Məhkəmə qərarları › İş №e-2-2(113)-1232/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1232/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1232/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli DAX-50 saylı xidmət müqaviləsi üzrə yaranmış əsas borc üzrə 40144,40 manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 16057,76 manat və 5000 manat dəbbə pulu olmaqla, cəmi 61202,16 manat məbləğində pulun, 274 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1170 manat manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli DAX-50 saylı xidmət müqaviləsi əsasında İddiaçı MMC, Cavabdeh MMC-nin yüklərinin daşınmasını təmin etmiş, lakin Cavabdeh MMC üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şətlərini pozmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilən xx.xx.2024-cü il tarixli EBDW 610958 seriya nömrəli, xx.xx.2024-cü il tarixli EBDW 768833 seriya nömrəli, xx.xx.2024-cü il tarixli EBDX 486322 seriya nömrəli, xx.xx.2024-cü il tarixli EBDY 567531 seriya nömrəli, xx.xx.2024-cü il tarixli EBEA 096896 seriya nömrəli, xx.xx.2024-cü il tarixli MT2406 10054329 seriya nömrəli elektron qaimə fakturalar üzrə İddiaçı MMC tərəfindən yükdaşıma xidmətləri göstərilmiş, həmin xidmətlər təhvil verildikdən sonra Cavabdeh MMC tərəfindən qismən ödənişlər həyata keçirilmiş, lakin xx.xx.2024-cü il tarixli EBDW 768833 seriya nömrəli elektron qaimə faktura üzrə 5495 manat, xx.xx.2024-cü il tarixli EBDX 486322 seriya nömrəli elektron qaimə faktura üzrə 5865 manat və xx.xx.2024-cü il tarixli EBDY 567531 seriya nömrəli elektron qaimə faktura üzrə 6120 manat olmaqla Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan cəmi 40144.40 manat (qırx min yüz qırx dörd manat 40 qəpik) borcu bu günə kimi ödənilməmişdir. Qeyd edək ki, Cavabdeh MMC, İddiaçı MMCyə olan cəmi 40144.40 manat ödənilməmiş borcuna 5% hesablanmaqla ümumi məbləğdən əlavə ödənişin gecikdirildiyi 8 ay üçün faiz ödəməlidir. Nəticədə Cavabdeh MMC-nin pul öhdəliyinin icra edilməməsi üçün 8 ay üzrə faiz borcu 16057.76 manat (on altı min əlli yeddi manat 76 qəpik) (40144.40 AZN x 5 % = 2007.22 x (8 ay (gecikdirilmiş müddət)) = 16057.76 manat) təşkil edir. Bundan başqa, elektron qaimə fakturaların verildiyi tarixdən bu günə kimi (8 ay) öhdəliklər tam həcmdə icra edilmədiyindən Cavabdeh MMC əsas öhdəliklərlə yanaşı İddiaçı MMC-yə cərimə də ödəməlidir. Buna görə də, xx.xx.2023-cü il tarixli DAX-50 saylı xidmət müqaviləsinin 6.3-cü bəndinə görə “Sifarişçi”, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdiridiyi hər gün üçün “İcraçı”ya ödənilməli olan məbləğin 0.1% həcmində cərimə ödəməlidir. Belə olan halda ödənişin gecikdirildiyi 240 gün üçün cavabdehə 9634.56 manat cərimə hesablanmışdır (pretenziya göndərilənədək). Lakin buna baxmayaraq cavabdehlə işgüzar münasibətlərimiz nəzərə alınaraq hesab edirik ki, Cavabdeh MMC İddiaçı MMC-yə 5000 manat cərimə ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümken hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DAX-50 saylı müqaviləyə görə, icraçı müqavilə ilə müəyyən olunan və sifarişçinin yüklərinin müxtəlif yollarla və müxtəlif vasitə ilə daşınması ilə əlaqədar olan xidmətlər kompleksini tərəflərin sifarişçinin hazırkı müqavilə üzrə sifarişlərində və protokollarında razılaşdırdıqları şərtlərə uyğun şəkildə yerinə yetirməyi, sifarişçi isə bu xidmətləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə görə icraçı tərəfindən hazırkı müqavilə üzrə xidmətlərin göstərilməsi üçün sifarişçi əməliyyat başlamazdan 2 iş günü əvvəl sifarişçi tərəfindən imzalanmış sifarişi razılaşdırmaq məqsədi ilə icraçıya göndərir.

9. Müqavilənin 3.2-ci bəndinə görə icraçı sifarişlə razı olduğu halda onu aldığı andan 1 iş günü ərzində sifarişçiyə özü tərəfindən imzalanmış qiymət protokolu və ödəniş üçün hesabı göndərir.

10. Müqavilənin 6.3-cü bəndinə görə sifarişçi tərəfindən tərəflər arasında razılaşdırılmış ödəniş müddətləri pozulduğu halda icraçı sifarişçidən hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilən məbləğin 0,1% həcmində cərimə ödəməyi tələb etmək hüququna malikdir, sifarişçi isə bu cəriməni ödəməlidir, lakin cərimə ödənilməyən məbləğin 5 faizindən artıq olmamalıdır.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDW 610958 nömrəli 6545 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDW 768833 nömrəli 6545 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 486322 seriya nömrəli 5865 manat məbləğində, xx.xx.2024cü il tarixli EBDY 567531 nömrəli 6120 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEA 096896 seriya nömrəli 5610 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 10054329 nömrəli 17054,4 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 389860 nömrəli 10059,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 389161 nömrəli 9889 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 776257 nömrəli 4420 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 777086 nömrəli 15096 manat məbləğində elektron qaiməfakturalar təqdim olunmuşdur.

12. 14.02.2024-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında aktlara görə 5865 manat və 5610 manat, xx.xx.2023-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında akta görə 9889 manat, xx.xx.2023-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında akta görə 4420 manat, xx.xx.2023-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında akta görə 15096 manat, xx.xx.2023-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında akta görə 10059,50 manat, xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında akta görə 12665 manat, xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında akta görə 6545 manat, xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-qəbulu haqqında akta görə 17054,40 manat məbləğində yük daşınması xidməti cavabdeh tərəfindən qəbul edilmişdir.

13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 10059,50 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat ödəniş edilmişdir.

14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DX- 50 saylı yük daşınması müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

17. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, DX-50 saylı yük daşınması müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında yük daşınmaları həyata keçirilmiş, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş, daşıma ilə bağlı hər hansı irad bildirilməmiş, lakin həmin xidmətlərə görə yaranmış 40144,40 manat borc cavabdeh tərəfindən ödənilməmişdir.

19. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

20. Məhkəmə bu səbəbdən hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən hesablanmış 5000 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. Bundan əlavə, xx.xx.2023-cü il tarixli müqavilənin 6.3-cü bəndinə görə sifarişçi tərəfindən tərəflər arasında razılaşdırılmış ödəniş müddətləri pozulduğu halda icraçı sifarişçidən hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilən məbləğin 0,1% həcmində cərimə ödəməyi tələb etmək hüququna malikdir, sifarişçi isə bu cəriməni ödəməlidir, lakin cərimə ödənilməyən məbləğin 5 faizindən artıq olmamalıdır.

26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan, habelə cərimənin yuxarı həddinin ödənilməyən məbləğin 5 faizindən artıq olmaması tərəflər arasında razılaşdırıldığından həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2007,22 manat məbləğində müəyyən edilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 8 ay üçün illik 5 faiz hesablanmaqla 16057,76 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

31. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

32. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

33. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

34. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. İddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 8 ay üçün illik 5 faiz hesablanmaqla 16057,76 manat məbləğində faiz borcu tələb edilsə də, məhkəmə qeyd edir ki, həmin məbləğ iddiaçı tərəfindən düzgün hesablanmamış, 8 ay üçün illik 5 faiz hesablanmaqla faiz borcu 1338,14 manat (40144,40 manat * 5 faiz / 100 / 12 ay * 8 ay) təşkil edir.

37. Digər tərəfdən Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

38. Hazırkı iddia ərizəsi ilə iddiaçı cavabdehdən həm dəbbə pulunun, həm də zərərin ödənilməsini tələb etmiş, məhkəmə hazırda cavabdehdən tutulacaq 2007,22 manat dəbbə pulunun 1338,14 manat zərərdən çox olmasını nəzərə almaqla hesab edir ki, həmin faizlər dəbbə pulu məbləği ilə əhatə edildiyi üçün cavabdehdən tutula bilməz.

39. Bundan başqa iddia ərizəsində 1170 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.

40. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Fides” Vəkil Bürosunun hesabına 1170 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

41. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 216,46 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 57,54 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 40144,40 manat əsas borc, 2007,22 manat dəbbə pulu, 1170 manat hüquqi yardıma görə xərc, 216,46 manat dövlət rüsumu, ümumilikdə 43538,08 (qırx üç min beş yüz otuz səkkiz manat səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 57,54 (əlli yeddi manat əlli dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar