Məhkəmə qərarları › İş №e-2-2(113)-1239/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1239/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1239/2021 09.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 11035,36 manat əsas borcun, 1103,53 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında İT xidmətlərin göstərilməsi ilə bağlı xx xxxx 2014-cü il tarixli 2014-54-AC-CAS-İNT saylı müqavilə imzalanmışdır. xx xxxx 2014-cü il tarixli 2014-54-AC-CAS-İNT saylı müqavilənin şərtlərinə müvafiq olaraq, İddiaçı MMC “xxxx” MMC-yə hər ay İT xidmətləri göstərmişdir. xx xxxx 2014-cü il tarixli 2014-54-AC-CAS-İNT saylı müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi ödənilməli olan məbləğləri manatla icraçının hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura sifarişçi tərəfindən qəbul olunduqdan 7 (yeddi) bank günü ərzində ödəyir. Lakin “xxxx” MMC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq İddiaçı MMC tərəfindən xidmətlər göstərilməsinə və aylıq xidmət müqavilələri üzrə xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinə kimi hesab-fakturalar təqdim edilməsinə baxmayaraq xx xxxx 2014-cü il tarixli 2014-54-AC-CAS-İNT Müqavilə üzrə 11035,36 manat (18 % ƏDV ilə) məbləğində ödənişi bugünə kimi həyata keçirməmişdir. xx xxxx 2014-cü il tarixli 2014-54-AC-CAS-İNT saylı müqavilənin 3.2-ci bəndinə görə Əgər “Sifarişçi” ödənişləri gecikdirirsə, 1 (bir) aydan sonra hesab faktura alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 2014-54-AC-CAS-İNT nömrəli müqavilədən və həmin müqaviləyə əlavə olan qiymətlərin razılaşdırılması protokollarından görünür ki, icraçı - İddiaçı MMC İT xidmətlərinin göstərilməsini, sifarişçi - “xxxx” MMC isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən əgər “Sifarişçi” ödənişləri gecikdirirsə, 1 (bir) aydan sonra hesab faktura alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə “xxxx” MMC İddiaçı MMC-yə cəmi 10927,98 manat məbləğində borcu olduğunu təsdiq etmişdir. İddiaçı MMC tərəfindən verilən EBAT seriyalı, 663104 nömrəli, xx.xx.2020-ci il tarixli (əsas-2014-54-AC-CAS-İNT nömrəli müqavilə) elektron qaimədən görünür ki, ƏDV daxil olmaqla cəmi 107,38 manat məbləğində İT xidmətləri göstərilmişdir. xx.xx.2020-ci il tarixli İddiaçı MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, 2014-54-AC-CAS-İNT nömrəli müqaviləyə əsasən “xxxx” MMC-nin İddiaçı MMC-yə ƏDV daxil cəmi 11035,36 manat borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş, öz üzərinə düşən öhdəlikləri tam həyata keçirməmiş və 11035,36 manat məbləğində vəsaiti ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 11035,36 manat məbləğində əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 1103,53 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 64,64 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, 2014-54-AC-CAS-İNT nömrəli müqavilə üzrə yaranmış 11035,36 manat məbləğində əsas borc, 64,64 manat cərimə borcu, cəmi 11100 manat məbləğində pul cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 12138,89 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 11100 manatı (91,44%) təmin olunduğuna görə 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 27,43 (91,44%) manat məbləğində pul cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, 2014-54-AC-CAS-İNT nömrəli müqavilə üzrə yaranmış ƏDV daxil 11035,36 manat məbləğində əsas borc, 64,64 manat dəbbə pulu, cəmi 11100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 27,43 manat məbləğində pul cavabdeh “xxxx” MMC-dən (VÖEN **********) tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar