Məhkəmə qərarları › İş №e-2-2(113)-1238/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1238/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1238/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: yük daşınma müqaviləsi üzrə borcun tutulması Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 170/21 №li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin: - 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir vı ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri ( və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. - 5.2-ci bəndinə əsasən sifarişçi əvvəlcədən depozit ödənişi həyata keçirir. Göstəriləcək xidmətlərin dəyəri depozit məbləğidən artıq olduğu təqdirdə əlavə ödəniş beş iş günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilir. -8.3-cü maddəsinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2% əlavə hesablanacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Həmin müqavilə üzrə göstərilmiş xidmətlərin təhvil verilməsi barədə 051882 saylı, xx.xx.2023-cü il tarixli; 052229 saylı, xx.xx.2023-cü il tarixli; 052365 saylı, xx.xx.2023-cü il tarixli; 053383 saylı, xx.xx.2023-cü il tarixli aktlara əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş cəmi 3740 manat dəyərində yükdaşıma xidmətləri təhvil verilmişdir. Aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən ümumilikdə 3740 manat (ƏDV yoxdur) dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək, xidmət müqaviləsi üzrə borcun 3 iş günü ərzində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən 3740 manat məbləğində əsas borcun, 1105 manat məbləğində dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 151 manat pulun, ödənilmiş 70 manat mediasiya haqqının və 10 manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 170/21 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 3740 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 05182, 052229, 052284, 052365, 053383,054580 nömrəli təhviltəslim aktlarla təsdiq edilir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirirlər ki, müqavilənin 8.3-cü bəndinə əsasən difarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün qalıq borcun dəyərin 0.2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 2211,14 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək məbləğin ≈50 %-i həcmində, yənicəmi 1105 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əlatmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.7, 445.2, 448.1=ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c)İşdə iştirak edən şəxslər və onların izahatları

10. Məhkəmə iclasında iştirak edən X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 170/21 №li müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 3740 manat təşkil edir.

19. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 3740 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 3740 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.

20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 1105 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin yükdaşıma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

22. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

23. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir.

24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliyinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmaqla 151 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüş dür.

25. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı eyni pozuntuya görə müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə (eyni müddət üçün) dəbbə pulunun ödənilməsini də tələb etmişdir.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Digər tərəfdən həmin faizlər borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin fomalarından biri olan olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi daşıdığından sanksiyaların bərpaedici növünə aiddir.

27. Beləliklə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faizlər bərpaedici sanksiyalarına aid edildiyindən həmin sanksiyanın pozuntuya yol verilmiş şəxsi cəzalandırmaq məqsədilə tətbiq edilən cərimə xarakterli sanksiyalarla (məsələn, dəbbə pulu) yanaşı tətbiq edilməsi istisna olunmur və həçmin sanksiyaların eyni zamanda tətbiqi ikiqat məsuliyyətə səbəb olmur.

28. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsinin məzmunundan göründüyü kimi qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur.

29. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, müqavilənin 8.3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulu dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

30. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən maddi zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq tutulmasını xahiş etdiyi 151 manat məbləğində faizlər hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği ilə tam əhatə edildiyindən həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.

31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri və 10 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

32. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 70 manat təşkil edir.

33. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

34. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin (dövlət rüsumu və mediasiya xərcləri) əvəzi olaraq 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 3740 manat məbləğində borc, 200 manat məbləğində dəbbə pulu, cəmi 3940 manat məbləğində pul vəsaiti, eləcə də iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 60 manat pul vəsaiti tutularaq İddiaçı MMC MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar