Məhkəmə qərarları › İş №e-2-2(113)-1238/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1238/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1238/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış “30” mart 2022-ci il tarixli, 03/2022 saylı alqı-satqı müqaviləsinə əsasən, 24.676,40 AZN (iyirmi dörd min altı yüz yetmiş altı manat qırx qəpik) (ƏDV daxil) məbləğində pul vəsaitinin və 200 AZN (iki yüz) məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki Cavabdeh ilə İddiaçı arasında “30” mart 2022-ci il tarixində, 03/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, cavabdehin sifarişinə uyğun olaraq, ona müxtəlif çeşidli mallar təhvil verilmişdir. Lakin Cavabdeh MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklər pozularaq, 24 676,40 AZN (iyirmi dörd min altı yüz yetmiş altı manat qırx qəpik) (ƏDV daxil) məbləğində pul vəsaiti hələ də İddiaçı MMC-yə ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borcun bir hissəsinin və ya hamısının ödənilməsi ilə bağlı heç bir cəhd göstərməmişdir. Bu isə mübahisənin məhkəmə qaydasında həllini zəruri etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək qeyd etmişdir ki, cavabdeh tərəfindən 2360 manat (ƏDV daxil) ödəniş edilmişdir. “30” mart 2022-ci il tarixli, 03/2022 saylı alqı-satqı müqaviləsinə əsasən, 22.316,40 AZN (iyirmi iki min üç yüz on altı manat qırx qəpik) (ƏDV daxil) məbləğində pul vəsaitinin və 200 AZN (iki yüz) məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən halların araşdırılması, qarşılıqlı borcların müəyyən edilməsi, barışıq əldə olunması və mühüm əhəmiyyət kəsb edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Daha əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bəzi ödənişlərin olduğunu, bununla bağlı olaraq sübutların təqdim ediləcəyini qeyd etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 30 mart 2022 tarixli 03/2022 saylı müqaviləyə əsasən satıcı malları alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə əsasında malların dəyərini ödəyərək onları qəbul etməyi öz öhdəsinə götürür. 1.2. bəndə əsasən bu müqavilə üzrə malların növü (modeli), çeşidi, miqdarı, qiyməti və s. məlumatlar tərəflər arasında imzalanmış və bu müqavilənin ayrılmaz tərkib hissələri sayılan əlavələrlə (hesab, qaimə faktura, qiymət razılaşma protokolları və s.) müəyyən olunur. 2.1. Malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (hesab, qaimə faktura, qiymət razılaşma protokolları və s.) göstərilir. Tərəflər bu müqavilə üzrə müvafiq öhdəliklərinin və qanunvericiklə müəyyən edilən vergilərin və başqa dövlət ödənişlərin icrasım aidiyyətinə görə öz üzərlərinə götürürlər və bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyırlar. 2.2. Mallar təchiz olunduqdan sonra alıcı satcıdan alınmış malların dəyərinin ödənişini qiymətlərin razılaşma protokolunda nəzərdə tutulan məbləğ həcmində və Satıcının təqdim etdiyi hesab faktura əsasında 30 (otuz) gün ərzində həyata keçirir. xx.xx.2022 tarixli təhvil-təslim aktına əsaən 72.174,7 manat məbləğində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi qeyd edilmişdir. Həmin aktda təhvil verən Əsgərov Qalib, təhvil alan Həsənov Rafael qeyd edilmişdir. İddiaçı MMC və Cavabdeh MMC arasında olan “alqı-satqı” müqaviləsi üzrə borcları qarşılıqlı üzləşmə aktında xx.xx.2022-ci il tarixinə 25.805,66 manat məbləğində Cavabdeh MMC-nin borcunun olması qeyd edilmişdir. Həmin akt İddiaçı MMC-nin və Cavabdeh MMC-nin baş mühasib möhürləri ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2023 tarixində 2000 manat Cavabdeh MMC-yə məxsus hesaba mədaxil olmuşdur. İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından çıxarışa əsasən 360 manat Cavabdeh MMC tərəfindən hesaba ödəniş olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022 tarixli pretenziya məktubunda 24.676,40 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. EBCİ seriyalı 727450 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən Cavabdeh MMC 42.049,30 manat məbləğində malları İddiaçı MMC-yə geri qaytarmışdır. EBBT seriyalı 833385 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 72.174,70 manat məbləğində mallar 03/2022 saylı alqı satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödəniməsi üçün təqdim edilmişdir. **********48 nömrəli xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 200 manat Bakı “18 saylı” Mediasiya Təşkilatının bamk hesabına köçürülmüşdür. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, daha sonra həmin müqavilə əsasında malların bir qismi satıcı olan iddiaçıya geri qaytarılmış, yerdə qalan malların dəyəri isə tam olaraq ödənilməmişdir. Hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə cavabdehin borcunun olması işin mübahisəsiz halıdır. İddiaçı tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq öhdəliklərini tam olaraq icra etsə də cavabdeh müqavilə öhdəliklərini pozmuş, ona təhvil verilmiş malların dəyərini tam olaraq ödəməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh borc məbləğini mübahisələndirsə də borcun özünü mübahisələndirməmişdir. Cavabdehdən tutulmalı olan pul məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında malların alqı-satqısının olması eyni zamanda borcun olması elektron qaimələrlə öz təsdiqini tapır. Digər tərəfdən tərəflər arasında borc məbləği barədə qarşılıqlı üzləşmə aktı tərtib edilmiş, həmin akt Cavabdeh MMC-nin baş mühasibi möhürü ilə təsdiq edilmişdir. Qeyd edilənlərdən əlavə, cavbadeh məhkəmə baxış iclasının təxirə salınmasını xahiş edərkən bəzi ödənişlərin olduğunu qeyd etmiş, lakin həmin ödənişlər barədə məlumatları “elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim etmə imkanı olmasına baxmayaraq, həmin ödəniş məlumatlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olması öz təsdiqini tapdığından iddia təmin edilməli, Optimal Elektronika” MMC-dən 22.316,40 AZN (iyirmi iki min üç yüz on altı manat qırx qəpik) (ƏDV daxil) manat Savalan Group” MMC-nin xeyrinə tutulmalıdır. Vİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 22.316,40 AZN (iyirmi iki min üç yüz on altı manat qırx qəpik) (ƏDV daxil) manat və 200 AZN (iki yüz) manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar