Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1249/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Alliance Logistics FZCO” şirkətinin cavabdehlər Cavabdeh MMC-nin Gürcüstan Filialı və Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, dəbbə pulu, vəkil xərci, mediasiya xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Alliance Logistics FZCO” şirkətinin cavabdehlər Cavabdeh MMC-nin Gürcüstan Filialı və Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Alliance Logistics FZCO” şirkəti cavabdehlər Cavabdeh MMC-nin Gürcüstan Filialı və Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ALF-050 saylı nəqliyyat ekspedisiya müqaviləsinə əsasən yaranmış 268166,40 ABŞ dolları məbləğində borcun, 02 oktyabr 2023-cü il tarixinə hesablanmış 917.129,09 ABŞ dolları məbləğində cərimənin, 2000 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin və ödənilmiş 1798 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Alliance Logistics FZCO-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Alliance Logistics FZCO” (Ekspeditor) ilə Cavabdeh MMC-nin Gürcüstanda olan filialı (Sifarişçi) arasında 21 dekabr 2018- ci il tarixli ALF-050 saylı Nəqliyyat ekspedisiya Müqaviləsi imzalanmışdır. Müqaviləyə və Müqavilə üzrə Sifarişçinin verdiyi sifarişlərə əsasən Ekspeditor Sifarişçiyə nəqliyyat ekspedisiya xidmətləri təqdim etmiş, Sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiçının müqavilə üzrə öhdəliklərini (xidmətləri) tam və vaxtında yerinə yetirməsinə, eləcədə bu Xidmətləri Sifarişçiyə təhvil verməsinə baxmayaraq, cavabdehlər müqavilənin 2.2-ci bəndi üzrə razılaşdırılmış xidmət haqqı ödənişlərini yerinə yetirmək öhdəliyini tam icra etməmişdir. Bunun nəticəsində icra edilmiş sifarişlərə görə 268 166,40 ABŞ dolları məbləğində borc yaranmışdır. Sözügedən müqavilədə Sifarişçi tərəfindən ödəmə öhdəliyinin təmin edilməsi üçün dəbbə pulu (cərimə) üsulu tətbiq edilmişdir. Müqavilənin 4.1.5.-ci maddəsinə əsasən daşınma üçün təqdim edilmiş hesab-fakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında cavabdehlər tərəfindən dəbbə pulun ödənilməsi nəzərdə tutulmuşdur. 02 oktyabr 2023-cü il tarixinə dəbbə pulu (cərimə) 917129,09 ABŞ təşkil edir. Dəfələrlə yaranmış borc öhdəliyinin danışıqlar yolu ilə həll edilməsi üçün Cavabdeh MMCnin Gürcüstanda olan filialına və Cavabdeh MMCyə xx.xx.2022-ci il tarixli A# 03070417 nömrəli pretenziya məktubları və ona qoşma edilmiş hesab fakturalar göndərilmişdir, daha sonra isə Cavabdeh MMC-yə xx.xx.2023cü il tarixində ALF/L/18-2023/o nömrəli, "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixində ALF/L/19-2023/o nömrəli yaranmış öhdəliyinin yerinə yetirilməsi barədə məktublar göndərilmişdir, lakin heç bir nəticə əldə olunmamışdır. Sonuncu dəfə cavabdehlərə yaranmış borcun və cərimlərəin ödənilməsi üçün 02 oktyabr 2023-cü il tarixində pretenziya ünvanlanmışdır. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli üzləşmə aktlarında tərəflər arasında yaranmış borc öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş tərəflər arasında aparılan yazışmalar, cavabdehlərə ünvanlanmış hesab fakturalar və pretenziyalar, tərəflər arasında imzalanmış üzləşmə aktları ilə cavabdehlərin yaranmış borcu tam sübuta yetirir. İddiaçı tərəfindən öhdəliklər tam icra olunduğundan və öhdəliyin icrasına cavabdehlər tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən (üzləşmə aktları qoşmaya əlavə edilir) müqavilə üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən ALF-050 saylı xx.xx.2018-ci il tarixli müqavilənin (bundan sonra “Müqavilə”) 3.2,1-ci maddəsinə əsasən, Sifarişçi İcraçı tərəfindən xidmətlərin göstərilməsi üçün xidmətlərdən əvvəl yazılı detallı sifarişi təqdim etməlidir. Sifarişdə müqavilənin 3.2.6-ci bəndində göstərilən bütün məlumatlar öz əksini tapmalıdır. Eyni zamanda müqavilənin 3.1.1-ci bəndinə əsasən ekspeditor xidmətləri yalnız Sifarişçinin sifarişi əsasında göstərilir. Bundan əlavə, Müqavilənin 1.2-ci bəndinə və ödəniş şərtlərinə əsasən, xidmətlərin siyahısı, icra müddətləri, malların adları və miqdarı, marşrut bu Müqavilənin əlavələri ilə müəyyən olunur və xidmətlər Sifarişçi tərəfindən 100% avans ödənildikdən sonra İcraçı tərəfindən həyata keçirilir. İddiaçı isə öz iddia tələbini yalnız invoys və üzləşmə aktları ilə əsaslandıraraq, məhkəməyə nə Cavabdeh MMC-nin Gürcüstan filialının xidmətlər üçün sifarişləri, nə də ki, müqaviləyə əlavələri təqdim etməmişdir. Belə olan halda, sual yaranır, əgər cavabdeh tərəfindən müqavilə üzrə xidmətlərin göstərilməsinə dair sifariş və ödənişlər təqdim edilməmişdirsə, iddiaçı hansı məqsədlərlə bu xidmətləri göstərmişdir? İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən öz öhdəliklərin icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən töhfə vermiş və nəticədə ağıla sığışmayan və süni şişirdilmiş borc yaranmışdır. İddiaçı, iddia ərizəsində göstərilən 268166,40 ABŞ dolları məbləğində əsas borcunu yalnız xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə aktları ilə əsaslandırır. Həmin aktlarda Cavabdeh MMCnin Gürcüstan filialı adından Sohrab Ağalarlının imzası qeyd olunsa da, onun cavabdeh adından bu cür sənədlərin imzalanması səlahiyyətin olub-olmamasına dair etibarnamə təqdim edilməmişdir. Həmçinin müqavilənin 4.1.7-ci bəndinə əsasən, tərəflər arasında tərtib edilən üzləşmə aktlarında göstərilmiş xidmətlər barədə tam məlumat göstərilməklə, müvafiq kodlar, nəqliyyat vasitələrin növləri, nömrələri və mənsubiyyəti, mal-nəqliyyat qaimələrin nömrələri, göndəriş və təyinat məntəqələri, yüklərin təsviri və kodları, çəkisi qeyd olunmalıdır. Göründüyü kimi, iddiaçının öz iddia tələblərinin yeganə əsaslandırılması kimi istinad etdiyi Aktlar tərəflərin müqavilədə razılaşdırdıqları formaya uyğun olmadığına və həmin sənədlərin həqiqliyini, səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmamasım müəyyən etmək mümkün olmadığından, bu cür sənədlər sübut kimi qəbul edilə bilməz.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən “Alliance Logistics FZCO” şirkətinin nümayəndəsi Vəkil iddianın məzmununa uyğun çıxış edərək tam təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktında olan imza Cavabdeh MMC-nin Gürcüstan filialının rəhbəri olan Sohrab Ağalarlının deyil, ADY Konteyner MMC-nin Kommersiya Departamentinin rəisi olan Orxan Həsənliyə aiddir. İkinci xx.xx.2022-ci il tarixli üzləşmə aktında olan imza Cavabdeh MMC-nin Gürcüstan filialının rəhbəri olan Sohrab Ağalarlının imzasına oxşayır. Möhürdə problem yoxdur, möhür həqiqətən Cavabdeh MMC-nin Gürcüstan filialına məxsusdur.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Formalaşma sertifikatı adlı sənəddən görünür ki, qeydiyyat nömrəsi 5210 olan Alliance Logistics FZCO xx.xx.2015-ci tarixində yaradılmışdır.
8. Dubay X2 İdarəsi tərəfindən verilmiş Dubay höküməti Xidmət Lisenziyası adlı sənəddən görünür ki, "xxxx" FZCO-nun hüquqi statusu – X8 Məhdud Məsuliyyətli Cəmiyyətidir, X6 X7 X2 Təşkilatının üzvüdür.
9. “Alliance Logistics FZCO” (Ekspeditor) şirkəti ilə Cavabdeh MMC-nin Gürcüstan filialı (Sifarişçi) arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli ALF-050 saylı Nəqliyyat ekspedisiya müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən ekspeditor müştərinin tələbi ilə aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya icrasını təşkil etməyi, sifarişçi isə bu xidmətlərə görə ekspeditora ödəniş etməyi öhdəsinə götürür. Hər bir xidmətin şərtləri və dəyəri müqaviləyə əlavələrdə öz əksini tapacaqdır.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin siyahısı və müddəti, yükün/malların adı, daşınan yüklərin/malların marşurutları və miqdarı bu Sazişə əlavələrə uyğun olaraq müəyyən edilir.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən müştəri ekspeditorun hesab-fakturalarına uyğun olaraq xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürür.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən müştəri hesab-fakturanı aldıqdan dərhal sonra, istənilən halda xidmətlərin başlanmasına 3 təqvim günündən gec olmayaraq ekspeditorun bank hesabına nağdsız vəsait köçürməklə tələb olunan xidmətlər üçün 100% qabaqcadan ödəniş etməyi öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, yalnız ekspeditor tərəfindən avans ödənişi alındıqdan sonra müştərinin ərizəsi icraya qəbul ediləcək.
14. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə xidmətlərin dəyəri müqaviləyə əlavələrdə müəyyən edilir.
15. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə çərçivəsində göstərilən xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən edilir. Ödəniş valyutası ABŞ dolları və ya bu müqaviləyə əlavələrdə tərəflər tərəfindən razılaşdırılmış digər valyutadır.
16. Müqavilənin 4.1.5-ci bəndinə əsasən ekspeditorun hesab-fakturasının vaxtında ödənilməməsi halında sifarişçi hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0.5%-i miqdarında cərimə ödəməyə borcludur.
17. Müqavilənin 6.2-ci bəndinə əsasən mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadığı hallarda bu müqavilədən/və ya onun əlaqədar yaranan bütü fikir ayrılıqları Azərbaycan Respublikasının müvafiq məhkəməsinə təqdim edilməlidir.
18. 12.03.2019-cu il tarixli, FAK-F-1903-0047 saylı fakturaya əsasən “Alliance Logistics FZCO” şirkəti tərəfindən “ADY Container” Gürcüstan filialı üçün 14299,56 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1904-0074 saylı fakturaya əsasən 25734,37 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1905-0083 saylı fakturaya əsasən 516288,45 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1905- 0123 saylı fakturaya əsasən 30564,28 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1907-0011 saylı fakturaya əsasən 46043 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1907-0116 saylı fakturaya əsasən 157443,46 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1908-0028 saylı fakturaya əsasən 174833,37 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1909-0115 saylı fakturaya əsasən 382961,71 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1910-0009 saylı fakturaya əsasən 316856,66 ABŞ dolları dəyərində, FAK-F-1910-0010 saylı fakturaya əsasən 58.91 ABŞ dolları dəyərində,xx.xx.2019-cu il tarixli, FAK-F-1911-0082 saylı fakturaya əsasən 356626,73 ABŞ dolları dəyərində, xx.xx.2019-cu il tarixli, FAK-F-1912-0037 saylı fakturaya əsasən 155.93 ABŞ dolları dəyərində, həmin tarixli FAK-F-1912-0038 saylı fakturaya əsasən 444830,33 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2001- 0036 saylı fakturaya əsasən 617,93 ABŞ dolları dəyərində, həmin tarixli FAK-F-2001- 0038 saylı fakturaya əsasən 426507,53 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2002-0067 saylı fakturaya əsasən 527920,71 ABŞ dolları dəyərində, həmin tarixli, FAK-F-2002-0068 saylı fakturaya əsasən 196,44 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2002-0095 saylı fakturaya əsasən 3061,33 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2003-0010 saylı fakturaya əsasən 483886,27 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2004-0109 saylı fakturaya əsasən 281931,89 ABŞ dolları dəyərində,həmin tarixli, FAK-F-2004-0110 saylı fakturaya əsasən 935,56 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2005-0047 saylı fakturaya əsasən 287886,04 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2006-0064 saylı fakturaya əsasən 249695,12 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2007- 0061 saylı fakturaya əsasən 54455,47 ABŞ dolları dəyərində, həmin tarixli, FAK-F- 2007-0062 saylı fakturaya əsasən 935,56 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2008-0003 saylı fakturaya əsasən 99 ABŞ dolları dəyərində həmin tarixli FAK-F- 2008-0048 saylı fakturaya əsasən 5620,52 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2009-0065 saylı fakturaya əsasən 9518,28 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2010-0035 saylı fakturaya əsasən 174,1 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2010-0013 saylı fakturaya əsasən 61,87 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2011-0059 saylı fakturaya əsasən 207,42 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli, FAK-F-2012-0068 saylı fakturaya əsasən 844,68 ABŞ dolları dəyərində, xx.xx.2021-ci il tarixli, FAK-F-2101-0058 saylı fakturaya əsasən 563,12 ABŞ dolları dəyərində, xx.xx.2021-ci il tarixli, FAK-F-2102-0067 saylı fakturaya əsasən 21751,86 ABŞ dolları dəyərində, xx.xx.2021-ci il tarixli, FAK-F-2106- 0002 saylı fakturaya əsasən 739,92 ABŞ dolları dəyərində, xx.xx.2021-ci il tarixli, FAK- F-2111-0002 saylı fakturaya əsasən 1712 ABŞ dolları dəyərində beynəlxalq quru yük daşıma xidmətləri göstərilmişdir.
19. 25.07.2019-cu il tarixli sifariş orderinə əsasən “ADY Container” Gürcüstan filialı tərəfindən Potidən-Abşeron istiqmətində, xx.xx.2019-cu il tarixli sifariş orderinə əsasən Potidən-Abşeron istiqamətində, xx.xx.2019-cu il tarixli sifariş orderinə əsasən Tbilisidən- Abşeron istiqamətində, xx.xx.2020-ci il tarixli sifariş orderinə əsasən Aktatu Portdan-Poti istiqamətində, xx.xx.2020-ci il tarixli sifariş orderinə əsasən Aktatu Portdan-Poti istiqamətində, xx.xx.2020-ci il tarixli sifariş orderinə əsasən Abşerondan-Poti istiqamətində, xx.xx.2020-ci il tarixli sifariş orderinə əsasən Ahalkalaki-Uluqbek istiqamətində yük daşıma xidmətlərinin həyata keçirilməsi üçün “Alliance Logistics FZCO” şirkətinə sifarişlər verilmişdir.
20. xx.xx.2021-ci il tarixli razılıq aktına əsasən “ADY Container” Gürcüstan filialının “Alliance Logistics FZCO” şirkətinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borcunun 268.166,40 ABŞ dolları məbləğində olması müəyyən edilmiş və həmin akt hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imza və möhürlə təsdiqlənmişdir.
21. xx.xx.2022-ci il tarixli razılıq aktına əsasən “ADY Container” Gürcüstan filialının “Alliance Logistics FZCO” şirkətinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borcunun 268.166,40 ABŞ dolları məbləğində olması müəyyən edilmiş və həmin akt hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imza və möhürlə təsdiqlənmişdir.
22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
26. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
27. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
28. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
29. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
30. İşdən göründüyü kimi “Alliance Logistics FZCO” (Ekspeditor) ilə Cavabdeh MMC-nin Gürcüstanda olan filialı (Sifarişçi) arasında 21 dekabr 2018- ci il tarixli ALF- 050 saylı Nəqliyyat ekspedisiya Müqaviləsi imzalanmışdır. Müqaviləyə və Müqavilə üzrə Sifarişçinin verdiyi sifarişlərə əsasən Ekspeditor Sifarişçiyə nəqliyyat ekspedisiya xidmətləri təqdim etmiş, Sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiçının müqavilə üzrə öhdəliklərini (xidmətləri) tam və vaxtında yerinə yetirməsinə, eləcədə bu Xidmətləri Sifarişçiyə təhvil verməsinə baxmayaraq, cavabdehlər müqavilənin 2.2-ci bəndi üzrə razılaşdırılmış xidmət haqqı ödənişlərini yerinə yetirmək öhdəliyini tam icra etməmişdir. Bunun nəticəsində icra edilmiş sifarişlərə görə 268 166,40 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır.
31. İşdə olan sifariş orderlərindən göründüyü kimi iddiaçı tərəfindən müxtəlif istiqamətlər üzrə daşıma xidmətləri göstərilmiş, eyni zamanda həmin xidmətlərə dair hesab-faktura təqdim edilmişdir. Cavabdeh tərəf də öz növbəsində göstərilmiş xidmətlər üzrə qismi ödənişlər etmişdir.
32. Bundan əlavə tərəflər arasında imzalanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli üzləşmə aktları ilə də yaranmış borc məbləği öz təsdiqini tapmışdır.
33. Həmçini məhkəmə hesab edir ki, cavabdehin birinci üzləşmə aktını səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması ilə bağlı irəli sürmüş olduqları dəlil də əsassızdır və sadəcə borcun ödənilməsinin yayınılmasına xidmət edir. İddiaçı tərəfindən təqdim edilmiş hər iki akt cavabdeh qurumun filialının möhürü ilə təsdiqlənmişdir. Buna görə də aktın etibarsızlığı üçün əsas olmamışdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, sifarişlər, hesab-fakturalar, üzləçmə aktları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 268166,40 ABŞ dolları borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
35. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli ALF-050 saylı Nəqliyyat ekspedisiya müqavilənin 4.1.5-cı bəndinə əsasən hesablanmış 917129,09 ABŞ cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
38. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 13408 ABŞ məbləğində müəyyən edilməlidir.
40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 268166,40 ABŞ əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 268166,40 ABŞ əsas bоrc, 13408 manat dəbbə pulu borcu tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər qismində Cavabdeh MMC-nin Gürcüstan Filialı və Cavabdeh MMC göstərilsə də iddia üzrə təmin olunan məbləğlər Cavabdeh MMC-dən tutulmalıdır.
42. Belə ki, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
43. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.
44. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
45. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.
46. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri, dövlət rüsumu əvəzi olaraq 1398 manat və 2000 manat məbləğində vəkil xərci ödənilmişdir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 1000 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə və dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 1798 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, ALF-050 nömrəli müqavilə üzrə 268.166,40 ABŞ dolları (iki yüz altmış səkkiz min yüz altmış altı ABŞ dolları, 40 sent) əsas borc məbləği, 13408 (on üç min dörd yüz səkkiz) ABŞ dolları dəbbə pulu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 1000 (bir min) manat və dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 1798 (bir min yeddi yüz doxsan səkkiz) manat tutularaq iddiaçı “Alliance Logistics FZCO” şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova