Məhkəmə qərarları › İş №e-2-2(113)-1246/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1246/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1246/2023 24.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş V/K ensiz” markalı soyuducunun dəyərinin iki misli həcmində - 2.000 (iki min) manat məbləğində cərimə və çəkilmiş müdiasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2011-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri 1.000 manat olan “V/K ensiz” markalı 1 (bir) ədəd soyuducu "xxxx" MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında istifadəyə verən tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən İstifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyə verənin nəfinə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2011-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçı "xxxx" MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3334/2022 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2-2(113)-3334/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1246/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-2(113)-3334/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, soyuducunu sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verirlər. Cavabdehlə vergi ödəyicisi olması ilə əlaqədar VÖEN əsasında müqavilə bağlanılıb. Müqavilə bağladıqları vaxt qeyri-yaşayış sahəsinin faktiki kimin istifadəsində olması onları maraqlandırmır. Soyuducunu isə istənilən vaxt tələb edə bilərlər. Alıcı artıq malların satışı ilə məşğul olmadıqda, ödəniş edə bilmədikdə və ya ödənişi gecikdirdikdə soyuducunu geri götürürlər. Alıcı fəaliyyət göstərmirsə soyuducunun geri qaytarılmasını tələb edirlər. Bununla bağlı bildiriş, xəbərdarlıq göndərirlər. Soyuducunu təhvil vermək alıcının borcudur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh soyuducunun istifadəyə verildiyi mağazada sahibkar kimi fəaliyyət göstərməmişdir, mağaza başqa şəxslərin istifadəsində olmuşdur. xx.xx.2011-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədəki imza cavabdehə məxsus deyil, eləcə də soyuducunun təhvil-təslim sənədlərinə o imza atmamışdır. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh heç bir sənədi imzalamamış, malları və soyuducunu təhvil almamışdır. Ekspert rəyi iddia tələbinin əsassız olmasını sübuta yetirir. Məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq iddiaçı iclasda iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC (istifadəyə verən) ilə Cavabdeh (istifadəçi) arasında 21 fevral 2011-ci il tarixdə 4536 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən istifadəyə verən müqavilə şərtlərinə əsasən onun mülkiyyətində olan 1 ədəd, 1.000 manat dəyərində olan V/K ensiz tipli soyuducunu istifadəçinin əvəzsiz istifadəsinə verir. İstifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmkakın dəyərinin 2 mislini istifadəyəverənin nəfinə ödəyir. Müqavilə xitam edildikdə, əmlakı qəbul etdiyi vəziyyətə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Müqavilənin xitamı haqqında istifadəçi tələb irəli sürdükdə, o, əmlakın köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Müqavilə hər iki tərəfin adından imzalanmış və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh pretenziya məktubu göndərilərək soyuducuların əvəzsiz istifadəyə verilməsi barədə müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilərək soyuducunun qaytarılması tələb edilmiş və əks təqdirdə soyuducunun əvəzində 2000 manat məbləğində cərimənin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 4/367 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 110-111-ci vərəqlərində olan xx.xx.2011-ci il tarixli № 4536 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 2-ci vərəqinin arxa tərəfində “İstifadəçi” hissəsində “X3 Bakı ş. Xətai r-n Gəncə p-ti 69 m 59 AZE 0******* Xətai RPİ xx.xx.2009 xx.xx.1956 (012) ***-**-** ***-***-**-**” hərf və rəqəmli əlyazmaları - X3 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 110-111-ci vərəqlərindəolan xx.xx.2011-ci il tarixli № 4536 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 2-ci vərəqinin arxa tərəfində “İmza” qrafasındakı imzanı - X3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyin 2-ci bəndində qeyd edilmişdir ki, tədqiq olunan imza, ekspertizaya təqdim edilmiş mülki işin 110-111-ci vərəqlərində olan xx.xx.2011-ci il tarixli № 4536 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 2-ci vərəqinin arxa tərəfində "İmza” qrafasındakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanın tərkibi və əlaqəsi aşağıdakı kimidir: - Şərti “h” hərfi + hərf təşkil etməyən cizgilər + son cızıq. Tədqiq olunan imza orta-yüksək yazı vərdişi və sürəti ilə icra olunmuşdur. Hərf və cizgilərin ölçüləri və aralarındakı məsafə ortadır, şaquli oxa nisbətən meyli sağadır. İmzanın əsası xəttinin forması dalğavari, istiqaməti aşağıyadır. Tədqiq olunan imzanı X1 imza nümunələri ilə müqayisə etdikdə, bir sıra ümumi (imzanın tərkibində, vərdişində, sürətində, imzanın əsası xəttinin forma və istiqamətində) və aşağıdakı xüsusi əlamətlərdə uyğunluqlar müəyyən olundu: - quruluşuna görə (mürəkkəblik dərəcəsi); Şərti “h” hərfinin icrasında - bitmə hissəsi uzadılmaqla mürəkkəbləşdirilmişdir; - hərəkətin icra olunma formasına görə: Şərti “h” hərfinin 1-ci elementinin yuxarı hissəsinin icrasında - ilgəkvari hərəkətlə; - hərəkətin bitmə nöqtəsinin yerinə görə: son cızığın icrasında - sətr xəttindən aşağıda. Müqayisəedici tədqiqat zamanı yuxarıda göstərilən uyğunluqlarla yanaşı bir sıra ümumi (vərdiş, sürət, əsası xətti və s.) və aşağıdakı xüsusi əlamətlərdə fərqlər də müəyyən olundu: - hərəkətin birləşmə formasına görə: hərf təşkil etməyən cizgilər bir-biri ilə - tədqiq olunanda ilgəklə, nümunələrdə isə qayıdış düzxətlə və ya ilgəklə; - hərəkətin forma və istiqamətinə görə: son cızığın bitmə hissəsinin icrasında - tədqiq olunanda aşağı istiqamətli dalğavari hərəkətlə, nümunələrdə isə aşağı istiqamətli düzxətli hərəkətlə; - hərəkətin bitmə nöqtəsinin yerinə görə son cızığın icrasında – tədqiq olunanda sətr xəttindən aşağıda, nümunələrdə isə əsasən sətir xəttindən yuxarıda və ya aşağıda. Müqayisəedici tədqiqatın nəticələrini qiymətləndirdikdə müəyyən olundu ki, nə uyğunlaşdırıcı əlamətlər və nə də fərqləndirici əlamətlər ayrı-ayrılıqda müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan əlamətlər komplekslərini təşkil etmirlər. Həmçinin tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzanı X3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan əlavə eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 ilə aralarında 21 fevral 2011-ci il tarixli 4536 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin olmasına, həmin müqaviləyə əsasən 1 ədəd soyuducunun cavabdehə təhvil verilməsinə, sonradan tərəflərindən müqaviləyə birtərəfli xitam verilsə və soyuducu geri tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun 3 gün ərzində qaytarılmamasına istinad edir və əvəzsiz istifadəyə verilmiş V/K ensiz” markalı soyuducunun dəyərinin iki misli həcmində - 2.000 manat məbləğində cərimənin cavabdeh tərəfindən tutulmasını tələb edir. Cavabdeh tərəf isə buna etiraz edərək, müqavilədəki imzanın ona məxsus olmadığını, eləcə də soyuducunun təhvil-təslim sənədlərinə onun imza atmadığını, nə malları, nə də soyuducunu təhvil aldığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisə predmeti olan hal tərəflrər arasında soyuducunun əvəzsiz istifadəyə verilməsi barədə müqavilənin bağlanıbbağlanmaması və həmin müqavilə üzrə 1 ədəd soyuducunun cavabdehə təhvil verilibverilməməsi ilə bağlıdır. İddiaçı göstərilən faktları sübuta yetirmək üçün yalnız tərəflər arasında imzalanması ehtimal olunan 21 fevral 2011-ci il tarixli 4536 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləni məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədəki imzanın Cavabdeh tərəfindən icra edilməsini mübahisələndirmişdir. İş üçün əhəmiyyət kəsb edən göstərilən halın müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müqavilənin 2ci vərəqinin arxa tərəfində “İstifadəçi” hissəsində “X3 Bakı ş. Xətai r-n Gəncə p-ti 69 m 59 AZE 0******* Xətai RPİ xx.xx.2009 xx.xx.1956 (012) ***-**-** ***-***-**-**” hərf və rəqəmli əlyazmaların - X3 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu müəyyən edilmiş, müqavilənin 2-ci vərəqinin arxa tərəfində “İmza” qrafasındakı imzanı - X3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən (yuxarıda sadalanmış) səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşmaması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisəli müqavilədə imzanın cavabdeh tərəfindən icra olunubolunmaması müəyyən etmək mümkün olmadığından, həmin müqavilə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olması, eləcə də mübahisəli soyuducunun cavabdehin istifadəsinə verilməsi faktlarının müəyyən edilməsi üçün yetərli sübut deyil. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 732-ci maddəsinə görə əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.3-cü maddəsinə görə əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı halda iddiaçı soyuducunu qaytarmaq öhdəliyinin icra edilməməsinə görə cavabdehdən müqavilə şərtlərin uyğun dəbbə pulunun tutulması tələbini irəli sürsə də, nəinki cavabdehin sözügedən öhdəliyini icra etməməsini, hətta cavabdehin belə bir öhdəliyin yaranmasını və ən əsası da belə bir öhdəliyin əmələ gəlməsini şərtləndirən müqavilənin bağlanmasını sübuta yetirə bilmir. Belə olan halda tərəflər aralarında öhdəlik hüquq münasibətlərinin mövcud olmasının iş materialları ilə öz təsdiqini tapmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar