iddiaçının sözügedən pul borcunu bütünlüklə tələb etmək hüququ yaranmışdır. Belə ki, “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 3.3-cü bəndinə əsasən, 1-ci cavabdeh “xx.xx.2019-cu il tarixli Müqaviləyə 1saylı Əlavə”də göstərilən ödəmə cədvəlinə riayət etmədiyi, hər hansı ay üzrə nəzərdə tutulmuş aylıq ödənişi gecikdirdiyi və ya tam həcmdə həyata keçirmədiyi təqdirdə iddiaçının dərhal məhkəməyə müraciət edərək müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb etmək hüququ vardır. Belə ki, iddiaçının əsas borcla yanaşı, xx xxxxx 2019-cu iltarixdən bugünəxx xxxx 2020-ci il tarixədək hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 0.1% məbləğində dəbbə pulu hesablanmalıdır: xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan günlərin sayı - 333 gün; 382.000 + (382.000/100*0.1*333) = 509.206 (beş yüz doqquzmin iki yüz altı) ABŞ dolları. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh2 pretenziya məktubu göndərilmişdir, lakin zərf “ünvanda adı çəkilən şirkət tapılmadı” və“66-cı bina tapılmır” qeydi ilə geri qaytarılmışdır. İddiaçılar “xxxx” MMC və Cavabdeh2 cavabdeh “İddiaçı”-inə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İddiaçı” ilə “xxxx” MMC adından Cavabdeh2 arasında xx xxx 2019-cu ildə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək reyestrdə 3M-496 nömrə ilə qeydə alınmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” nin, həmin müqaviləyə 1 saylı əlavənin və xx xxx 2019-cu ildə Cavabdeh2 ilə həmin notariusda bağlanmış və reyestrdə 3M-497 nömrə ilə qeydə alınmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı”nin istinad etdiyi xx xxx 2019-cu ildə bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi real həqiqəti əks etdirmədiyindən və iddiaçının təmsilçilərinin xahişi əsasında Türkiyə Respublikasında bankdan kredit alınması üçün təqdim ediləcəyi ilə əlaqədar bağlandığından və formal xarakterli olduğundan həmin müqavilənin, müqaviləyə 1 saylı əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırılması zərurəti yaranmışdır. “İddiaçı”nin təsisçiləri və sahibləri Türkiyə Respublikasının vətəndaşları Feyzoğlu Veysəl və Küçükali Selçuk ilə 2000-ci ilin əvvəllərindən işgüzar münasibətləri yaranmış və bu illər ərzində etibarlı partnyorlar olaraq boya məhsullarının ticarətini həyata keçirmişlər. Türkiyə Respublikasından göndərilən boya məhsulları Azərbaycan Respublikasında realizə edilmiş və razılaşdırılmış qiymətlər əsasında hesablaşmalar həyata keçirilmişdir. Aralarında hər hansı bir narazılıq və anlaşılmazlıq yaranmamışdır. xx xxxxxx 2016-cı il tarixdə cavabdeh şirkətlə aralarında boya və lak satışı üzrə distrübutorluq müqaviləsi bağlanmış və həmin il üçün müqavilənin toplam dəyəri minimum 900.000 ABŞ dolları məbləğində müəyyənləşdirilib. Həmin müqaviləyə uyğun olaraq alınmış boya məhsullarının dəyəri 315.367,59 ABŞ dolları məbləğində ödənilmişdir. Sonradan hazırda cavabdeh olan şirkətin yuxarıda qeyd edilən təsisçiləri və sahibləri Feyzoğlu Veysəl və Küçükali Selçukun təklifi ilə hazırda iddiaçı olan Cavabdeh1 MMC-nin təsisçisi və mülkiyyətçisi Cavabdeh2 arasında əslində formal xarakter daşıyan və sadəcə kağız üzərində reallaşan xx xxxxx 2017-ci il tarixli 1.533.000 manat məbləğində kredit müqaviləsi bağlanılmış və borc alana faktiki olaraq ödənilməmiş kreditin təminatı olaraq sonuncunun mülkiyyətində olan əmlak Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 69 B ünvanında yerləşən 16 və 17 saylı mağazalar 1.788.000 manat məbləğində dəyərləndirilərək xx xxxxx 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuşdur. Göstərilən şəxslərlə birgə fəaliyyət dövründə aralarında yaranmış olan borc məbləğinin bağlanması məqsədi ilə ipotekaya qoyulmuş həmin əmlak faktiki dəyərindən 5 dəfə ucuz qiymətə ipoteka saxlayan yuxarıda qeyd edilən şəxslərin razılığı əsasında hazırda cavabdeh olan “İddiaçı”nin digər təsisçisi Özer Mehmet Salihlə bağlanılmış xx xxxx 2018-ci il tarixli AN-10694681 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonradan qaytarmaq şərti ilə onlara verilmişdir. Aralarında yaranmış isti və etibarlıq münasiətdən istifadə edən həmin şəxslər maddi durumlarının yaxşı olmaması ilə əlaqədar müraciət edərək Türkiyə Respublikasında banklardan kredit alınması üçün istifadə edəcəkləri adı ilə guya Cavabdeh1 MMC-nin “İddiaçı”nə 382000 ABŞ dolları məbləğində borcu olması barədə müqavilə bağlamağı xahiş etmişlər və aralarında hazırda borc olaraq tələb etdikləri xx xxx 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqaviləyə daha dolğun hüquqi ifadə verilməsi üçün müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil3 ilkin iddia tələbinin təmin olunaraq cavabdehlərdən müştərək qaydada 509206 ABŞ dollarının tutulması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçılara qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəli məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir. İşgüzar adətlər var. Onlar 315000 manat məbləğində mal qəbul etmiş və malın dəyərini ödəmişlər. Həmin məbləğdə pulun Azərbaycan Respublikasına daxil olması ilə bağlı sübutedici sənədlər də yoxdur. ******* manata mağaza girova qoyulub, daha sonra 600000 ABŞ dolları məbləğində dəyərləndirilərək satılıb. Həmçinin o, qarşılıqlı iddia tələbini müdafiə edirək, qarşı tərəfin verdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, müddət tərəfin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır. Bu məsələ isə onlara ilkin iddia qaldırıldıqdan sonra məlum olmuşdur. Daha sonra iş qərardaddan verilən şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərildiyindən onlar qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edə bilməmişlər. Qeyd edilənlərə əsasən, ilkin idia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümyəndələrinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: “İddiaçı” və Cavabdeh1 MMC arasında bağlanan xx xxx 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, bu müqaviləyə əsasən “İddiaçı” bəyan edir ki, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distribütorluq müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin ona 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh1 MMC yuxarıda qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə “İddiaçı”nə 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcun olduğunu etiraf edir. Cavabdeh1 MMC bu müqavilədə göstərilən məbləği, yəni 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borc pulu müqavilənin 3-cü maddəsində nəzərdə tutulan şərtlərlə xx.xx.2020-ci il tarixədək hissələrlə “İddiaçı” nə ödəməyi öhdəsinə götürür. “İddiaçı”, “xxxx” MMC və Cavabdeh2 arasında bağlanan xx xxx 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin-Cavabdeh2 “İddiaçı” ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. “İddiaçı” və Cavabdeh1 MMC arasında bağlanan xx xxx 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci maddəsinə əsasən 382000 (üç yüz səksən iki min) ABŞ dolları borc məbləği Cavabdeh1 MMC tərəfindən “Bianca” ya əlavə ilə müəyyən edilən ödəmə cədvəlinə uyğun formada ödəniləcəkdir. Bu əlavə xx xxx 2019-cu il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqvailənin ayrılmaz tərkib hissəsi sayılır və tərəflər arasında hesablaşmaya əsas verir. Hazırki müqavilənin imza tarixinə manatın (1) ABŞ dollarına olan məzənnəsi 1.70 manat təşkil edir. Müqavilə müddəti ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında ABŞ dollarının məzənnəsində artış olarsa, tərəflər ödəniş ediləcək ən yüksək məzənnə həddini 1.90 (bir manat doxsan qəpik) manat olaraq qəbul edirlər. Artışdan sonra manatın ödəniş gününə ABŞ dollarına olan məzənnəsi 2 manatdan yüksək olsa da, borc məbləğinin ödənişində məzənnə 2 manat olaraq qəbul ediləcəkdir. Bununla tərəflər qəbul edirlər qəbul edir ki, Azərbaycanda baş verəcək devalivasiya və infliyasiya bu müqaviləyə şamil olunmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İddiaçı” və Cavabdeh1 MMC arasında xx xxx 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “İddiaçı” aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distribütorluq müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin ona 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcu olduğunu bəyan etmiş və Cavabdeh1 MMC də qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə “İddiaçı”nə 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Eyni zamanda “İddiaçı”, “xxxx” MMC və Cavabdeh2 arasında xx xxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır ki, zamin-Cavabdeh2 “İddiaçı” ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçnini xx xxx 2019-cu il tarixdə “İddiaçı” və Cavabdeh1 MMC arasında xx xxx 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə imzalanmışdır ki, bu əlavə ilə borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Qarşılıqlı iddia ərizəsində borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsızlığı mübahisələndirildiyindən, məhkəmə əvvəla qarşılıqlı iddia tələbinə münasibət bildirilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdeh1 MMC və Cavabdeh2 mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, müqaviləyə əlavə və zaminlik müqaviləsinin formal olduğuna istinad etsələr də, müqavilələr imzalamış və iradə ifadəsi mövcuddur. Eyni zamanda həmin müqavilələrin əsassız bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçılar həmin müqavilələrin etibarsız sayılmasına əsas verən halları bildikləri gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi yalnız ilkin iddia qaldırıldıqdan sonra hüquqlarının pozulmasını bildiklərini iddia etsə də, xx xxx 2019-cu il tarixdə bağlanmış borcun etirafı haqqında müqavilə, müqaviləyə əlavə və zaminlik müqaviləsindən tərəflər məlumatlı olmuş və öz üzərlərinə öhdəlik götürmüşlər. Qarşılıqlı iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində hüququna xitam verilməsini nəzərdə tutan müddətdir. Bu kimi hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Başqa sözlə, kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımı qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC və Cavabdeh2 xx xxx 2019-cu il tarixdə imzaladıqları müqavilələrin etibarsızlığı ilə bağlı qanunvericliyin onlara verdiyi hüquqdan istifadə etməmişdir. Ona görə məhkəmə hesab edir ki, artıq əqdi mübahiləndirmək hüququnun özünə xitam verildiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin idia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi və icrası üçün qarşı tərəfin hər hansı hərəkət və ya hərəkətsizliyinə ehtiyac qalmır və deməli, bu münasibətlərə iddia müddətinin tətbiqi istisna edilir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, “İddiaçı” ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli mövcud borcun etirafı haqqında müqavilədə “xxxx” MMC 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcu olduğunu etiraf edib ödəməyi öhdəsinə götürmüşdür Həmçinin müqaviləyə əlavə ilə öhdəliyin hissə-hissə ödənilməsi müddətləri razılaşdırılmışdır. Lakin “xxxx” MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 382000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh2 isə zamin kimi öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsas borc məbləğinin tutulması hissəsində təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 127.206 ABŞ dolları cərimə məbləğinin 3820 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində əsas, 3820 (üç min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385820 (üç yüz səksən beş min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq “İddiaçı”-nin xeyrinə ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçılar “xxxx” MMC və Cavabdeh2 cavabdeh “İddiaçı”-inə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 382.000 (üç yüz səksən iki min) ABŞ dolları məbləğində əsas, 3820 (üç min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385820 (üç yüz səksən beş min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq “İddiaçı”-nin xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar “xxxx” MMC və Cavabdeh2 cavabdeh “İddiaçı”-inə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar