Məhkəmə qərarları › İş №e-2-2(113)-1243/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1243/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1243/2022 30.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 1270 manat sığorta ödənişinin, hər gecikdirilmiş 412 gün üçün 0,1 faiz həcmində hesablanmış 523,24 manat məbləğində dəbbə pulunun, mediasiyaya dair xərcin 60 manat, vəkilə ödənilmiş xidmət haqqı 110 manat və 41 manat dövlət rüsumu olmaqla ümumilikdə 2004 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında 21.09.2017-ci il tarixli, MC170000539 saylı sığorta müqaviləsi bağlanmış və cavabdeh tərəfindən Sığorta Şəhadətnaməsi və müvafiq Yaddaş Vərəqəsi "xxxx" MMC-yə təqdim edilmişdir. Sığorta müqaviləsinə əsasən, sığorta olunan obyekt-“Great Wall M4” markalı ** PK *** dövlət qeydiyyat nişanlı minik avtomobilidir (nəqliyyat vasitəsi). 26.11.2020-ci il tarixində saat 20:00-da həmin nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində "xxxx" MMC-yə ziyan vurulmuşdur. Hadisə ilə bağlı Bakı şəhər BPİ DYPİ tərəfindən cavabdehə 04653414-1120 saylı arayış və digər təsdiqləyici sənədlər təqdim edilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin əməkdaşı hadisə barədə məlumatları aldıqdan sonra cavabdeh ilə əlaqə saxlayıb bütün tələb olunan məlumatları çatdırmışdır. Cavabdehin 22 dekabr 2020-ci il tarixli, AS-20/1511 nömrəli məktubu ilə əsassız olaraq sığorta ödənişin edilməsindən imtina olunmuşdur. Yol-nəqliyyat hadisəsi 26 noyabr 2020-ci il tarixində saat 20:00-da baş vermişdir. Hadisə yerinə DYP-in əməkdaşları dərhal çağırılmışdır (Bu həmçinin onunla təsdiq olunur ki, Cavabdehə BPİ DYPİ tərəfindən 04653414-1120 saylı arayış göndərilmişdir). Cavabdehə hadisə baş verdikdən sonra iddiaçı tərəfindən məlumat növbəti gün saat 15:00 radələrində verilmişdir. Həmçinin Cavabdehin imtina məktubunda da 19 saata məlumat verilməsi təsdiqlənir. Beləliklə, MM-nin 923.1-ci maddəsinin tələblərinə tərəflərindən əməl edilmişdir. Çünki, həmin maddənin tələbinə əsasən sığorta hadisənin baş verməsi barədə məlumatın verilməsi üçün 2 müddət nəzərdə tutulmuşdur: 1) hadisədən xəbər tutduqdan dərhal sonra və ya 2) mümkün olan ən qısa müddət. Göründüyü kimi qeyd edilən normada dispozitiv xarakterli iki davranış imkanı nəzərdə tutulmuşdur. Amma Cavabdeh sığorta ödənişinin verilməsindən imtina edərkən həmin maddədə nəzərdə tutulan davranış imkanlarından ancaq birinə istinad etmişdir ki, hansı ki, bu da qanunvericiliyin tələbinin pozulması hesab olunmalıdır. Qanunvericiliyin tələblərinin pozulması nəticəsində isə "xxxx" MMC qanunla ödənilməli olan sığorta ödənişi almaq imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarına əlavə edilmiş 21.09.2017-ci il tarixli MC********** nömrəli sığorta şəhadətnaməsi ilə müəyyən edilir ki, İddiaçınə məxsus “GREATWALL M4” markalı, 90 PK104 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi, hər hansı predmet ilə toqquşma, üçüncü şəxslərin qərəzli hərəkətləri, yanğın, partlayış, ildırım vurma, oğlurluq, soyğunçuluq, quldurluq, sel, daşqın, su basmça, fırtına, zəlzələ kimi sığorta risklərindən 24.300 manat məbləği olaraq 21.09.2017-ci il tarixdən 221.09.2021-ci il tarixədək sığortalanmışdır. İş materillarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan elekron qaydada çıxarışdan görünür ki, “GREATWALL M4” markalı, 90 PK104 dövlət qeydiyyat nişanlı avtomobil ilə 26.11.2020-ci il tarixində saat 20:00 radələrində inzibati xəta törədilmiş, yəni sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 22.12.2020-ci il tarixli, AS-20/1511 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda sözügedən nəqliyyat vasitəsinin 26.11.2020-ci il tarixdə saat 20:00-da qəzaya uğramasının qeyd edilməsi bildirilmişdir. Bununla bağlı Bakı şəhər BPİ DYPİ tərəfindən "xxxx" ASC-yə 046-53414- 1120 saylı arayış və digər səbədlər təqdim edilmişdir. Lakin hadisə baş verdikdən sonar heç bir üzrlü səbəb olmadan və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda hadisə barədə AtaSığorta” ASC-yə dərhal deyil, hadisədən təxminən 19 saat sonra məlumat verilməsi səbəbindən sığorta ödənişinin verilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilən yaddaş vərəqinin 1-ci maddəsinə və avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası qaydalarının 12.1-ci maddəsinə əsasən sığortalı hadisənin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 24 saat ərzində sığortaçıya və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. İddiaçı tərəfindən 26.11.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi barədə 27.11.2020-ci il tarixində, saat 15:30-da, yəni hadisənin baş verməsindən 24 saat ərzində məlumat verilməsi "xxxx" ASC-nin 22.12.2020-ci il tarixli, AS-20/1511 nömrəli məktubunda öz təsdiqini tapmışdır. İş materiallarında olan “X3 Azerbaijan” Texniki Xidmət Mərkəzinin 10.12.2020-ci il tarixli, 1719 nömrəli Qiymətləndirmə aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Great Wall M4” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 1270 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.1 və 889.2-ci maddələrinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğuqanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi, İddiaçı mülkiyyətində olan “Great Wall M4” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil X1 tərəfindən 26.11.2020-ci il tarixində saat 20:00 radələrində avtonəqliyyat hadisəsi törədilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə (ara məsafəsi qaydaları pozulması) protokol tərtib edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş AtaSığorta tərəfindən İddiaçınə ünvanlanmış imtina məktubdan görünür ki, AtaSığorta hadisə barədə 27.11.2020-ci il tarixdə saat 15:30-da məlumat verildiyini etiraf etmişdir. Göründüyü kimi, hadisə barədə məlumat Sığortaçıya hadisədən 19 saat sonra yəni "xxxx" ASC tərəfindən verilən yaddaş vərəqinin 1-ci maddəsinə və avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası qaydalarının 12.1-ci maddəsinin tələblərinə əməl edilməklə verilmişdir. Ona görə də, sığortaçı tərəfindən verilmiş imtina əsassızdır. “X3 Azerbaijan” Texniki Xidmət Mərkəzinin 10.12.2020-ci il tarixli, 1719 nömrəli Qiymətləndirmə aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Great Wall M4” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 1270 manat müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 1270 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 1270 manat məbləğində əsas borcuna münasibətdə 100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 110 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində pul ödəmişdir. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, 41 manat dövlət rüsumunun tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, mediasiya xərclərini ödəmiş tərəf müvafiq məbləğdə dövlət rüsumunu ödəməkdən azad olunur. Hazırda iddianın ümumi qiymətinin 1793 manat olmasını nəzərə alaraq 37,93 manat dövlət rüsumu tələb olunur, iddiaçı isə 60 manat məbləğində mediasiya xərcini ödədiyi üçün həmin məbləğdə dövlət rüsumu ödəməkdən azad olmuşdur. Ona görə də, qeyd edilən 41 manat məbləğində dövlət rüsumu artıq ödənildiyindən onun cavabdehdən tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 1270 (bir min iki yüz yetmiş) manat siğorta ödənişi və 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 1.370 (bir min üç yüz yetmiş) manat pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 110 manat, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar