Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1235/2022 24.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X6 Liseyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 Liseyi” MMC-dən 1167 manat əsas borc, 60 manat mediasiya xərci və 25 manat dəymiş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır kı, İddiaçı MMC ilə “X6 Liseyi” MMC arasında 22 yanvar 2021-ci il tarixli hüquqi xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC-nin sifarişçi “X6 Liseyi” MMC-yə hüquqi xidmətlərin göstərilməsi və qarşılığında sifarişçinin icraçıya 500 manat aylıq ödəniş edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1-ci və 10-cu bəndlərinə əsasən müqavilə 22 yanvar 2021-ci il tarixindən bağlanmış və 22 yanvar 2024-cü il tarixinədək 3 il müddətinə qüvvədə olması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanan müqavilənin 9.1-ci bəndinə əsasən sifarişçi tərəfindən icraçını bir ay öncədən xəbərdar etməklə müqaviləyə xitam verilmişdir. Müqavilənin 6.1-ci maddəsinə əsasən xidmət haqqı hər ayın sonu köçürmə yolu ilə həyata keçirilməli idi. İcraçı tərəfindən sifarişçiyə e-qaimələr göndərilsə də, müqaviləyə xitam verilən tarixə cari borcun - sentyabr ayı üçün 500 manat, oktyabr ayı üçün 500 manat, noyabr ayının ilk 10 günü 167 manat olmaqla, ümumilikdə 1167 manat olması bildirilsə də, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdehə ödənilşlərin həyata keçirilməsi ilə bağlı rəsmi qaydada 13 oktyabr 2021-ci il tarixli 021 saylı məktub ünvanlanmış, ödəniş edilməsi xahiş edilmişdir. Lakin, “X6 Liseyi” MMC tərəfindən məktuba cavablandırılmamışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iş üzrə rəhbərliyin razılığı ilə iclasda iştirak edilməmişdir ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Həmin iş üzrə tərəflə liseyə aid yazıların sosial şəbəkədən silinməsi ilə bağlı razılığa gəlinmişdir. “X6 Liseyi” MMC-nin AR Ali Məhkəməsinin icraatında olan mübahisəsi üzrə təmsilçilik İddiaçı MMC tərəfindən həyata keçirilməmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında olan müqaviləyə görə, 22 yanvar 2021-ci il tarixdən etibarən, iddiaçı cavabdehə müxtəlif növ hüquqi xidmətlər göstərməli, onu bütün məhkəmələrdə təmsil etməyi öz öhdəliyinə götürmüşdür. Lakin, iddiaçı bu öhdəliyini dəfələrlə pozmuşdur. İlk olaraq, iddiaçı 08 fevral 2021-ci il tarixdə keçirilmiş, cavabdehin də tərəf olduğu və təmsil olunmalı olduğu Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iclasında iştirak etməmiş və iddiaçının bu iclasda iştirak etməməsinin cavabdehin şikayətinin təmin olunmamasının əsas səbəblərindən biri kimi xarakterizə olunmalıdır. İddiaçının həmin məhkəmə iclasında iştirak etməməsi, müvafiq qərarla təsdiqlənir. Daha sonra, cavabdeh tərəfindən 2(006)-4151/2021 nömrəli iş üzrə qaldırılmış iddia ilə bağlı keçirilmiş məhkəmə iclaslarının heç birində iddiaçı iştirak etməmiş, bunun nəticəsində, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirak elmədiyini əsas gətirilərək, “X6 Liseyi” MMC-nin iddiasını baxılmamış saxlamışdır. Bütün bu hallar, “X6 Liseyi” MMC-dən gizlədilmiş və düzgün məlumat verilməmişdir. Məhkəmə iddiaçının hüquqi xidmətləri göstərən müəssisə olduğunu və əməkdaşlarından bəzilərinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olduğunu nəzərə almalı və bu prosedurlarla bağlı cavabdehdən kifayət qədər artıq məlumata malik olduğunu da nəzərə almalıdır. İddiaçı xidmət göstərdiyi sahə üzrə cavabdehdən daha artıq məlumatlı olmasından və cavabdehin rəhbərliyinin xarici ölkə vətandaşları olmasından istifadə edərək faktiki olaraq öz hərəkətsizliyini pərdələmiş və həmin dövrlər ərzində cavabdehdən aylıq olaraq 500 manat ödəniş almışdır. İddiaçı, bütün müqavilə dövrü ərzində yalnız bir dəfə cavabdehi məhkəmə iclasında təmsil etmişdir. Bu xidmət isə tamamilə keyfiyyətsiz olmuş və sözün həqiqi mənasında fiasko ilə nəticələnmişdir. Belə ki, 2(005)-3714/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixdə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində keçirilmiş iclasda iddiaçı cavabdehi “təmsil etmiş” və bu “təmsilçilik” nəticəsində məhkəmə iddaçının əleyhinə qətnamə elan etmişdir. Qətnamə nəticəsində cavabdehin üzərinə ümumiyyətlə mövcud olmayan öhdəliyin yerinə yetirilməsi öhdəlik kimi qoyulmuşdur. Bu qətnamə ilə cavabdehin nüfuzuna ciddi zərər dəymiş və qarşı tərəflər tərəfindən tam lehinə faktlar olan bir məhkəmə mübahisəsində belə öz hüquqlarını müdafiə edə bilmədiyi ittihamları ilə üzləşmişdir. Daha sonra, bu qətnamə cavabdehin təkidi nəticəsində yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmuşdur. Bu qətnamə barədə də cavabdehə məlumat verilməmiş və cavabdeh bu qətnaməni əldə edən kimi müvafiq araşdırma aparmışdır. Cavabdeh Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3714/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 10966/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnamə ilə cavabdehin şikayətini təmin etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3714/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsində öz əməkdaşları tərəfindən təmsil olunmuşdur. İddiaçı tərəfindən müqavilə dövrü ərzində hər-hansı bir xidmətin tam və keyfiyyətli şəkildə icra olunduğu hallar az qala yox səviyyəsindədir. Göründüyü kimi, İddiaçı müqavilə dövrü ərzində bir çox hallarda xidmət göstərməmiş, məhdud sayda göstərdiyi xidmətləri həddindən artıq keyfiyyətsiz şəkildə göstərmiş və bu əməllərim öz üstün mövqeyindən istifadə etməklə cavabdehdən gizlətməyə çalışaraq müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh məsələnin danışıqlar yolu ilə həll olunmasına çalışmışdır. Belə ki, müqavilə başlanan tarixdən 2021-ci ilin avqust ayının sonuna qədər, cavabdeh iddiaçiya hər ay 500 manat ödəmişdir. 2021-ci ilin sentyabr ayında, yəni iddiaçının müqavilə üzrə öhdəliklərini pozduğundan xəbər tutduqdan sonra, cavabdehdən izahat tələb etmiş, heç bir izahat ala bilmədikdə isə, müqaviləyə xitam veriləcəyini bildirmişdir. Məsələnin danışıqlar yolu ilə həll olunması üçün cavabdeh iddiaçıya əlavə olaraq da 500 manat ödəməyi də təklif etmişdir. Lakin, iddiaçı öhdəliklərini pozmasına, cavabdehin nüfuzuna ciddi zərər vurmasına, əvvəlcə cavabdehin hüquqlarını qorumaq barədə öhdəliyi olmasına baxmayaraq məhkəməyə müraciət etmişdir. Tərəflər arasında olan müqavilənin predmetindən də göründüyü kimi, iddiaçının alacağı xidmət haqqının əvəzində müxtəlif növ xidmətləri yerinə yetirəcəyini öz öhdəsinə götürsə də, demək olar ki həmin öhdəliklərin heç birini yerinə yerilməmişdir. Göstərilməmiş və yerinə yetirilməmiş xidmətlərə görə, xidmət haqqının tələb edilməsi tamamilə qanunvericiliyə ziddir. İddiaçı nəinki ödəniş tələb etdiyi dövrlər üçün heç bir xidmət göstərməmiş, ondan əvvəlki dövrlərdə də öz öhdəliklərini yerinə yetirməmişdir. Həmçinin, iddiaçının əsas öhdəliyi cavabdehin hüquqlarını qorumaq olmuş, məhkəməyə müraciət etməklə də cavabdehin hüquqlarının qorunmasında maraqlı olmadığını bir növ etiraf etmişdir. İş materiallarında olan: - İddiaçı MMC ilə “X6 Liseyi” MMC arasında bağlanılmış 22 yanvar 2021-ci il tarixli hüquqi xidmət müqaviləsinə əsasən, sifarişçi hüquqi xidmətin göstərilməsi, o cümlədən, müqavilələrin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, aidiyyəti dövlət orqanlannda, məhkəmədə təmsilçilik, iddia ərizəsi hazırlamaq, qaldırılmış iddialara etirazlar, apellyasiya və kassasiya şikayətləri hazırlamaq, barışıq danışıqları aparmaq və s. digər yarana biləcək mübahisələrlə bağlı məsləhətlər vermək, yardımlar göstərmək, eləcə də şirkətin vergi mübahisələrinə hüquqi məsləhətlər vermək. Vergi orqanlarında şirkətin hüquqlarını müdafiə etmək, şirkətin təklifi əsasında digər hüquqi yardımlar göstərmək, şirkətə təkliflər vermək üçün və qanunvericiliklə müəyyən edilmiş digər prosessual hərəkətlərin həyata keçirilməsi üçün icraçı - “X6 Liseyi” MMC-nin 500 manat aylıq məbləğ təklifini qəbul etmişdir. - “X6 Liseyi” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli məktubda 22 yanvar 2021-ci il tarixli hüquqi xidmət müqaviləsinə 30 sentyabr 2021ci il tarixdən xitam verilməsi təklif olunmuşdur. - İddiaçı MMC tərəfindən “X6 Liseyi” MMC-yə ünvanlanmış 13 oktyabr 2021-ci il tarixli məktubda müqaviləyə 11 noyabr 2021-ci il tarixdən xitam veriləcəyi və 1167 manat məbləğində borcun ödənilməli olduğu bildirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı MMC ilə “X6 Liseyi” MMC arasında 22 yanvar 2021-ci il tarixli hüquqi xidmət müqaviləsinin bağlanması, müqavilə münasibətlərinin 11 noyabr 2021-ci il tarixə kimi davam etməsi, 2021-ci ilin sentyabr ayına kimi xidmət haqqının ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və təqdim olunmuş sübutlarla təsdiqini tapdığından məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Cavabdehin iddiaya etirazının əsasını 2 hal təşkil edir: - 2021-ci ilin sentyabr ayından müqavilə xitam verilənə qədər heç bir hüquqi xidmətin göstərilməməsi; - hüquqi xidmətin keyfiyyətsiz göstərilməsi (2(005)-3714/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixdə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində keçirilmiş iclasın nəticəsi kimi qətnamənin iddaçının əleyhinə olması). Tərəflər arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan öhdəliklər üzrə sifarişçinin müraciətləri əsasında xidmətlərin göstərilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İşin halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən mübahisəli dövr olan 2021-ci ilin sentyabr ayından müqavilənin xitam verildiyi 11 noyabr 2021-ci il tarixə kimi hüquqi xidmət göstərilməsi ilə bağlı hər hansı bir müraciət olunmamışdır. Qeyd olunan əsasla iddianın rədd edilməsi bu halda mümkün ola bilərdi ki, hüquqi xidmət göstərilməsi ilə bağlı müraciət olunduğu təqdirdə hüquqi xidmət göstərilməsin. Lakin belə bir hal mövcud olmadığına görə məhkəmə hesab edir ki, bu əsasla iddia rədd oluna bilməz. Müqavilənin 2-ci bəndinə əsasən idddiaçının öz üzərinə götürdüyü öhdəlik hüquqi xidmətin göstərilməsi, o cümlədən, müqavilələrin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, aidiyyəti dövlət orqanlannda, məhkəmədə təmsilçilik, iddia ərizəsi hazırlamaq, qaldırılmış iddialara etirazlar, apellyasiya və kassasiya şikayətləri hazırlamaq, barışıq danışıqları aparmaq və s. digər yarana biləcək mübahisələrlə bağlı məsləhətlər vermək, yardımlar göstərmək, eləcə də şirkətin vergi mübahisələrinə hüquqi məsləhətlər vermək. Vergi orqanlarında şirkətin hüquqlarını müdafiə etmək, şirkətin təklifi əsasında digər hüquqi yardımlar göstərmək, şirkətə təkliflər vermək üçün və qanunvericiliklə müəyyən edilmiş digər prosessual hərəkətlərin həyata keçirilməsindən ibarət olmuşdur. Yəni, iddiaçı tərəfindən cavabdehi təmsil etdiyi işlərin sonuncunun lehinə olması ilə bağlı hər hansı bir öhdəlik götürülməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaya etirazın əsasını təşkil edən hallar iddianın rədd olunması üçün əsas hesab edilə bilməz. İşin halları ilə təsdiq olunur ki, cavabdeh tərəfindən 2021-ci ilin sentyabr və oktyabr ayları üzrə, habelə noyabr ayının 11-dək göstərilən xidmətlər üzrə ödənişlər həyata keçirilməmişdir. Tərəflər mediasiya prosesində iştirak etdiyi zaman “X6 Liseyi” MMC tərəfindən ümumi borcdan 500 manat məbləğin ödənilməsi təklifi edilmiş, lakin iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən iddiaçıya 700 manat məbləğində pul vəsaiti təklil olunsa da, iddiaçı tərəfindən bu təklif qəbul edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır. İddiaçı 25 manat məbləğində dəymiş zərər ilə bağlı hissəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X6 Liseyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 1167 manat məbləğində pul vəsaiti pul vəsaiti “X6 Liseyi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti “X6 Liseyi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1235/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1235/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver