Məhkəmə qərarları › İş №e-2-2(113)-1240/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1240/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1240/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN: **********) 29.689,89 manat borcun, borcun ödənildiyi günə faizlərin, vəkilə ödənilmiş 500 manat hüquqi yardım haqqının və 210 manat mediasiya xərcinin alınaraq İddiaçınə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən 2020-ci il ərzində cavabdeh tərəfindən təmirə göndərilmiş avtomobillərə xidmət haqqı qarşılığında servis xidməti göstərmişdir. Tərəflər arasında təsdiqlənmiş 10 sentyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh 31.08.2020-ci il tarixə iddiaçıya göstərdiyi xidmətlərə görə 48.189,89 manat borcu olduğunu təsdiq etmiş və həmin borcu hər ay 6000-8000 manat olmaq şərti ilə ödəyəcəyini bildirmişdir. Cavabdeh bir müddət ödəniş etmiş, sonradan isə öhdəliyin icrasından yayınmışdır. Cavabdehin 25.11.2021-ci il tarixə qalıq borcu 29.689,89 manat təşkil edir. İddiaçının dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh bu gün də öhdəliyini icra etmir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "X2 Manegement Services” MMC-dən 29.689,89 manat borcun, 6.896,60 manat faiz borcunun, vəkilə ödənilmiş 500 manat hüquqi yardım haqqının və 210 manat mediasiya xərcinin, ümumilikdə 37.296,49 manat pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərdən qeyd edilən tarixdə məhkəmə iclasında iştirak edib hüquqlarını müdafiə edə bilməyəcəklərini qeyd edərək, məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin qanuni təmsilçisinin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 09 yanvar 2020-ci il tarixdə texniki təmir xidmətlərinin göstərilməsi haqqında 086/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə icraçı tərəfindən sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən avtomobilə (avtomobillərə) texniki təmir xidmətinin göstərilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsini təşkil edir. 3.1-ci bəndinə görə bum müqavilə üzrə ödənişlər təqdim olunmuş hesab-fakturaya əsasən manat (AZN) məzənnəsi ilə icraçının hesablaşma hesabına köçürmə yolu ilə və ya qaimə əsasında nağd qaydada kassasiya ödəməklə həyata keçirilir. 3.2-ci bəndinə görə icraçının razılığı olduğu təqdirdə ödənişi təmir işləri görüldükdən sonra həyata keçirilməsinə yol verilə bilər. Lakin bu zaman sifarişçi tərəfindən ödəniş təmir işləri qurtardıqdan sonra 30 təqvim günü ərzində razılaşdırılmış qaydada həyata keçirilməli, istisna hallarda icraçının tələbi ilə əgər göstərilən xidmətin məbləği 1000 manaı keçərsə sifarişçidən görülən işin 50% qədər avans tələb oluna bilər. 3.3-cü bəndinə görə əgər tərəflər arasında (X1) tərtib olunubsa, imzalandıqdan sonra ödəniş həyata keçirilir. 3.4-cü bəndinə əsasən sifarişçi bu müqavilənin 3.2-ci və 3.3-cü bəndlərində göstərilən ödənişləri həyata keçirmədiyi təqdirdə icraçı hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,1% miqdarında cərimə ödənilməsini tələb etmək hüququna malikdir. Həmin müqavilənin: 4.1.3-cü bəndinə görə göstərilmiş xidmətin dəyərini ödəmək; 4.1.5-ci bəndinə görə xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək sifarişçinin vəzifələridir. 5.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir. İcraçı, sifarişçiyə mütəmadi xidmət göstərdiyi halda bu müqavilə 1 il müddətinə bağlanılır. 5.2-ci bəndinə görə bu müqavilənin 5.1-ci bəndində göstərilən müddətin bitməsindən 30 gün əvvəl ona xitam vermək haqqında hər hansı bir tərəfin rəsmi müraciəti olmadıqda bu müqavilənin müddəti növbəti 1 il müddətinə uzadılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 10.09.2020-ci il tarixli “üzləşmə aktı” əsasən 31.08.2020-ci il tarixə Cavabdeh MMCnin İddiaçı MMC-yə olan borcu 48.189,89 manat təşkil etmiş və hər iki tərəfin razılığına əsasən həmin borcun hər ay 6000-8000 manat olmaq şərti ilə ödənilməsi təsdiqlənmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 20 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 09 yanvar 2020-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-nin avtonəqliyyat vasitələrinə texnikitəmir xidməti göstərmiş, Cavabdeh MMC göstərilmiş texniki-təmir xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə İddiaçı MMC–yə 29.689,89 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 6.896,60 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 210 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddiaçının əsas borcun gecikdirilməsinə görə tələb etdiyi faiz borcunun məbləği nəzərə alındıqda hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 200 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 350 (üç yüz) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 29.689,89 manat (iyirmi doqquz min altı yüz səksən doqquz manat səksən doqquz qəpik) məbləğində borc, vəkil xərclərinin əvəzi olaraq 350 (üç yüz əlli) manat və mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar