Məhkəmə qərarları › İş №e-2-2(113)-1243/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1243/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1243/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5770 (beş min yeddi yüz yetmiş) manat məbləğində əsas borc, 633 (altı yüz otuz üç) manat məbləğində cərimə, 6,25% bank uçot dərəcəsi ilə hesablanmaqla 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 43/20 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib, müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, xidmət müqabilində ödənilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 5770 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlarla və İnternet Vergi İdarəsindən çıxarılmış elektron qaimələrlə də təsdiq edilir. Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2 %-i əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 633 manat cərimə hesablanmışdır. Cavabdehdən dəfələrlə borc məbləğinin tələb edilməsinə baxmayaraq, qeyd edilən pul şirkətə ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 835777 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 340 manat borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 401093 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 680 manat borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 773314 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 40 manat borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 970329 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 290 manat borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 513259 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 250 manat borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 373241 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 50 manat borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 118257 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 1880 manat borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 405918 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-dən 2240 manat borcun ödənilməsi tələb edilmişdir. - xx.xx.2020-ci il tarixli, 016247 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 340 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 016408 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 680 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 016906 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 40 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 017114 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 290 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 017266 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 250 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 017900 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 1880 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 018002 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 50 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 018722 göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən göstərilən xidmətin dəyəri 2240 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixə əsas borcu 5770 manat, cərimə borcu isə 633 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun 3 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması elektron qaimələr və göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 5770 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də xx.xx.2020-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 633 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 150 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin bank uçot faiz dərəcəsi kimi hesablanmış 348 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin normalara əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanması öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 4 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 26 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 5770 (beş min yeddi yüz yetmiş) manat əsas borc, 150 (yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manat olmaqla, cəmi 5946 (beş min doqquz yüz qırx altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 4 (dörd) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar