Məhkəmə qərarları › İş №e-2-2(113)-1245/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1245/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1245/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 539 manat əsas borc, 53,9 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında K2021-046 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 539 manat əsas borc, 53,9 manat dəbbə pulu, cəmi 592,9 manat məbləğində borcun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilməmişdir. Əlavə olaraq bildirilir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı – satqı münasibətləri davam etmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, K2021-046 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və onun əvəzində malların satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

5. Müqavilənin 5.3-cü bəndinə görə alıcı qəbul etdiyi malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyat keçirilir.

6. Müqavilənin 5.4-cü bəndinə görə alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 10 %-dən artıq olmamaq şərtilə) məbləğində dəbbə pulu ödəyir.

7. 17.03.2022-ci il tarixli, 22-4648 nömrəli təhvil-təslim aktına görə cəmi 1534 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə çattdırılmışdır.

8. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBT 149801 nömrəli 1534 manat məbləğində elektron elektron qaimə təqdim edilmişdir.

9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, K2021-046 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

14. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 539 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 539 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, K2021-046 nömrəli müqavilənin 5.4-cü bəndinə əsasən hesablanmış 53,9 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

19. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 25 manat məbləğində müəyyən edilməlidir.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 539 manat əsas borc və 25 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 25 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 539 manat məbləğində əsas borc, 25 manat dəbbə pulu, 25 manat dövlət rüsumu, ümumilikdə 589 (beş yüz səksən doqquz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5 (beş) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar